Ana səhifə »  Sosial »  İLHAM ƏLİYEV yolu
A+   Yenilə  A-
İLHAM ƏLİYEV yolu

...Hər dəfə yol haqqında düşünəndə özümdən asılı olmayaraq qəlbimi qəribə bir əsrar bürüyür.
Uzaq-yaxın, rahat-nahamar, geniş-ensiz fərq etməz, üzərində insan ayağının izi, həyat nişanəsi olan istənilən yol mənim üçün dünyanın ən əsrarəngiz mənzərəsidir.
Uca bir dağ yamacının belində gümüş kəmər kimi sallanıb gedən yollara baxdıqca baxaram, meşənin lal sükutunun içindən keçən yollarda saatlarla dolaşsam, usanmaram...
Çünki bu mənzərədən ruhum rahatlıq tapır, cismimə qəribə bir təpər gəlir...
Bunun əksinə, ot basmış bir cığır, aylardır kimsənin ayağının dəymədiyi ilk baxışdan görünən hansısa bir yol mənim üçün dünyanın qopduğu yerdir...
Bir vaxtlar qonaq olub ömrümə xoş günlər yazdığım, indi düşmən işğalında qalan yurdlarımızı da, qəribədir ki, o yerlərin yaddaşımdakı bütün xatirələrindən əzəl, məhz yolları ilə yada salıram...
İllərdir ayrı düşdüyümüz o yolları, cığırları indi dağılıb-tökülmüş, kol-kos basmış, qüssəli bir sükuta dalmış halda təsəvvür etmək adama çox acı verir...
Amma onu da bilirəm ki, bu həsrəti yenə yollar bitirəcək. Bizi o qərib yurdlarımızla yollar qovuşduracaq. Düşmən tapdağından azad olunmuş torpaqlarımıza doğru böyük qayıdış yollardan başlanacaq...
Yolun həyatımda bu qədər böyük yer tutmasının, həyatımın bir parçasına çevrilməsinin hikmətini indiyə qədər özüm üçün ayırd edə bilməmişəm. Görünür, Yola bu qədər vurğunluq onun mənəvi aləmimizdəki önəmindən irəli gəlir.
Və bu təkcə məndə belə deyil...
Yol ən azı mədəniyyət faktı kimi, olsun ki, başqa xalqların da fikir dünyasında əhəmiyyətli yer tutur. Amma bizim üçün yol mədəniyyətin də ötəsindədir. At belində yaşanıb, dərələrdən sel kimi, təpələrdən yel kimi ötmüş keçmişimiz yolu bizim üçün ən müqəddəs dəyərlərlə eyni sırada qərarlaşdırıb.
Yol bizlər üçün taledir, iqbaldır, başa varan bütün arzularla birgə, yarıda qırılan niyyətlərlə bahəm, bütün yaşananlarla, itki və ümidlərlə baş-başa elə həyatın özüdür...
Daha yaxşı həyat, daha firavan gələcək soraqlı arzularımızla günlərin birində Yola düzəlirik... Uzaq-uzaq ellərin qəribliyində olan doğmalarımızın Yolunu gözləyirik...
Yol yuxularımızın çin olduğu yerlərə aparır, Yol xəyallarımızın gerçəkliyə çevrildiyi məqamlara gətirib çıxarır...
* * *
Xoş niyyətlə qapımıza qonaq gələn qonağın yolda pişvazına çıxmışıq. Bəd niyyətlə üstümüzə yeriyən yağının hücumlarını yolda dəf etməyə can atmışıq.
Ən xoş alqışımızı “yolun açıq olsun!” diləyi ilə dilə gətirmişik. Ən kəskin nifrətimizi düşmənə “yolun bağlansın” kəlmələri ilə çatdırmaq istəmişik. Yolda bərkimişik, yolda bərkə-boşa düşmüşük. Dostumuzu da, düşmənimizi də yolda tanımışıq.
Həyatın bütün sınaqlarına rəğmən ömrün ən çətin dolanbaclarında bir hovur nəfəsimizi dərib yenidən yolumuza davam etmişik və yolun davam etməsi bizim üçün həyatın da davam etməsi anlamına gəlib həmişə...
Bu sətirləri yaza-yaza böyük türk ozanı Aşıq Veysəlin məşhur sənətçilərin ifalarından bu gün də dillər əzbəri olan şah beytini xatırlayıram:
“Uzun, incə bir yoldayım,
Gidiyorum gündüz-gecə...”
Bəli, həyat dediyimiz, uzun incə bir yoldur. Hər açılan səhərimiz, hər batan günümüz bu yolun davamına doğru daha bir addımımızdır. Yol bizi ömrün əvvəlindən sonuna, qədim dastanlarımızda ərz edildiyi sayaq, kandan məkana doğru aparır.
Xəstə Qasımın “Gələn bəzirgandır, gedən xocadır” hikmətində ifadə olunduğu kimi, hər insan yolun başlanğıcında həyatdan öyrəndikcə öyrənməyə, onun dərslərindən görüb-götürüb irfan yükünü tutmağa möhtac bəzirgandır...
Yolun sonuna doğru kamillik yükündən qəddi əyilmiş xoca sifətində addımlamaq isə çox az adama nəsib olar...
Yol keçmişdir, bu gündür, gələcəkdir...
Möminin öz yolu var, ateistin öz yolu, Qərbin öz yolu, Şərqin öz yolu, həyatın fərqli suallarına cavablarından, dünyaya fərqli baxışlarından, qurduğu yaşayış sistemlərindən asılı olaraq hərənin öz səmti...
Amma bütün yolayrıclarına rəğmən Tanrının bütün bəndələr üçün müəyyənləşdirdiyi bir Haqq yolu da var.
Yol haqqında düşüncələrim hələ burada bitmədi...
* * *
...Bir anlıq gözlərimi yumuram və 67 il əvvəlin bir mart günü dağların qoynuna yayılmış dumanı, çiskini yarıb keçən ensiz, dolanbac bir dağ yolu gəlir ağlıma.
Bir də bu yolda yönü Lerikin mərkəzinə sarı irəliləyən yük dolu at arabasının ardınca düşmüş körpə bir oğlan uşağı...
Bu xatirədə at arabasına yüklənmiş məfrəşin üstündə əyləşib tez-tez geriyə, geridə buraxdıqları kəndə, o kənddə yaşanmış keçmişə, o keçmişin acılı-şirinli anlarına tərəf boylanan və çarşabının ucu ilə tez-tez qızarmış gözlərinin yaşını silən bir ananın rəsmi də var...
Xatirələr həmin an uşaqlarının yanında kövrəldiyi hiss edilməsin deyə dişlərini bir-birinə sıxıb mümkün qədər tez uzaqlaşmağa çalışan bir atanın üzündəki əzabları, qayğıları, sabahla bağlı nigaranlıqları da yada salır...
Bir də burada ailə qurub ev-eşik sahibi olduqlarına görə kənddəki həyatlarına davam etməli olan, indi isə doğmalarını yeni yurda doğru köçün ardınca atdıqları bir parç su ilə uğurlayan iki boynubükük bacının məzhun görkəmi...
9 nəfərlik ailənin 7 üzvü kənddən köçürdü...
Onda müharibə yenicə başa çatmışdı. Ölkə qələbə ovqatında olsa da, insanlar ciddi sıxıntı çəkirdilər. Dolanışıq o qədər asan deyildi. Qarın dolusu yavanca çörək, nimdaş üst-baş o illərdə Tanrının böyük bir lütfü sayılırdı.
Belə bir vaxtda ailə başçısının zirəkliyini, fərasətini, əlinin halal zəhməti ilə daşdan pul çıxarıb ailəsini babat dolandıra bilməsini gözü götürməyən kənddəki bir para namərdin, müxənnətin davamlı mərdimazarlıqlarından, şəxsi-qərəzindən, yerli hökumət idarələrinə çuğulluqlarından bezərək ata-baba yurdundan perik düşən, kənddə qurulmuş pis-yaxşı düzənli həyatından ayrılan bir çətən külfətin sabahı necə olacaqdı?!
Qarşıda onları hansı sınaqlar gözləyirdi?!.
Bunlar o an tale sualları idi, əslində...
* * *
Amma həmin o anlarda yük dolu at arabasının ardınca yüyürən körpə oğlan uşağı isə bütün bunları düşünəcək yaşda deyildi. Anasının göz yaşları da, atasının çöhrəsindəki əzab, qayğı, nigaranlıq ifadəsi də, onlardan ayrılan 2 böyük bacısının məzhun görkəmi də hələ ona maraqlı bir əyləncə kimi gəlirdi.
Köç irəliyə doğru hərəkət etdikcə onun təsəvvüründəki dünyanın sərhədləri genişlənir, bu ana qədər bütöv bir dünya bildiyi kənd isə getdikcə kiçilib, onun balaca ovuclarına sığacaq yamyaşıl oyuncağa çevrilirdi.
Bir azdan tamam gözdən itib əbədi olaraq onun körpəlik xatirələrinə qarışacaq həmin kənd Lerik rayonunun Nuravud kəndi, 1952-ci ilin Novruz bayramı günü dolanbac dağ yolları ilə ağır-ağır Lənkərana sarı irəliləyən köçün ardınca yüyürən körpə oğlan uşağı isə mən idim...
Həmin gün getdiyimiz o yol Nuravuddan böyük dünyaya doğru başlanan ilk yolum idi. Sonralar ömrün müxtəlif dönəmlərində o yola təkrar-təkrar güzarım düşdü. Başqa cür ola da bilməzdi. Çünki o yol düşüncələrimizdəki Vətən anlayışının başlandığı yurda aparır: həyatımın ilk nəfəsini aldığım, ilk qurtum suyunu içdiyim, anamın ilk laylasını eşitdiyim, dilimin ilk kəlməsini kəsdiyim kəndə - Nuravuda...
Nuravuddakı ata evimiz indiyə qədər durur. Həmişə deyirəm ki, iki ata yurdum var. Biri doğulduğum Lerik rayonunun Nuravud kəndi, biri də böyüdüyüm, orta məktəbi qızıl medalla bitirdiyim, atamın-anamın qəbri olan Lənkəran...
* * *
Bu sətirləri yaza-yaza məşhur türk pedaqoq və şairlərindən Ahmet Kutsi Tecerin Azərbaycanda da xeyli məşhur olan şeirinin iki bəndi gəlir ağlıma:
Orda bir kənd var, uzaqda,
O kənd bizim kəndimizdir.
Gəzməsək də, tozmasaq da,
O kənd bizim kəndimizdir.
Orda bir yol var, uzaqda,
O yol bizim yolumuzdur.
Dönməsək də, varmasaq da,
O yol bizim yolumuzdur.
Bu sevgi dolu misralar, Qurtuluş savaşındakı qalibiyyətindən sonra ölkənin, cəmiyyətin inkişafına, insanların rifahına yönəlib Türkiyəni ayağa qaldırmaq istəyən qazi Mustafa Kamal Paşanın “Kəndli millətin əfəndisidir” deyimi ilə başlatdığı kəndə qayıdış hərəkatının himni sayıla bilər...
Kəndin də, şəhərin də, dağın-daşın da, otun-ağacın da onu bu misralardakı kimi sevən insanlara ehtiyacı var. Bu sevgi olsa, onda heç bir kənd yaddan çıxmayacaq, o kənddəki heç bir ev diqqətdən kənarda qalmayacaq, heç bir dağ qərib düşməyəcək, o kəndlərə aparan yolları kol-kos basmayacaq.
Və bu məqamda maraqlı bir formul haqqında da düşünürəm: bu, vətəndaşının rifahı üçün çalışan dövlətin, bu amalla yaşayan dövlət adamının həyata keçirdiyi siyasətin formuludur.
Bu, o dövlət, o siyasətdir ki, ondan ölkənin ucqarlarına doğru yollar başlansın. Yollar insanları, onların istək və arzularını, hədəflərini, güclərini qovuşdursun və bunlar hamısı bir arada dövlətin gücünə güc qatsın...
* * *
Yolumuz yenə Nuravuda sarıdır. Bu dəfə ömür-gün yoldaşımla birgə gedirik. İllər əvvələ qədər əzab-əziyyəti, nahamarlığı ilə adamın gözünə duran, ancaq “Vilis”, “Qaz-69”, ən yaxşı halda “Niva” kimi sovet istehsalı yolsuzluq avtomobilləri ilə qət etmək mümkün olan kənd yolunda bu dəfə büsbütün başqa mənzərədir...
Yenicə çəkilmiş hamar, asfalt yolla avtomobilin təkərlərinin təmasından əmələ gələn xoş qıjıltı təmiz dağ havası ilə birgə pəncərədən içəri dolaraq dünyanın ən gözəl musiqisi kimi ruhu oxşayır, bu yolları gedib-gəlməyə çəkilmiş illərin əziyyətini adamın canından çıxarır.
İllərin əziyyəti demişkən, əfsus ki, elə bu əziyyətdən dolayı uzun müddət idi, Nuravuda gedə bilmirdik. Olsun ki, oxucularım buna görə məni qınasınlar, haqları da var. Həqiqətən, insan öz ata yurduna, ona doğma insanların, qohum-əqrəbaların yaşadığı kəndə heç olmasa ildə bir neçə dəfə güzarını salmazmı?!.
Əslində bu sualla ən çox özüm özümü qınayıram. Həm də söhbət təkcə Nuravud kəndindən getmir. Doğulduğum bu kənd qədər Vətənin başqa ucqar kəndləri, uzaq obaları da ürəyimin üstündədir. Bu yurdlara səfərlər, onların bir-birindən fərqli təbiəti ilə baş-başa qalmaq, havasını ciyərlərimə çəkmək, bir udum suyundan içmək yazıçı kimi düşüncələrimə ilham verir, yazıb-yaratmağa həvəsləndirir. Ona görə də hər fürsətdə özümü o kəndlərə yetirməyə çalışıram. Bu, ruhi bir ehtiyacdır. O kəndlərə doğru aparan yolların mənəvi tərəfləridir. Özümü tez-tez o yerlərə verməsəm, şəhər mühitində tıncıxaram, havam çatmaz, elə bilirəm...
Amma indiyə qədər ürəyim istəyib, gedə bilmədiyim, məhz yollarına görə uzaq düşdüyüm kəndlərimiz, obalarımız da olub.
Yolların mənəvi dəyərindən başqa, fiziki tərəfləri də var axı...
İnsan yaşlandıqca bir az da rahatlıq axtarmağa başlayır...
Hansısa yerin-yurdun yolları bərbad olanda, gedib-gəlmək adamın ömründən uzun saatlarını alanda, həyat üçün təhlükə doğuranda, avtomobilin yollardakı nahamarlıqdan qırılıb adamı yarı yolda qoyanda növbəti dəfə istər-istəməz tərəddüd edirsən. Oralara yenə getmək üçün hər nə qədər ürəyin atsa da, əgər son dərəcə zəruri bir səbəbin yoxdursa, daha günü günə satmağa başlayırsan, hər dəfə özün üçün bir bəhanə uydurub səfərini təxirə salırsan və bir də görürsən ki, artıq illərdir doğma məkanlara qovuşa bilmirsən.
Nuravudun yolları da, gedib-gələnlər bilir ki, cəhənnəm əzabı idi...
İnsanlar yolun bərbadlığına görə kənar yerlərdən hətta bir-birinin xeyir-şər məclislərinə belə gedə bilmirdilər. Elə uzaqdan-uzağa telefonla bir-birinin sevincinə, kədərinə şərik olurdular və kimsə də bunu etinasızlıq sayıb bir-birindən incimirdi...
* * *
Nuravuda budəfəki səfərimizin məramı, əfsus ki, ailəmiz üçün kədərli bir səbəblə bağlı idi. Həyat yoldaşımın atası vəfat etmişdi, hüzr yerinə gedirdik...
Bizim öz yaşımızı da nəzərə alan dəyərli oxucum, yəqin ki, “həyat yoldaşımın atası” ifadəsinə bir qədər təəccübləndi ki, yəni qayınatanız indiyə qədər yaşayırmış?!.
Bəli. Axı Lerik uzunömürlülər məskənidir. Hələ sovet dövründən bu yerin uzunömürlü adamları haqqında maraqlı hekayələr bütün dünyanı dolaşırdı. Bir zamanlar planetin ən yaşlı sakinlərindən biri olaraq bütün ittifaq məkanında haqqında möcüzə kimi söhbət açılan, “Ginnesin rekordlar kitabı”na belə düşən Lerik sakini Şirəli Müslümovun adını kim eşitməyib ki?!.
Qayınatam da Lerikin uzunömürlülərindən idi, bu dağların məlhəm kimi havası, saf suyu, təbii nemətləri kişini sinninin bu çağına qədər gətirib çatdırmışdı.
Bunları ona görə yazıram ki, Lerik öz füsunkar təbiəti ilə tam bir ekoloji turizm cənnətidir. Və bu rayonun kəndlərinə çəkilən yollar özünəməxsus hekayəsi olan bu cənnət məkanın qapılarını dünyaya açır. Bu yerin hekayəsinə maraq göstərən, insanlarının uzunömürlülük sirlərini öyrənməyə can atan on minlərlə potensial turisti buralara yönəldir. Dolayısı ilə regionun sosial-iqtisadi həyatının yüksəlişinə yön verir.
* * *
Valideynlərin heç yaşı olmaz ki...
Neçə yaşda dünyadan köçürlər köçsünlər, yenə itkiləri insanın qəlbini göynədir, adam onların həyatda nə qədər böyük boşluq buraxıb getdiklərini bütün varlığı ilə duyur.
Ömür-gün yoldaşım da yolboyu ata itkisinin kədəri ilə baş-başa qalmışdı, Bakıdan yola çıxdığımızdan bəri heç dinib danışmırdı.
Amma Nuravuda təzə çəkilmiş yolu görəndə qəfil eyni açıldı, heyrət dolu sevincini gizlədə bilmədi:
- Kəndə nə gözəl yol çəkiblər, ay Hüseynbala. Şükür, nə vaxtsa Nuravudun da belə yolu olarmış. Allah Prezidentimizdən razı olsun. Onun sayəsində camaatın canı əməlli rahatlığa çıxıb.
Mənsə onun sözlərinə dərhal düzəliş etdim:
- Xanım, Prezidentimiz bu yollardan təkcə Nuravuda yox, ölkənin hər kəndinə çəkdirib və çəkdirir. Canı rahatlığa çıxan, abadlığa qovuşan təkcə bir kəndin deyil, bütün Azərbaycanın sakinləridir, desənə...
* * *
Nuravuda aparan yolun az qala hər qarışının rahatlığını bütün ruhumuzla duya-duya yolumuza davam edir və Azərbaycan Prezidentinin birbaşa dəstəyi ilə yeni yollar çəkilmiş Xınalıq, Lahıc kimi ucqar kəndlərimizi xatırlayırdım...
70 il Azərbaycanın qızıldan qiymətli sərvətlərini çəkib-aparıb yelə vermiş sovet hökuməti saysız-hesabsız mənasız layihələrinə, orbitə kosmik gəmilər, kosmonavtlar göndərməsinə rəğmən burdan-bura ucqar kəndlərimizə düz-əməlli bir yol çəkə bilməmişdi. Ucqar yerlərdə yaşayan insanlar min bir zillət içində yaşayırdılar. Xüsusilə qış gəlib qapıya dayanan kimi ətraf aləmdən uzaq düşürdürlər. Bu günsə o kəndlərə doğru aparan geniş, abad, asfalt yollar ilk növbədə Azərbaycanın müstəqilliyinin nemətidir. Çünki artıq özümüz öz taleyimizin sahibiyik. Əlimizin üstündə başqa bir əl yoxdur. Hansısa layihəni reallaşdırmaqdan ötrü illərlə haralarasa yazıb-pozmaq, kənardan fərmayiş gözləmək lazım gəlmir. Dövlətimiz öz vətəndaşlarının həyatını yaxşılaşdırmaqdan ötrü doğru bildiyi tədbirləri qısa zamanda yerinə yetirir.
Yada salırdım ki, dövlətimiz bu kəndlərə yol çəkməyə qərar verərkən buna ağız büzənlər də tapılırdı ki, cəmi, məsələn, 60-100 sakinin yaşadığı kəndə bu qədər uzaq məsafədən yol çəkməyə nə ehtiyac var?! Onlar bunu dövlət üçün izafi xərc hesab edirdilər. Amma Azərbaycan Prezidentinin həyata keçirdiyi tədbirlər göstərdi ki, dövlət öz vətəndaşına münasibəti məsafələrə görə müəyyənləşdirmir.
Prezident İlham Əliyev üçün mühüm olan insan amilidir...
Prezidentimiz hesab edir ki, Bakının düz göbəyində yaşayan vətəndaş qədər Xınalıqda, Lahıcda, Nuravudda yaşayan vətəndaşın da abad asfalt yollarla hərəkət etmək, mətbəxində xörəyi mavi yanacağın odunda bişirmək, qışda qaz sobasının, müasir qızdırıcı sistemlərin hərarəti ilə evini isitmək haqqı var...
Azərbaycanın hər bir vətəndaşı buna layiqdir və dövlətimiz bütün çətinlikləri dəf edərək insanlarımızın bu haqqını təmin edir...
Layiq olduqlarını onlara verir...
* * *
Maraqlı bir epizodu xatırlayıram. Prezident Lahıca yeni yolun ardınca mavi qazın verilməsi ilə bağlı mərasimdə iştirak edərkən SOCAR rəhbərliyi dedi ki, qaz xətti dağlıq ərazilərdən, qayalıqlardan keçdiyinə, texnikanın çalışması mümkünsüz olduğuna görə bəzən boruları hətta əllə daşımaq lazım gəlib. Amma heç bir çətinliyə baxmayaraq kənddəki bütün evlərə, bütün obyektlərə qaz çəkilib. Çünki ortada dövlət rəhbərinin göstərişi vardı və bu göstəriş vaxtında, həm də yüksək keyfiyyətlə yerinə yetirilməli idi.
“Bu həm texniki cəhətdən çətin işdir, həm də çox maliyyə vəsaiti tələb edir. Ancaq artıq bunu etmişik”, - deyə cənab Prezident İlham Əliyev nəticəyə qiymət verdi...
Və bir daha göstərdi ki, söhbət vətəndaşın mənafeyindən gedən yerdə Azərbaycan dövləti hətta mümkünsüzü də mümkünə çevirməyi bacarır.
Bu güc, bu qüdrət uzaq yolları yaxın edir, məsafələri ortadan götürür, obalarımızı, oymaqlarımızı bir-birinə daha da doğmalaşdırır.
Bu gün Azərbaycanda çəkilən bütün yollar bir-birinin davamıdır...
Biri o birində tamamlanır...
Biri o birindən başlanır...
Bakıda maşına əyləşib ölkənin ən ucqar yaşayış məntəqəsinə doğru yol alırsan, maşının bircə təkəri də palçığa batmadan, bircə yerdə çala-çuxura düşüb büdrəmədən qısa zamanda mənzil başına çatırsan...
* * *
El məclislərimizin ovqatı, ucqarlarda yaşayan insanlarla ixtilat camaatın düşüncələrini, qayğılarını, gündəlik dolanışığını, dövlətə, hökumətə münasibətini əks etdirən güzgü kimidir. Adamların sözünü-söhbətini dinləyərək nə düşündüklərini fərq etmək olur.
Nuravudda rastlaşdığımız, kəlmə kəsdiyimiz hər kəs dövlətimizə, Prezident cənab İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya camaat üçün gördükləri işlərə görə dua-səna edirdi. Deyirdilər ki, tanıdıqları nə qədər adamın müalicəsinə Heydər Əliyev Fondu kömək göstərib. Mehriban xanım Lerikdə 100 yerlik körpələr evi-uşaq bağçası tikdirib. Ayrı-ayrı kəndlərdə məktəblər inşa olunub. Uşaqların təhsilə marağı getdikcə artır. Kəndlərə çəkilən yeni yollar isə yerli sakinlərin dolanışıq imkanlarını genişləndirir. Camaat məhsulunu asanlıqla bazara çıxarıb pula çevirə bilir. Lerikin kəndlərinə yerli və xarici turistlərin ayağı açılıb. Bu isə regionun dirçəlişi, insanların güzəranının yaxşılaşması üçün böyük bir imkan deməkdir.
Nuravudda maraqlı bir hal da müşahidə elədim. Bu kənddən çıxıb kənar yerlərdə məskən salmış adamlar çoxdur. Kimi ali təhsil aldıqdan sonra öz həyatını Bakıda, başqa böyük şəhərlərimizdə qurub, kimi Lənkəranda, digər yaxın yerlərdə yaşayıb işləyir. Uzun onilliklər ərzində Nuravud onlar üçün o qədər də cəlbedici deyildi. Çünki kəndə getmək söhbəti ortaya çıxan kimi yol problemi, dediyim kimi, adamın əhədini kəsirdi.
Yeni yolun çəkilişindən sonra isə artıq Nuravuda axın başlanıb. Bakıdan, ətraf yerlərdən adamlar kəndə qonaq gəlirlər, bir neçə gün burada qalıb şəhərin səs-küyündən uzaqlarda, saf təbiətlə baş-başa cisimlərini də, ruhlarını da dincə qoyurlar.
Hətta burada ev tikdirib daimi, yaxud ilin bir neçə ayını yaşamağa başlayanlar da var.
Və bu kəndə qayıdışı duyub hiss etmək çox gözəl bir hissdir...
* * *
Söhbət zamanı kənd sakinləri problemlərə də toxunurdular. Məlum oldu ki, yaxınlıqdakı Pirəsora kəndinə hələ qaz çəkilməyib. Nuravudda isə su problemi var və kənd sakinləri bu problemlərin də tezliklə həll olunmasını arzulayırlar.
Bu məqamda Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, Milli Məclisin hakim partiyadan olan üzvü kimi sinəmi irəli verib, insanlar arasında müəyyən təşviqat aparmağı özümə borc bildim. İzah etmək istədim ki, problemlər tədricən, addım-addım həll olunur. Nəzərə almaq lazımdır ki, bu sosial layihələr tək Lerikin kəndlərində yox, ümumən Azərbaycanın bütün kəndlərində, şəhərlərində, qəsəbələrində paralel icra olunur. Görün bundan ötrü nə qədər maliyyə vəsaiti, avadanlıq və s. lazımdır. Ona görə də hər şeyin bir gün içində baş verəcəyini gözləmək doğru olmaz. Dövlət bütün işləri planlı qaydada görür. Artıq şükürlər olsun ki, yol, qaz, məktəb, bağça var. Qalan problemlər də yavaş-yavaş həllini tapar. TEZLİKLƏ PİRƏSORADA QAZ, NURAVUDDA SU DA OLAR...
Elə bunları demək istəyirdim ki, gördüm, eyni şeyləri kənd sakinlərinin özləri mənə söyləyirlər. Deyirlər, doğrudur, müəyyən problemlər var, amma bilirik ki, bu problemlər də tezliklə həll olunasıdır. Çünki bütün bu məsələlər Prezidentin diqqətindədir. Biz Ona inanırıq. Bilirik ki, dövlət rəhbərimiz bu məsələlərə də tezliklə əncam çəkəcək.
O an bir daha əmin oldum ki, Azərbaycan insanı nə qədər qədirbiləndir, onun yaxşılığı üçün görülən işlərin dəyərini verəndir, Azərbaycan Prezidentinə, dövlət rəhbərimizin həyata keçirdiyi siyasətə münasibətində necə səmimidir.
Prezident İlham Əliyevin bir lider, dövlət adamı kimi uğur sirri də elə bundadır. O, insanlar qarşısına real əməllərlə çıxır. Sözünün çəkisini, dəyərini bilir. Görə bilməyəcəyi heç bir işi əvvəlcədən söz vermir. Amma əgər nəyisə söz veribsə, bu, mütləq yerinə yetirilir.
Quru vədlər, boş ümidlər Onun dövlətçilik düşüncəsinə yaddır. Prezidentimiz həmişə konkret nəticələrdən çıxış edir, nəticələrə əsaslanaraq da yeni hədəflərə yönəlir. Ona görə də insanlarımız dövlət rəhbərimizə böyük ehtiram bəsləyirlər. Onun həyata keçirdiyi siyasətə səmimi qəlbdən dəstək verirlər.
Çünki elin gözü tərəzidir. El-oba kimin onun rifahı üçün cani-könüldən çalışdığını, kimlərin mənasız boşboğazlıqlarla məşğul olduğunu çox gözəl bilir və həmişə özü üçün doğru olanı seçir.
* * *
Nuravudda başqa nə gördüm?!.
Bir vaxtlar burada hər tərəf yamyaşıl meşələr idi. Hansı səmtə baxardın qocaman ağaclar görərdin. Əfsus ki, qaz olmadığından sakinlər illər boyu qışda evlərini qızdırmaq üçün ağacları kütləvi şəkildə kəsmək məcburiyyətində qalırdılar, beləliklə, təbiətin yaşıl örtüyü yavaş-yavaş tükənirdi.
İndi isə artıq qaz var deyə, ağac kəsməyə, odun doğramağa ehtiyac yoxdur. İti baltalar meşələrin, ağacların üstündən geri çəkilib. Təbiətsə öz sevincini yaşıl pöhrəlikləri ilə büruzə verir. İndi hara baxırsan, yaşıl pöhrələrdir, körpə fidanlardır, bir neçə il keçməz ki, onların hərəsi pərli-budaqlı ağaclara çevrilər.
Qəribəsi bilirsinizmi nədir?..
Bu sevinc dolu təəssüratlarımı Azərbaycanın tamam başqa-başqa bölgələrindən olan dostlarla bölüşəndə onlardan da tam eynisini eşitdim. Məlum oldu ki, hara qaz çəkilibsə, o ətraflarda yaşıllıqlar yavaş-yavaş bərpa olunur. Məsələn, dağlıq bölgələrimizlə müqayisədə yaşıllıq sarıdan təbiətin bir qədər simicliklə yanaşdığı Aran regionuna Kür çayının əsrlər boyu bir sərvət kimi bəxş etdiyi, son onilliklərdə isə insanların qışda istilik problemini həll etmək üçün qırıb-çatdıqları sahilboyu tuğay meşələrinin yavaş-yavaş bərpa olunmağa başladığını eşidəndə elə bil mənə dünyanı bağışladılar.
Deməli, Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial siyasətdən barınan, faydalanan təkcə ölkə vətəndaşları deyil...
Təbiət də bu siyasətdən öz nəsibini alır, Allahın dilsiz-ağızsız ağacları da öz xoş payını götürür...
* * *
Yaxın aylarda buralara xeyir işlərə dönmək arzusu ilə Bakıya doğru yol alırıq. Avtomobilimiz şüşə kimi hamar şosedə irəliyə doğru şığıdıqca yollar daha da genişlənir, ölkənin ayrı-ayrı səmtlərinə doğru istiqamət alır, hərəkəti intensivləşir.
Bu yollardan dünyanın qan damarları keçir indi...
Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Şərqdən Qərbə, Şimaldan Cənuba doğru uzanan, buradan ora, oradan bura iqtisadi tərəqqi, inkişaf daşıyan yollar gəlib Azərbaycandan keçir...
Geostrateji maraqlar, fərqli sivilizasiyalar, müxtəlif mədəniyyətlər burada qovuşur, burada yol gedir, burada yola gedir...
Və mən irəlilədikcə bu genişlənən, dünyanın dörd bir yanına uzanan, qələbəliyi artan bu yollarda Azərbaycan dövlətinin, Azərbaycan insanının tale yolunu da görürəm.
Bu, bizi gələcəyə aparan yoldur...
Bu, Heydər Əliyev yoludur...
İlham Əliyev yoludur...
Bu, haqq yoludur!..
Yolun hər zaman açıq olsun, Vətən!..
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
YAP Xətai rayon təşkilatının sədri

 
  • Oxunub:  2190  |  
  • Tarix:  19-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

20 Oktyabr 17:38
Əli Əhmədov: İnanıram ki, törədilən təxribatlara və anti-kostitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək
20 Oktyabr 16:41
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20 Oktyabr 16:31
Siyasi ekspert: Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini somvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır
20 Oktyabr 14:55
Yeni Azərbaycan Partiyası Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanat yayıb
20 Oktyabr 14:38
Akademik İsa Həbibbəylinin tədqiqatlarında Naxçıvan ədəbi mühiti xüsusi yer tutur
20 Oktyabr 13:31
Sabah əksər bölgələrdə hava əsasən yağmursuz olacaq
20 Oktyabr 11:45
Polşada ixracatçılar üçün seminar keçirilib
20 Oktyabr 11:18
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20 Oktyabr 10:53
Filarmoniyada Türkiyə-Azərbaycan birliyinə həsr olunan ədəbi-musiqili gecə keçirilib
20 Oktyabr 10:50
Oktyabrın 20-si Energetiklər Günüdür
19 Oktyabr 18:17
Radikal müxalifətin ikinci oktyabr iflası
19 Oktyabr 17:54
On dörd müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb
19 Oktyabr 17:40
BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb
19 Oktyabr 17:29
Azərbaycanın Xarici İşlə Nazirliyi Fransanın Lion inzibati məhkəməsinin qərarını alqışlayır
19 Oktyabr 17:05
Səfir Kestutis Yankauskas: Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq
19 Oktyabr 17:03
Səfir: Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü alqışa layiqdir
19 Oktyabr 16:58
Əli Əhmədov: Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər
19 Oktyabr 14:57
Çin Azərbaycanı etibarlı dost və mühüm tərəfdaş hesab edir
19 Oktyabr 14:04
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada qeyd olunub
19 Oktyabr 13:59
Dövlət Miqrasiya Xidmətinin rəisi “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
19 Oktyabr 13:55
ATAZ strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avstriya arasında bir körpüdür
19 Oktyabr 13:39
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
19 Oktyabr 13:34
Vüsal Hüseynov: Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün müddətində qala biləcəklər
19 Oktyabr 13:29
Şahin İsmayılov: Ermənistan hakimiyyəti məqsədli şəkildə Dağlıq Qarabağ münaqişəsini uzatmağa çalışır
19 Oktyabr 13:23
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib
19 Oktyabr 13:20
Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19 Oktyabr 13:12
Sevinc Hüseynova: Dünyanın donorlar ailəsinə qoşulan Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və mövqeyini daha da gücləndirəcək
19 Oktyabr 13:01
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
19 Oktyabr 12:55
Prezident Mun Ce-in: Azərbaycan ilə ali səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılmasını maraqla gözləyirəm
19 Oktyabr 12:22
Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
19 Oktyabr 12:19
Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb
19 Oktyabr 12:17
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatıb
19 Oktyabr 12:16
Aktiv məşğulluq tədbirləri nəticəsində gələn il 130 min nəfər işlə təmin olunacaq
19 Oktyabr 12:03
Necdət Ünüvar: Bakıdakı yüksək təşkilatçılıq Türk Şurasının siyasi nüfuzunu daha da yüksəltdi
19 Oktyabr 11:55
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əvəzsiz xidmətləri var
19 Oktyabr 10:12
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 10:08
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
19 Oktyabr 09:52
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir
19 Oktyabr 09:47
Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırıb
19 Oktyabr 09:43
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 09:41
Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatında görüş keçirilib
19 Oktyabr 09:39
Balakəndəki Nəsimi adına məktəbin kollektivi şairin xatirəsinə həsr olunan ağacəkmə təşəbbüsünə fəallıqla qoşulacaq
19 Oktyabr 09:37
Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
19 Oktyabr 09:35
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
19 Oktyabr 09:32
Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir
18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA