Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə başlanılıb

Birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə başlanılıb

14.03.2019 [09:46]

Elektron sistemin tətbiqi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir
Dünəndən etibarən 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ili üçün Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərində, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Bu barədə məlumat verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun bildirdiyinə görə, birinci sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə aparılır. Onlayn qeydiyyat 13.03.2019-cu il tarixindən 15.09.2019-cu il tarixinədək həyata keçiriləcək. Proses Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrini, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonlarını, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir. Tədrisi xüsusi proqramla aparılan Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla, ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların Azərbaycan bölməsi üzrə I sinfinə şagird qəbulu ümumi qaydada həyata keçirilir. Birinci sinfə şagird qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə xidmət edir. Elektron sənəd qəbulu “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir. Bəşarət Məmmədov deyib ki, elektron sistemin tətbiqi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Məktəblərin seçimi hansı qaydada aparılır?
Elektron sənəd qəbulu zamanı bir sıra qaydalara əməl etmək tələb olunur. Belə ki, valideyn (qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir. Elektron qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkün deyil. Valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır. Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya Alternativ qeydiyyat mərkəzlərində aparıla bilər. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Yevlax və Samux rayonları üzrə I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş 82 məktəbdə Alternativ qeydiyyat mərkəzi yaradılıb.
Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.
Yeri gəlmişkən, qeyd edək ki, elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur.
Digər dildə tədris aparılan bölmə üzrə I sinfə şagird qəbulu necə həyata keçirilir?
2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçdiyi zaman uşağın şifahi nitq bacarıqları qiymətləndiriləcək. Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün sözügedən internet resursunda şəxsi kabinet yaradıb, övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçməli və yaşayış ünvanına uyğun olaraq Müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydiyyata düşməlidir. Müsahibə komissiyasının yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır. Digər dildə tədris aparılan bölmə üzrə müsahibə bütün rayon və şəhərləri əhatə edəcək. Övladı Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupunda təhsil alan valideyn (və ya qanuni nümayəndə) elektron sistemdəki qeydiyyatını ləğv edərək digər dildə tədris aparılan bölmə üzrə sorğu yerləşdirmək istəyərsə, əvvəlcə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir.
Ümumiyyətlə, şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqda məlumat 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək. Müsahibəyə gedərkən valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin gətirilməsi tələb edilir. Əgər müsahibənin nəticəsi valideyni qane etməsə, o, hər həftənin 3-cü və 5-ci günləri Rayon (Şəhər) Təhsil şöbələrində (idarələrində) təşkil edilmiş İşçi qruplarına müraciət edə bilər.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların qeydiyyat qaydaları...
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların qeydiyyatı da elektron qaydada və həmin internet resursunda həyata keçirilir. Belə ki, təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, digər dildə tədris aparılan bölmə seçilərsə, “Ərazi üzrə” bölməsini seçib, müvafiq liseyə yerləşdirdiyi sorğusu təsdiqləndikdən sonra, uşaq həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsindən uğurla keçərsə, həmin liseyə qəbul edilmiş hesab edilir. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “müsabiqə yolu ilə qəbul” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər. Uşaq digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda həmin lisey və gimnaziyaların yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər. Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqları isə yalnız müsabiqə yolu ilə qəbul edilir.
Ərazidən kənarda daimi qeydiyyatda olan uşaqların lisey və gimnaziyalara qəbuluna gəldikdə isə tətbiq olunan qaydalara əsasən valideyn Azərbaycan bölməsi üzrə lisey və ya gimnaziyanı seçmək istəyirsə, qeydiyyat ünvanı həmin məktəbin müəyyən edilmiş ərazisinə uyğun deyilsə, “Gözləmə” menyusunu seçərək növbəyə, digər dildə tədris aparılan bölmə seçildiyi halda müsabiqəyə yazıla bilər. Qəbul prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə valideynlər “Gözləmə” menyusu vasitəsilə boş şagird yerləri yarandığı halda, sorğu yerləşdirilməsi üçün növbəyə yazılmalıdırlar. Müsabiqənin nəticələrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi) qəbul edilməyən uşaqların valideynləri (qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumi təhsil məktəbi seçə bilərlər.
Kirayədə yaşayan valideynlər üstünlük hüquqlarına əsasən qəbul tətbiq olunmayan bütün məktəblərdə övladlarını I sinfə qeydiyyatdan keçirə bilərlər
Sənəd qəbulu zamanı ən çox verilən suallardan biri də Bakı şəhəri üzrə I sinfə qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşların uşaqlarını elektron sistemdə qeydiyyatdan necə keçirə biləcəkləri ilə bağlıdır. Qaydalara görə, Bakıda üstünlük hüquqlarına əsasən qəbul tətbiq olunan məktəblərdə, ilk növbədə, valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Üstünlük hüquqlarına əsasən qəbul aparılan məktəblərin ərazisində kirayədə yaşayanlar övladlarını yalnız əvvəlcədən müəyyənləşdirilmiş müddətdən sonra həmin tədris ocaqlarında açılan I siniflərdə yer olduğu halda qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə kirayədə yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər üstünlük hüquqlarına əsasən qəbul tətbiq olunmayan bütün məktəblərdə övladlarını I sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Xarici ölkə vətəndaşının elektron ərizəsinin qeydiyyatı isə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən aldığı icazə vəsiqəsi və xarici ölkənin doğum haqqında şəhadətnaməsi əsasında aparılır.
Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.
Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib, xüsusi təhsil formasını seçməlidirlər. Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə (Valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti, tibbi arayış, 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və yaşayış yerindən arayış) birlikdə 01.04.2019-cu il tarixindən həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlər həmin komissiyaya uşağı da özləri ilə gətirməlidir. Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 415 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31