Bu qlobal bəladan xilas olmaq üçün vətəndaşlar məsuliyyətli olmalı, qaydalara və tələblərə əməl etməlidirlər
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma statistikası durmadan yenilənir. Yoluxma sürəti artan templə irəliləyir. Təəssüflər olsun ki, bəşəriyyəti cənginə alan COVID-19-a yoluxma halları Azərbaycanda da davam etməkdədir. Odur ki, bu ümumi bəladan xilas olmaq üçün vətəndaşlar da məsuliyyətli olmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qayda və tələblərə, müvafiq metodiki göstərişlərə əməl etməlidirlər.
Məlum olduğu kimi, COVID-19 pandemiyası insanların nəinki həyat və sağlamlığı üçün təhlükə yaradıb, hətta hər kəsi olduqca çətin psixoloji vəziyyətə salıb.
Öz növbəsində bu məqama toxunan psixiatr İkram Rüstəmovun sözlərinə görə, COVID-19 həm də psixi pandemiyadır. Koronafobiya məsələsinə toxunan psixiatr bildirib ki, “Fobiya geniş anlayışdır. Yəni hər şeyə qarşı fobiya ola bilər. Məsələn, qapalı sahə qorxusu, hörümçək qorxusu və s. Bütün bunlar fobiyanın, təşviş hissinin simptomlarıdır. Koronavirus fobiyasını da təşviş pozuntusu adlandıra bilərik. Bütün fobiyalar kimi koronafobiya da psixoloji metodlarla, bəzən müəyyən dərmanlarla müalicə oluna bilər. Düzgün maarifləndirmə bu təşvişin qarşısını almağa kömək edə bilər”.
“Hər deyilənə inanmamaq, hər şeyə təşvişli yanaşmamaq faydalıdır. İnsanın həyat standartının bir gedişatı var, biz bu gedişata onsuz da təsir göstərə bilmirik. Daha çox məlumatlanıb özümüzdəki təşviş və gərginliyi artırmağa dəyməz. Xüsusilə psixi həssaslığınız varsa, internetə, saytlara çox baxmamaq, maarifləndirmə ilə dezinformasiyaya məruz qalmaq arasındakı xətti düzgün çəkmək lazımdır”, - deyə psixiatr söyləyib.
Ankara Hacettepe Universitetinin Anesteziya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova isə bildirib ki, TƏBİB-in məsləhətlərinə çox ciddi riayət etmək lazımdır: “Koronavirus (COVID-19) kimi tənəffüs yolu virusları virusu daşıyan selik və ya hava damcıları göz, burun və ya boğaz vasitəsilə bədəninizə daxil olduqda yayılır. Əksər hallarda bu, əlləriniz vasitəsilə baş verir. Əllər virusun bir nəfərdən digərinə yoluxmasına şərait yaradan əsas vasitələrdən biridir. Vvirusun yoluxmasının qarşısını almağın ən ucuz, ən asan və ən vacib yollarından biri əlləri tez-tez sabun və su ilə yumaqdır. Əllərinizin hər tərəfini, o cümlədən arxa hissəsini, barmaqların arasını və dırnaqların altını ən az 20 saniyə ərzində ovuşdurun. Əllər üçün tərkibində ən az 60% spirt olan dezinfeksiyaedici vasitədən istifadə edin. Ümumilikdə, düzgün şəkildə istifadə olunduğu müddətdə həm əlləri sabun və su ilə yumaq, həm də dezinfeksiyaedici vasitədən istifadə etmək əksər mikrob və patogenlərin öldürülməsində həddindən artıq effektivdir. Dezinfeksiyaedici vasitə, adətən çöldə olduğunuz zaman istifadə üçün daha rahatdır”.
MÜŞFİQƏ
- Oxunub: 2100 |
- Tarix: 19-11-2020 |
-
Çap et |