Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan dövləti uşaq və gənclərin inkişafı istiqamətində mühüm addımlar atır

Azərbaycan dövləti uşaq və gənclərin inkişafı istiqamətində mühüm addımlar atır

13.02.2018 [09:47]

Ölkəmizdə uşaqların və gənclərin fiziki-mənəvi sağlamlığı hər zaman diqqət mərkəzində saxlanılır
Hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də uğurla reallaşdırılan səmərəli gənclər siyasəti təşkil edir. Öz növbəsində, dinamik inkişafa və əsaslı ictimai-siyasi sabitliyə malik olan, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınan Azərbaycanda da uğurlu uşaq və gənclər siyasəti həyata keçirilir. Məhz bunun nəticəsidir ki, dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan gənclərimiz cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edir və onların fəaliyyəti Azərbaycanın dinamik inkişafına əhəmiyyətli töhfələr verir.
Uğurlu uşaq siyasəti gələcəyimizin qarantıdır
Ölkəmizdə ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların sağlamlığına, təhsilinə və yaşayış şəraitinə xüsusi əhəmiyyət verilir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də uğurla davam etdirilən sosial yönümlü siyasətin tərkib hissəsi olan uşaq hüquqlarının qorunması dövlət rəhbərinin daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzalayır, tədbirlər görür. Ölkəmiz 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya - uşaqlarla bağlı əsas beynəlxalq konvensiyanın üzvüdür. Azərbaycanda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qeyd etmək lazımdır ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır.
Prezident İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Elə həmin il - “Uşaq ili” çərçivəsində 17-18 dekabr tarixlərində ilk dəfə Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu keçirilib. Ümumiyyətlə, uşaqlarla bağlı keçirilən forumlar ölkəmizdə dövlət uşaq siyasətinin daha yüksək səviyyədə inkişaf etdirilməsində xüsusi rol oynayıb. Vurğulayaq ki, indiyə qədər 4 Forum keçirilib. 17-18 dekabr 2009-cu il tarixində I Forumda 56 rayon və şəhərdən 250 uşaq iştirak edib. 16 noyabr 2011-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT Uşaq Fondunun ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə II Forum keçirilib. Bu Forumda respublikanın 85 rayon və şəhərindən 350 uşaq iştirak edib. III Forum isə 17 noyabr 2014-cü il tarixində keçirilib və həmin tədbirdə də 350-dən çox uşaq iştirak edib. III Forumun yekununda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanmış Bəyanat, Forumun Bəyannaməsi və ölkə başçısına Müraciət qəbul edilib. 2017-ci ilin noyabrında isə IV Uşaq Forumu keçirilib.
Hazırda ölkəmizdə iki milyon altı yüz minə yaxın uşaq var. Dövlət tərəfindən mütəmadi olaraq qaçqın və məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə, uşaq iştirakçılığına yönəlmiş tədbirlər keçirilir. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olub. Xüsusilə də “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” devizini irəli sürən Mehriban xanım uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə təhsil ocağı tikilib istifadəyə verilib. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və “Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində 100-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunub. Kimsəsiz, yetim, fiziki sağlamlığında problemi olan uşaqların sosial-psixoloji reabilitasiyası üçün resurs mərkəzinin yaradılması, bu uşaqların məşğulluğunun təmin edilməsi, eləcə də müxtəlif peşələrin öyrədilməsi, “Təhsilə dəstək” və “İnklüziv təhsil” proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır.
Gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan gəncliyinin də uğurlu inkişafında yeni bir səhifə açdı. 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu istiqamətdə görüləcək tədbirlərin başlanğıcı idi. 1996, 1999 və 2003-cü illərdə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, bura xaricdə yaşayan həmvətənlərimizin də dəvət olunması bu istiqamətdə mühüm siyasi dönüş yaratdı. 1997-ci il fevralın 1-də Ümummilli lider Heydər Əliyev “2 fevral - Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncama uyğun olaraq hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. 1999-cu ilin iyulunda ölkə başçısı tərəfindən imzalanan “Dövlət gənclər siyasəti haqqında” Fərmana uyğun olaraq təsdiqlənmiş tədbirlər planında gənclər siyasətinin bütün istiqamətləri öz əksini tapdı. 2002-2003-cü illərdə qəbul olunan “Gənc istedadlar üçün xüsusi təqaüd təyin edilməsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” sənədlərin gənclərin həyatında xüsusi rolu oldu. Eyni zamanda, Gənclər, İdman və Turizm Nazirliyi müvafiq dövlət orqanları ilə birlikdə “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və digər problemlərin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu ilə bağlı” və s. proqramlar hazırladı. Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi və respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi ümumi işə öz töhfələrini verdi. Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli, hüquqlarının müdafiəsi sahəsində daha ciddi tədbirlər görmək, həyata keçiriləcək gənclər siyasətini tənzimləmək məqsədilə hazırlanmış “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il tarixli Fərmanla qüvvəyə mindi.
Hazırda isə Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən inamla və ardıcıllıqla həyata keçirilir. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamdan irəli gələrək gənclərin inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və mühüm nəticələr əldə olunub. Bununla yanaşı, dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın qəbul edilməsi müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb. Həmçinin 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da gənclərin potensialının yüksəldilməsi ayrıca nəzərdə tutulub. Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması da müstəsna əhəmiyyət kəsb edir. Gənclər siyasəti çərçivəsində Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması, onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən gənclər mərkəzlərinin və gənclər evlərinin tikilməsi səmərəli nəticələrin əldə olunmasını şərtləndirib.
Heç şübhəsiz, Azərbaycanda gənclərə dövlət qayğısının ən önəmli nümunələrindən biri də Azərbaycanda qeyri-hökumət təşkilatları sektorunda yer alan gənclər təşkilatları vasitəsilə həyata keçirilən fəaliyyətdir ki, bu sahədə də aktivlik müşahidə olunur. Öz növbəsində, göstərilən diqqət və qayğıdan güc alan Azərbaycan gənclər təşkilatları bu gün yalnız yerli və məhdud səviyyədə deyil, regional və beynəlxalq arenada mühüm layihələr həyata keçirir, ölkəmizin gənclər siyasətini layiqincə təbliğ edirlər.
Yeri gəlmişkən, 2016-cı ildə Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşən Prezident İlham Əliyev bildirmişdi ki, gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Dövlət başçısı gənclərin fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edərək vurğulamışdı ki, gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq: “Biz bu gün güclü dövlət qururuq. O dövlət ki dünya miqyasında böyük hörmətə malikdir. Biz çalışmalıyıq və çalışırıq ki, inkişafımız dayanıqlı olsun. Buna nail olmaq üçün, sadəcə, güclü iqtisadiyyata malik olmaq kifayət deyil. Dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər. Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq”.
Beləliklə, bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti gəncliyin inkişafına xüsusi diqqət yetirir. Başqa sözlə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir. Bu siyasət bir çox inkişaf etmiş ölkələrin gənclər siyasətindən daha üstün və səmərəlidir, həmçinin bir sıra ölkələr üçün nümunədir.
Pərviz SADAYOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 421 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31