
Ölkəmizdə gender sahəsində həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunmuş nailiyyətlər bir çox dövlətlər üçün örnək təşkil edir
Bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik, kişi və qadınlar üçün bərabər imkanların təmin edilməsi vacib məqsədlərdən biri kimi təsbit olunub. Qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə geniş hüquqların verilməsi, onların bütün sahələrdə bərabər təmsilçiliklərinin təmini, fəaliyyət sferalarının təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sahələrdə, hətta siyasi və dövlət idarəetməsində qadınların potensialından səmərəli faydalanması kimi hədəflər milli dövlətlərin inkişaf strategiyasında mühüm prioritetlər kimi çıxış edir. Bununla belə, təcrübə və beynəlxalq təşkilatlar tərəfindən aparılan tədqiqatlar sübut edir ki, dünyada gender sahəsində bu günədək atılmış addımlar problemlərin tam aradan qaldırılması, qadınlar üçün real bərabər imkanların yaradılması, gender əsaslı zorakılıq hallarının tam aradan qaldırılması üçün yetərli deyil. Belə ki, hazırda bütün dünyada hər üç qadından biri öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il dünyada 1200-ə yaxın qadın öz partnyorları və qohumları tərəfindən öldürülür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girməyə məcbur edilir. Qadın və qızların 71 faizi insan alverinin qurbanına çevrilir. Şübhəsiz ki, dünyada bu cür heç də ürəkaçan olmayan hadisələrin yaşandığı bir zamanda ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində gender sahəsində əldə olunan nailiyyətlər bir çox dövlətlər üçün örnək təşkil edir.
Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir
Azərbaycan dövlətinin gender sahəsində qazandığı uğurları şərtləndirən mühüm amillər sırasında xalqımızın ali dəyərləri və ənənələri ilə yanaşı, bu istiqamətdə həyata keçirilən dövlət siyasətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Onun sözlərinə görə, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə qadınlara yüksək dəyər verib. Bu gün həmin ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasınlar. Bu gün qadınlar öz vətəndaş mövqeyi, qadın hünəri ilə kişilərlə çiyin-çiyinə əmək fəaliyyətlərinə davam edirlər. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllində də fəallıq göstərirlər. Hazırda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ailələrin rifahına yönəldilmiş neçə-neçə uğurlu layihə həyata keçirilməkdədir. Regionlara da sirayət edən bu reallıq fəal qadınların üzərinə düşən məsuliyyəti daha da artırır, onların qarşısında yeni vəzifələr qoyur”.
O vurğulayıb ki, qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması hökumətin prioritetlərindəndir.
Azərbaycan qadını ötən müddətdə əsrə bərabər inkişaf yolu keçib
Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, gender sahəsində də həyata keçirilən mütərəqqi siyasətin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı da deyib ki, Azərbaycanda qadın hərəkatına, qadınların ictimai-sosial həyatda fəal iştirakına hər zaman böyük önəm verən Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qadınların hüquq və azadlıqlarının qorunması üçün bir çox normativ hüquqi aktlar qəbul edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu qanunlar, hüquqi baza təkmilləşir. Ölkəmizdə reallaşdırılan mühüm dövlət tədbirləri sayəsində Azərbaycan qadını ötən müddətdə əsrə bərabər inkişaf yolu keçib.
Aqiyə Naxçıvanlı diqqətə çatdırıb ki, Azərbaycan qadını əsrlər boyu xalqımızın ictimai-siyasi həyatında fəal iştirak edib, milli-mənəvi dəyərlərimizin formalaşmasında, qorunmasında əhəmiyyətli rol oynayıb. Qadınlarımız bu gün də müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının inkişafına öz töhfələrini verirlər.
Azərbaycanın gender sahəsində nəzərə çarpan uğurlarından biri də bu istiqamətdə güclü qanunvericilik bazasının yaradılmasıdır. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova qəzetimizə açıqlamasında bildirib ki, demokratik norma və prinsipləri mənimsəmiş, uğurla inkişaf edən modern dövlət olaraq Azərbaycanda gender sahəsində fəaliyyətin tənzimlənməsi üçün geniş hüquqi baza yaradılıb. S.Qafarova deyib ki, bu gün Azərbaycan Respublikasının bütün qanunları (Cinayət Məcəlləsi, Mülki Məcəllə, Əmək Məcəlləsi, Ailə Məcəlləsi və s.) və normativ hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır ki, bunlar bütövlükdə Konstitusiya əsasında işlənib hazırlanmışdır. Bu qanunlarda qadınlara qarşı ayrı-seçkiliyə yol verən müddəalar yoxdur və qanun çərçivəsində insanlar cinsi mənsubiyyətə görə məhdudlaşdırılmır. Qanunvericilik insan hüquqları və mənafelərini cinsi mənsubiyyətdən asılı olmayaraq qoruyur və əsas beynəlxalq humanitar aktların tələblərinə cavab verir. Beləliklə, yaradılan münbit şərait Azərbaycan qadınının ictimai həyatın hər bir sahəsində fəallıq göstərməsini şərtləndirib və bunun nəticəsidir ki, öz işində peşəkar, sahəsindən asılı olmayaraq, bilikli bacarıqlı yüksək səviyyəli mütəxəssis olan Azərbaycan xanımları dünyaya fəal qadın nümunəsi göstərirlər: “Eyni zamanda, Milli Məclisin deputatı olan qadınlarımız təmsil olunduqları beynəlxalq təşkilatlarda ölkəmizin maraq və mövqelərini müdafiə etməklə yanaşı, dünyada baş verən problemlərin həllində, müasir çağırışların yerinə yetirilməsində fəallıq və təşəbbüs göstərir, bir çox beynəlxalq tədbirlərdə nüfuzlu beynəlxalq təşkilatları təmsil edirlər. Parlament əməkdaşlıq və dostluq qruplarında uğurlu fəaliyyətimiz Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsinə töhfə verir. Azərbaycan Milli Məclisinin sədr müavinlərindən biri qadındır, bir sıra parlament komitələrinə qadın millət vəkillərimiz rəhbərlik edir. Parlament nümayəndə heyətinin başçısı olan qadınlarımız ölkə həqiqətlərinin yayılmasında, beynəlxalq mövqelərimizin güclənməsində və milli maraqlarımızın qorunmasında fəal iştirak edirlər, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların işinə öz xidmətləri ilə mühüm töhfə verirlər”.
Ölkəmizdə gender sahəsində nümunəvi siyasət həyata keçirilir
Azərbaycan qadınları bir çox sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti institutlarının işində də örnək fəaliyyət ortaya qoyurlar. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafı prosesinə nəzər yetirsək, bu prosesdə də qadınlarımızın fəal iştirakını müşahidə edirik: “Bir çox qeyri-hökumət təşkilatının yaradıcısı qadınlarımızdır. Bu təşkilatlar ən müxtəlif sahələrdə uğurla fəaliyyət göstərməklə yanaşı, ölkəmizdə gender məsələlərinin həllinə də dəstək verirlər. Bu gün xanımlarımız, gənc qızlarımız vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin fəaliyyətinə maraq göstərir, təşkilatlara üzv olurlar”.
Nərgiz Xələf daha sonra bildirib ki, ölkəmizdə gender sahəsində nümunəvi siyasət həyata keçirilir. O xatırladıb ki, Azərbaycan müsəlman dünyasında qadına ilk səsvermə hüququnu təmin edən ölkədir. Azərbaycan bu qərarı qəbul edərkən bu gün demokratik inkişafı ilə öyünən bəzi dövlətlərdə qadınlar bu hüquqdan məhrum idilər. Bu faktın özü belə ölkəmizdə qadın hüquqlarının qorunmasına, qadınlarımızın cəmiyyət həyatında fəal təmsilçiliyinin təmin olunmasına verilən önəmi ifadə edir: “Azərbaycan tarixi xanımlarımızın qəhrəmanlıqları, onların dövlət və xalq naminə fədakar fəaliyyət nümunələri ilə zəngindir. Ədəbiyyatımızda böyük əsərlər yaratmış qadın şair və yazıçılarımız var. Müasir dövrdə də həyata keçirilən uğurlu gender siyasəti nəticəsində qadınlarımızın rolu durmadan artır. Azərbaycan diplomatiyasının uğurlarında qadınlarımızın rolu və payı aydın şəkildə görülməkdədir. Dövlət idarəetməsində, siyasi proseslərdə qadınlarımızın nümunəvi fəallığı təqdirəlayiqdir. Diplomat qadınlarımız yüksək peşəkarlıq və cəsarətlə xarici siyasətimizin həyata keçirilməsində iştirak edirlər. Xaricdə yaşayan diasporumuzun qadın üzvləri yaşadıqları ölkələrin ictimai həyatında çox fəal şəkildə iştirak edir, bəziləri idarəetmədə, qanunvericilik orqanlarında təmsil olunurlar”.
Milli Məclisin deputatı Dilarə Cəbrayılova da qəzetimizə açıqlamasında ölkəmizdə qadınlarımızın fəal təmsilçiliyinin və real bərabər imkanların təmin olunması istiqamətində həyata keçirilən siyasətin uğurlu nəticələr verdiyini bildirib. Onun sözlərinə görə, hökumət və dövlət rəsmiləri kimi fəaliyyət göstərən qadınlarımız nüfuzlu beynəlxalq təşkilatların rəhbər orqanlarına seçilir, onlara böyük etimad göstərilir. “Bu gün qadınlarımız dövlət komitəsinə rəhbərlik edir, bir sıra nazirlərin, şəhər və rayon icra hakimiyyəti başçılarının müavinləri vəzifəsində uğurla fəaliyyət göstərirlər. Həmçinin qlobal problemlərin həllində Azərbaycanın qadın hökumət təmsilçiləri söz sahibi kimi çıxış edir, dünyada gender bərabərliyinin təmin olunması məsələlərinə layiqli töfhələr verirlər. Bu gün elmdə, təhsildə çalışan qadın alimlərimizin elmi fəaliyyəti, dünya elminə sanballı töhfələri ən yüksək mükafatlara layiq görülür, onların elmi nailiyyətlərinə istinad olunur. Azərbaycan qadını çox mürəkkəb elmi tətbiqlərin, ixtiraların altına parlaq imzasını atmaqdadır. Azərbaycan qadınları idman arenalarında ölkəmizin üçrəngli bayrağını fərəhlə və qürurla dalğalandırır, dünyanın ən güclü idmançıları sırasında bu gün qadın idmançılarımızın adları da yüksək səslə çəkilir.
Şübhə yoxdur ki, bütün bunlar bir daha əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gender siyasətinin, qadınlarımıza dövlət diqqət və qayğısının, qadınlar üçün bərabər imkanların yaradılması siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsinin möhtəşəm uğurlarıdır”.
Aqşin ŞAHİNOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
- Oxunub: 2550 |
- Tarix: 06-12-2018 |
-
Çap et |