Ekspertlər hesab edirlər ki, infeksiyanın geniş yayıldığı şəhər və rayonlarımızda tətbiq olunan yeni qaydalar ölkəmizdə sanitar-epidemioloji vəziyyəti sabitləşdirmək, xəstəliyin digər ərazilərdə yayılmasını mümkün qədər məhdudlaşdırmaq məqsədi daşıyır
Məlum olduğu kimi, dünya ölkələrində COVID-19 pandemiyasının geniş yayılması, koronavirus infeksiyasına yoluxma və ölüm hallarının kəskin artması müşahidə olunur. Bununla əlaqədar olaraq, bir çox ölkələr xüsusi karantin rejimləri tətbiq edir, qaydaları sərtləşdirirlər. Azərbaycan dövləti də koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu gün yaradılmış tibbi infrastruktur, ölkəmzin potensial imkanları pandemiya ilə əlaqədar yaranan çətinliklərin öhdəsindən gəlməyə və vəziyyəti nəzarətdə saxlamağa tam şərait yaradır.
Qeyd edək ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxanların sayında artım müşahidə edilir, sanitar-epidemoloji durum pisləşir. İnfeksiyanın yayılma sürəti isə bir sıra vacib məhdudlaşdırıcı tədbirlərin görülməsini zəruri edir. Mövcud vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, infeksiyanın geniş yayıldığı şəhər və rayonlarımızda tətbiq olunan yeni qaydalar ölkəmizdə sanitar-epidemioloji vəziyyəti sabitləşdirmək, xəstəliyin digər ərazilərdə yayılmasını mümkün qədər məhdudlaşdırmaq məqsədi daşıyır. Xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində müxtəlif sahələr və istiqamətlər üzrə fəaliyyətin dayandırılması da bu məqsədə xidmət edir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti hər zaman olduğu kimi, müharibə şəraitində olduğumuz bir dövrdə də əhalinin sosial təminatı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır və bununla bağlı zəruri tədbirləri davam etdirir: “Xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayonda muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək, həmçinin işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmələr ediləcək”.
“Müharibə şəraitində olduğumuz bir vaxtda biz, yaxınlarımız, ailə üzvlərimizlə bərabər, həm də torpaqlarımızın işğalçılardan təmizlənməsi uğurunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən əsgər və zabitlərimizi düşünməliyik. Çünki COVID-19-un geniş yayılması onların sağlamlığı üçün də ciddi təhlükə yaradır. İaşə obyektləri, ictimai nəqliyyat, istənilən qapalı məkan, insanların sıx toplaşdığı yerlər infeksiyaya yoluxmaq üçün əlverişli məkanlardır. Vətəndaşlarımız kütləvi tədbirlərdə iştirakdan çəkinməli, iştiraka ciddi zərurət yarandığı hallarda isə qoruyucu vasitələrdən mütləq istifadə etməlidir. Ümumilikdə isə, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etmək, sosial məsafəni gözləmək, tibbi maskalardan istifadə etmək, şəxsi gigiyena qaydalarına əməl etmək hamımızın borcudur”, - deyə K.Əliyeva vurğulayıb.
“30 ilə yaxındır düşmən tapdağında olan bir sıra şəhər, kənd və vacib yüksəkliklərin erməni vandallarından xilası hər bir Azərbaycan vətəndaşının ürəyini dağa döndərir. Düşməni öz döyüşkən ruhu, qəzəbi və amansız mübarizəsi ilə lərzəyə salan ordumuza dəstək üçün xalqımızın həmrəyliyi, ön cəbhədə əsl qəhrəmanlıq göstərən oğullara dəstək məqsədilə hər kəsin bir yumruq kimi birləşməsi, eyni hədəfə vurulan zərbələr mənfur qonşularımız və onların havadarlarının ciddi narahatlığına səbəb olur. Hər kəs uzun illər keçsə də, nəsillər dəyişsə də bu xalqın qəlbindən vətən, torpaq sevgisinin heç bir vəchlə silinmədiyinin, Azərbaycan oğullarının döyüş meydanında sərgilədiyi rəşadətin şahididir. Son zamanlar bütün diqqətimiz torpağımızın düşmən tapdağından azad edilməsi uğrunda döyüşlərə yönəldiyi üçün neçə aydır aramızda dolaşan “gözə görünməyən” düşmənə - yeni növ koronavirus infeksiyasına qarşı ayıq-sayıqlığımızı bir az itirmişik. Xüsusi karantin rejiminin qaydalarına, mütəxəssislərin aylardan bəri dönə-dönə verdiyi tövsiyələrə əməl etməyi sanki axsatmışıq”. Bu fikirləri isə “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov deyib.
F.Xəlilov bildirib ki, kütləvi toplanma halları artıb, maskanın istifadəsi ya azalıb, ya da düzgün istifadə olunmaması halları artıb, sosial məsafə gözlənilmir. Bunun da nəticəsi artan yoluxma göstəriciləridir. Payız-qış mövsümündə belə laqeyd yanaşma, xüsusilə təhlükəlidir. Ona görə də baş verəcək fəsadlaşmaların qarşısını almaq üçün hər kəs gecikmədən vətəndaş məsuliyyəti nümayiş etdirməlidir. Hər birimiz kütləvi toplaşma yerlərindən bacardıqca kənar olmalı, vətəndaşların sıx olduğu yerlərdə maskadan düzgün istifadə etməli, əl gigiyenasına riayət etməli, sosial məsafə saxlamalı və ətrafdakılara nümunə olmalıyıq. O zaman virusun bizi üstələməsinin qarşısını ala bilərik.
Ekspert vətəndaşları Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməyə çağırıb: “Bunlar əsasən, şəxsi gigiyena qaydalarına söykənir ki, biz adi həyatımızda da həmişə bunu rəhbər tutmalıyıq. Hazırda həmin qaydalara əməl etməyənlər də az deyil. Ümumiyyətlə, insan o qaydalara, tələblərə qarşı məsuliyyətli olur ki, onlara uşaqlıqdan vərdiş etsin. Vərdişlər bildiyimiz kimi əsas etibarilə uşaqkən yaranır və insanın həyat tərzinə çevrilir”.
Nardar BAYRAMLI
- Oxunub: 1470 |
- Tarix: 07-11-2020 |
-
Çap et |