Hazırda kəskin respirator virus infeksiyalarının mövsümü artım dövrüdür. Ekspertlər qeyd edirlər ki, yeni növ koronavirus (COVID-19) və digər respirator virus infeksiyalarının klinik əlamətləri o qədər oxşardır ki, bunları ayırd etmək çox çətindir və bəzən isə xüsusi laborator müayinələrsiz mümkün deyil. Tövsiyə olunur ki, insanlar özlərində hərarət, ümumi zəiflik hiss etdikdə evdə qalsınlar, özlərini təcrid edərək telefonla sahə həkiminə müraciət etsinlər. Yeni növ koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir.
26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova deyib ki, COVID-19-un simptomları axıntılı burun, öskürək, boğaz ağrısı və bəzən hərarət kimi hər hansı yuxarı tənəffüs yolu infeksiyasına bənzəyir. Xəstəlik laboratoriya müayinələri, o cümlədən burun və boğazdan gələn axıntılar, qan analizləri nəticəsində aşkar edilir.
Həkim-infeksionist bildirib ki, infeksion xəstəliklərdən qorunmaq üçün gigiyenik qaydalara əməl etmək vacibdir: “Koronavirus mikroorqanizmlər ailəsinin bir növüdür. Onun törətdiyi fəsadlar qrip infeksiyasından daha ağır gedir, tənəffüs yolları və ağciyər zədələnir. Ümumiyyətlə, infeksion xəstəliklərdən qorunmaq üçün gigiyenik qaydalara əməl etmək vacibdir. Qrip xəstələri öskürərkən və ya asqırarkən ağız və burunlarını mütləq örtməlidirlər. Valideynlərə payız-qış mövsümündə respirator xəstəliklərin artdığı vaxtda da evdən çıxmadan və evə daxil olarkən heç nəyə toxunmadan övladlarının əllərini yumasını təmin etmək tövsiyə olunur. Şübhəsiz ki, maarifləndirmə tədbirlərinin aparılması burada da çox əhəmiyyətlidir. Uşaqlara yoluxma yolları və ondan qorunmaq üçün qaydalara əməl olunması aşılanmalıdır. Bunlara əməl etdikdə uşaqlar özlərini qoruya bilərlər”.
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov isə bildirib ki, xəstəlik haqqında kifayət qədər məlumatlı olanların və onların yaxın ətraflarının virusa yoluxma faizi digərlərinə nisbətən daha azdır: “Bu, onu göstərir ki, bu sahədə maariflənmə çox böyük əhəmiyyət daşıyır. Virusa yoluxmaq ehtimalı ilə hər yerdə üzləşməyin mümkünlüyünü qətiyyən unutmaq olmaz. İnsanların evdən kənarda, yəni ictimai nəqliyyatda və vətəndaşların toplaşdığı məkanlarda gigiyenaya əməl etdiklərinə, maska taxdıqlarına şahid oluram. Lakin qohumlar bir yerə toplaşanda çox vaxt bu qaydalara əməl etməyi unudurlar. Sanki, onlarda qohumların virus daşıyıcısı olmadığı və yoluxdura bilmədiyi təəssüratı formalaşır. Azərbaycanda ailədaxili yoluxmalar çox qeydə alınırdı. Bunun başlıca səbəbi insanların öz yaxınlarını virus təhlükəsi kimi görməməsi idi. Halbuki qaydalara istisnasız olaraq hər kəsin və hər yerdə əməl etməsi yoluxmaların qarşısını ala bilər”.
Həkim-infeksionist bildirib ki, payız-qış mövsümü virusmənşəli və bakterialmənşəli respirator xəstəliklərin artdığı bir mövsümdür: “Respirator xəstəliklərin əlamətləri bir-birinə çox yaxındır. Həmin xəstəliklər nəticəsində qızdırma, öskürək və halsızlıq kimi əlamətlər müşahidə olunur. Burada ən vacib tədbir sosial məsafənin gözlənilməsi və qoruyucu tibbi maskanın taxılmasıdır. COVID-19 xəstəliyinə qarşı tətbiq olunan qaydalara ciddi əməl olunması respirator xəstəliklərə yoluxma riskini xeyli azaldacaq”.
MÜŞFİQƏ
- Oxunub: 2220 |
- Tarix: 13-11-2020 |
-
Çap et |