Bakı sakinləri Azərbaycanın tarixi zəfərini böyük qürurla, sevinclə və coşquyla qarşıladılar
Azərbaycan xalqı tarixi günlərini yaşayır. Noyabrın 10-u Azərbaycan tarixinə şanlı, qürurlu və şərəfli səhifə kimi, Qələbə günü kimi əbədi həkk olundu. Azərbaycan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı, tarixi zəfər qazandı. Bu qələbəni bizə rəşadətli Azərbaycan Ordusu, onun qəhrəman əsgər və zabitləri yaşatdı.
Böyük qələbənin əldə olunması ilə respublikamızın şəhər və rayonlarında vətəndaşlar küçələrə çıxaraq bu tarixi günün sevincini bölüşüblər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciət edərək şanlı qələbə xəbərini verməsi bütün Azərbaycan xalqı, o cümlədən Bakı sakinləri tərəfindən də sevinc hissi ilə qarşılanıb. Əllərində Azərbaycan bayraqları olan, Qarabağ şüarları səsləndirən insanlar böyük coşqu ilə şəhərin küçələrində qələbə yürüşünə qoşulublar. Şəhərin hər tərəfindən “Yaşasın Müzəffər Ali Baş Komandan!”, “Yaşasın qəhrəman Azərbaycan Ordusu”, “Qarabağ Azərbaycandır!”, “Qələbə bizimdir!” sədaları eşidilib. Çoxsaylı insan kütləsi şəhərin mərkəzi prospektlərində arxa-arxaya düzülmüş maşınların müşayiəti ilə yürüş keçiriblər. Əllərində Müzəffər Ali Baş Komandanın portreti, Azərbaycan və Türkiyə bayraqları tutan gənclər ordumuzla, dövlətimizlə qürur duyduqlarını bildiriblər. Böyükdən kiçiyə hər kəs Şəhidlər xiyabanına üz tutaraq şəhidlərimizi yad ediblər.
Beləliklə, Azərbaycanın şərəfli tarixi günlərini yaşadığı bir vaxtda “Yeni Azərbaycan” qəzeti olaraq paytaxt sakinlərinin sevincini oxucularımızla bölüşmək istədik.
Şəhərin gözəlliyinə gözəllik qatan üçrəngli bayraqlarımızı qürurla izləyərkən diqqətimizi Xalq artisti Azərinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısı çəkdi. Mahnının sədaları altında həmin məkana üz tutduq. Üçrəngli bayrağımızla bəzədilən butikin sahibi Adil Umarovun sözlərinə görə, bu bayraqlar hər zaman burada asılı olaraq qalıb və qalacaq. O, böyük sevgi və coşqu içində öz duyğularını bölüşərək bu qələbəni bizə rəşadətli Azərbaycan Ordusunun, onun qəhrəman əsgər və zabitlərinin yaşatdığını deyib: “İyirmi səkkiz illik torpaq həsrəti başa çatdı. Şanlı ordumuz zəfər yürüşü ilə qələbə sevincini Azərbaycana yaşatdı. Şəhidlərimizin qisası alındı. Bir sözlə, 10 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Torpaqlarımız işğaldan azad edildi. Bu günü bizə yaşadan Ali Baş Komandana, Ordumuza minnətdarıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz bizlərə bu sevinc hisslərini bəxş etdiyi üçün onlara təşəkkür edirik”.
Əllərində ay-ulduzlu bayrağımızı dalğalandıran şəhər sakini Mehin Həmidova isə bildirib ki, bu, bizim ən böyük qələbəmizdir: “Şuşa işğaldan azad olunan gün övladlarımla birlikdə Şəhidlər Xiyabanına gəldik. Azərbaycanın incisi Şuşanın azad olunması torpaqlarımız uğrunda mübarizədə mühüm əhəmiyyət kəsb edirdi. Şükürlər olsun ki, azad olunan ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı yenidən dalğalandı. Əldə etdiyimiz zəfər nəticəsində məcburi köçkün olan vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Şanlı ordumuzun zəfər yürüşü sayəsində torpaqlarımız düşmən tapdağından azad edilib, şəhidlərimizin qisası alınıb”.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın qələbəsi ilə son qoyulur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Odur ki, bir azərbaycanlı kimi böyük qürur hissi duyur, ürəkdən sevinirik”. Bunu isə könüllü əsgər anası Sona Əliyeva qəzetimizə açıqlamasında bildirib.
O deyib: “Oğlum bu döyüşlərdə könüllü olaraq döyüşə yollandı və bu gün bütün şəhidlərimizin qisası alındı, sevincimizin həddi-hüdudu yoxdur, torpaqlarımız azad olundu. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və biz tarixi torpaqlarımıza, doğma Qarabağımıza qayıdırıq. Gözün aydın olsun, əziz xalqım! Savaşımız haqq savaşıdır deyə qələbəmiz də haqqın qələbəsidir”.
Müşfiqə BAYRAMLI
- Oxunub: 1470 |
- Tarix: 11-11-2020 |
-
Çap et |