Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Milli Məclisin sədr müavini Bahar Muradova Lələtəpədə hərbi qulluqçularla görüşüb

Milli Məclisin sədr müavini Bahar Muradova Lələtəpədə hərbi qulluqçularla görüşüb

07.04.2018 [10:07]

Milli Məclisin sədr müavini Bahar Muradova 2016-cı ilin Aprel zəfərinin ikinci ildönümünün təntənəli surətdə qeyd olunduğu günlərdə cəbhəyanı bölgəyə gedərək, Lələtəpə zirvəsində hərbi qulluqçularla görüşüb. Onları Azərbaycanın hərb tarixində önəmli yer tutan, dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini, vətənpərvərliyini dünyaya nümayiş etdirən, düşməni sındıran Aprel zəfərinin ikinci ildönümü münasibətilə təbrik edib, problem və qayğıları ilə maraqlanıb.
Lələtəpə zirvəsindən xoş təəssüratlarla qayıdan Bahar Muradova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Füzuli bölgəsinə növbəti səfərim zamanı Lələtəpə zirvəsinə qalxmağı, orada döyüş növbəsi çəkən əsgərlərlə görüşməyi özümə borc bildim. Təpələr, yamaclar yamyaşıl libasa bürünmüşdü. Hər tərəfdən baharın xoş ətri gəlirdi. Dövlət bayrağımız zirvədə əzəmətlə dalğalanırdı. Vətən əsgərləri ön səngərdə ayıq-sayıq dayanmışdılar. Onların şux görkəmi, vüqarlı duruşu ilk baxışdan məni qürurlandırdı”.
Dəmir dəbilqəli, zireh geyimli, çiyni silahlı bir əsgərin zirvədən dərdiyi lalələrlə məni qarşılayarkən dediyi “Bunlar lalə deyil, mərd oğulların bir zaman su kimi torpağa hopmuş qanıdır, göyərib üzə çıxıb” sözlərindən çox duyğulandım. Kövrəldiyimi görən əsgər sonra əlavə etdi ki, işğal altında olan digər torpaqlarımızı da azad edəcəyik. Aprel zəfəri təkrarlanacaq. İnşallah, gələn yaza Şuşa, Xankəndi, Laçın, Kəlbəcər və digər yurd yerlərimizdə də hər tərəf al-qırmızı lalələrə bürünəcək.
Əsgərin bu inamı, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, ərazi bütövlüyümüzün təmin olunacağına əminliyi məni çox sevindirib.
İki il öncə Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində nəzarətə götürülmüş, indi əkib-becərilən əraziləri, yenidən qurulmuş Cocuq Mərcanlı kəndini, buradakı Şuşa məscidinin oxşarını heyranlıqla seyr etdim. Yolumuzu intizarla gözləyən əzəli və əbədi torpaqlarımıza həsrətlə baxdım. Döyüşçülərlə söhbət etdim, problem və qayğıları ilə maraqlandım. “Bircə problemimiz varsa, o da Dağlıq Qarabağ problemidir. Onu da həll etməyə hazır və qadirik!” - deyiblər.
Döyüş mövqeyində hərbi qulluqçular üçün yaradılmış şəraitlə də tanış oldum. Yataqları tərtəmiz, səliqə-sahmanlı, ərzaq anbarı çeşid-çeşid məhsullarla dolu idi, asudə vaxtlarını səmərəli keçirmək üçün hər cür avadanlıqlar var. Silah-sursatlarına da söz ola bilməz. Düşmənə zərbə vurmaq üçün kifayət qədər müasir silahımız var.
Hiss etdim ki, onlar üçün apardığım sovqatlara da ehtiyacları yoxdur.
Ön səngərdə dayanan əsgər və zabitlərdə elə bir məğrurluq, dəyanət gördüm ki, sevincimin həddi-hüdudu olmadı. Döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji hazırlıqları, vətənpərvərlik hissləri, məkrli və hiyləgər düşmənə qarşı qəzəb və nifrətləri sonsuz idi. Bir hücum əmrinə bənddirlər.
Əməkdar İncəsənət Xadimi Abdulla Qurbani və Mərkəzi Zabitlər Evinin bədii təşviqat qrupu da zirvədə idi. Onlar vətənpərvərlik şeirləri və mahnıları ilə döyüşçüləri daha böyük qələbələr qazanmağa ruhlandırıblar.
Lələtəpə müdafiəçiləri Azərbaycan Respublikası Prezidentinin, Müdafiə Nazirliyi rəhbərliyinin ordumuza göstərdiyi diqqət və qayğıdan minnətdarlıqla danışıblar.
Aprel döyüşlərinin iştirakçısı olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu söhbət zamanı deyib ki, “Əsgəri güllə öldürmür, əsgər unudulanda ölür. Biz isə fəxr edirik ki, şəhidimiz hörmətlə son mənzilə yola salınır, şəhid ailəsi hərtərəfli qayğı ilə əhatə olunur. Azərbaycan əsgəri isə heç vaxt unudulmur. Bax, bunu görəndə biz daha güclü, daha qüvvətli oluruq”.
Bu səfər zamanı da bir daha şahidi oldum ki, Azərbaycan əsgərinin heç bir maddiyyata ehtiyacı yoxdur. Onlara yalnız mənəvi dayaq olmaq lazımdır. Bu, ümumxalq hərəkatına çevrilməlidir. Əsgər unudulmamalı, yaddan çıxmamalıdır. Hər nə yaxşı varsa, əsgər üçün, ordu üçün, qələbə üçün olmalıdır. Axı onlar möhtəşəm Aprel zəfəri ilə xalqımıza qələbə sevinci yaşadan, hələ bundan sonra da neçə-neçə zəfər müjdəsi gətirəcək xalqımızın igid oğulları, mübariz əsgərlərimizdirlər.

Paylaş:
Baxılıb: 370 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30