Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mediada intihar və zorakılıq xəbərlərinin geniş işıqlandırılması hansı fəsadlara yol açır?

Mediada intihar və zorakılıq xəbərlərinin geniş işıqlandırılması hansı fəsadlara yol açır?

05.01.2019 [10:10]

Mütəxəssislər hesab edirlər ki, cinayət hadisələrini mətbuatda ətraflı işıqlandırmaq, kriminal verilişlərinin sayını artırmaq insanların psixikasına mənfi təsir edir
Sirr deyil ki, sosial mediada milli-mənəvi, əxlaqi dəyərlərə zidd informasiyaların, intihar və zorakılıq xəbərlərinin yayılması bir sıra problemlər yaradır. Mütəxəssislər hesab edirlər ki, bu kimi zərərli məlumatların gündəmə gətirilməsi və ətrafında geniş diskussiyaların təşkili insanların psixikasına mənfi təsir edir. Təəssüflər olsun ki, cəmiyyət istər-istəməz virtual şəbəkədə aparılan təbliğatın təsirinə tez düşür.
Cinayət xəbərləri cəmiyyətdəki aqressiyanı artırır
Son zamanlar, sosial mediada və bir sıra saytlarda zorakılıq hallarının arzuolunmaz şəkildə təqdim olunduğunu deyən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova ailədaxili kriminal hadisələrin kütləvi informasiya vasitələrində təfərrüatlı şəkildə qabardılmasının əleyhinədir. Onun sözlərinə görə, cinayət hadisələrini KİV-də yaymaq, kriminal verilişlərinin sayını artırmaq insanların psixikasına mənfi təsir edir. Hadisənin başvermə səbəbləri fonunda oxucuya heç bir maarifləndirici mesaj ötürülmür. Əksinə, cəmiyyətdəki aqressiyanı artırır. Psixoloq zorakılıq xəbərlərinin törətdiyi fəsadlardan da danışıb: “Son illərdə zorakı hadisələrin, amansız qətllərin, dəhşətli qəzaların və intihar olaylarının sosial mediada şoulaşdırılaraq işıqlandırılması, həddindən artıq tirajlanması zamanı peşəkarlıqdan çox ifrata varma halları ilə üzləşirik. Yaşadığımız cəmiyyətdə qadının şərəf və ləyaqətinin təhqir olunması, onun təcavüzə məruz qalması, bəzi hallarda döyülməsi, bədən travması alması, o cümlədən ailədaxili münasibətlərin televiziya kanallarında müzakirə olunması və s. cəmiyyətdə mənfi reaksiya doğurur. Metroda gənc qızla yaşlı qadın arasındakı xoşagəlməz hadisəni, yəqin ki, çoxları xatırlayır. Günlərlə sosial şəbəkədə müzakirə mövzusuna çevrildi. Yaxud da Sumqayıtda uşağa şillə vurmaqda ittiham olunan müəllimin aqibəti. Nəticədə nə oldu, müzakirələr, yerli-yersiz qınaqlar müəllimin ölümü ilə nəticələndi. Qəbul imtahanından sonrakı intihar hadisəsinin ictimailəşdirilməsi bir ailənin sonu oldu. Ali məktəbə qəbul ola bilməyən övladına ananın sərt təpkisi yeganə övladının özünə qəsd etməsinə, hadisənin müzakirəyə çıxarılması isə ananın intiharına səbəb oldu. Biz proseslərin içində oluruq və hiss etmirik ki, bu kimi hallar gənc nəslin, cəmiyyətimizin formalaşmasında nə qədər böyük təhlükələr yaradır, zərbələr vurur. Buna görə də media dərk etməlidir ki, o, yaydığı informasiyaya görə cəmiyyət qarşısında, fərdlər qarşısında ciddi məsuliyyət daşıyır. Təəssüf ki, bəziləri bu məsuliyyəti dərk etmir. Nəzərə almaq lazımdır ki, bu gün psixi sağlamlıq daha ciddi şəkildə qorunmalıdır. Çünki insanlar əvvəlki illərlə müqayisədə daha da həssaslaşırlar”.
İctimai nəzarət mexanizminin əhəmiyyətini vurğulayan Təranə Məmmədova deyir ki, bu işdə psixoloji mərkəzlərin də üzərinə böyük iş düşür. Onun sözlərinə görə, bu məqsədlə artıq 5 ilə yaxındır ki, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi olaraq paytaxt və bölgələrdə müxtəlif sahələr üzrə cəmiyyətin psixoloji maarifləndirilməsi üçün kompleks tədbirlər görülüb və görülməkdə davam edir.
“Ailədaxili münaqişələrin işıqlandırılması zamanı konfidensiallıq qorunmalıdır”
Mənəvi psixoloji tərbiyənin öncə ailədən başlanmasının vacibliyini vurğulayan “Vienna” uşaq akademiyasının direktoru, psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə isə günümüzün narahatlıq doğuran məsələlərindən biri də biganəlikdir. Psixoloq uşaqlar sosial şəbəkələrdən istifadə edən zaman valideynlərin ciddi nəzarət etməsini məsləhət görür: “İnsanın mənəviyyatı, bir tərəfdən, genetik əsaslara malik olsa da, əsasən sosial-mənəvi mühitin təsiri ilə formalaşır. Burada cəmiyyətin mənəvi həyatı, insanın yetişdiyi mühitin kulturoloji aspektləri mühüm rol oynayır. Bir sözlə, məişət zorakılığının kökündə ailə münaqişələri durur ki, bu da daha çox uşaqlara təsir edir, onlar mənəvi-psixoloji zədə alırlar. Nəticədə gənc yaşda intiharlara səbəb olur. Valideynlərin bir qismi ağıllarına belə gətirmirlər ki, övladlarının intiharının əsl səbəbi sosial mediada aparılan intihar təbliğatı ola bilər. Məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi üçün maarifləndirmə işinin gücləndirilməsi mütləqdir”.
Psixoloq onu da bildirib ki, bu tipli materiallara başlıq qoyarkən, şəkil verərkən oxucunun psixologiyası nəzərə alınmalı, hadisə ilə üzləşən insanların yaxınlarına necə təsir edəcəyi düşünülməlidir. “Ölkədə 300-dən artıq internet-media resursu fəaliyyət göstərir. İnternet media inkişaf etdikcə problemlərin də yarandığını müşahidə edirik. Belə ki, bəzi media orqanları neqativ xəbərlərə üstünlük verməklə cəmiyyətdə mənfi rəy formalaşdırmağa, hətta ailə-məişət zəminində törədilmiş cinayətləri şoulaşdırmağa çalışırlar. Belə hallarda özləri də fərqində olmadan sırf reytinq xətrinə məişət zorakılığını təbliğ etmiş olurlar. İstər qanuni, istərsə də psixoloji nöqteyi-nəzərdən ailədaxili münaqişələrin işıqlandırılması zamanı konfidensiallıq qorunmalıdır. Ən azından xəbərlərdə adı çəkilən və şəkilləri göstərilənlərin yaxınları ilə empatiya qurmaq, özünü o insanın yerinə qoymaq lazımdır. Təəssüf ki, bu cür xəbərlərin çox vaxt sosial şəbəkələr üzərindən yayıldığını görürük. Xəbərlərin altında yazılan söyüş və təhqir dolu şərhləri oxuyanda insan heyrətə gəlir. Hadisəni törədənləri qınayanlarla yanaşı, onları dəstəkləyənləri belə görə bilərsiniz. Yaranan fikirayrılıqları isə insanları virtual aləmdə bir-birinə qarşı qoyur”, - deyə Fərqanə Mehmanqızı söyləyib.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 523 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30