
Könül Əliyeva: Əsas məqsədim ali təhsilimi uğurla başa vurub, dövlətimizə, xalqımıza xidmət etmək idi. Çox şadam ki, bu arzumu gerçəkləşdirə bildim
Son dövrlərdə Azərbaycanda digər sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox mühüm nailiyyətlər əldə edilib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri uğurlu işlərə imza atır, o cümlədən dünyanın bir çox ölkələrində təhsil aldıqdan sonra Vətənə geri qayıdırlar. Belə gənclərimizdən biri də Könül Əliyevadır.
Məlumat üçün bildirək ki, Könül Əliyeva 1988-ci ildə Mingəçevir şəhərində anadan olub. 1998-ci ildə atasının işləri ilə bağlı Rusiyanın Yaroslavl şəhərinə köçməli olublar. 2015-ci ildə Yaroslavl Dövlət Tibb Akademiyasının pediatriya fakültəsini bitirib. Ürəyi yurd həsrəti ilə döyünən gəncimiz daha sonra Azərbaycana qayıdıb.
Bu günlərdə redaksiyamızın qonağı olan Könül təhsilini başa vurduqdan sonra həkim kimi fəaliyyətə başladığını deyib: “İlk növbədə, qeyd edim ki, bununla ikinci dəfədir ki, “Yeni Azərbaycan” qəzetinin redaksiyasındayam. 4 il öncə də tələbə kimi qonağınız olmuşdum. Biz gənclərə yaradılan şəraitə və uğurlarımızı işıqlandırdığınıza görə redaksiyanızın rəhbərliyinə və kollektivinə təşəkkürümü bildirirəm. O zaman da bildirdiyim kimi, əsas məqsədim ali təhsilimi uğurla başa vurub, dövlətimizə, xalqımıza xidmət etmək idi. Çox şadam ki, bu arzumu gerçəkləşdirə bildim”.
Müsahibimiz xaricdə təhsil alan azərbaycanlı gənclərə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, yaradılan imkanlar gənclər üçün böyük fürsətdir: “Təhsil Nazirliyinin qəbul etdiyi qaydalar əsasında diplomum təsdiqləndikdən sonra Səhiyyə Nazirliyi tərəfindən müvafiq şəhadətnamə də verildi. Daha sonra Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu ilə bağlı imtahan verdim. Həmin müsabiqənin uğurlu yekununa əsasən hazırda M.Qəmbərov adına 5 saylı uşaq poliklinikasında pediatr kimi fəaliyyət göstərirəm. Bir sözlə, Rusiyada təhsil alsam da, Azərbaycanda tam şəffaf şəkildə diplomumu təsdiqlədib, işlə təmin olundum. Yaradılan bu imkanlar biliyi və savadı olan biz gənclər üçün böyük fürsətdir”.
“Azərbaycanda hazırda müasir standartlara cavab verən səhiyyə sistemi mövcuddur. Mən də bu sahəyə göstərilən diqqət və qayğıdan faydalanaraq xalqımıza, vətəndaşlarımıza xidmət etməkdən məmnunam. Uşaqlarla işləmək çox maraqlıdır. Onların məsumluğu işimə sevgini daha da artırıb. Zamanın necə keçdiyinin belə fərqinə varmıram. Gənc yaşda qazandığım bu uğurlarıma görə çox sevincli və qürurluyam”, - deyə soydaşımız söyləyib.
Bizimlə söhbətində Yaroslavl şəhərində güclü Azərbaycan diasporunun formalaşdığını da söyləyən Könül Əliyeva “harada olmağımızdan asılı olmayaraq, dövlətimizin dəstəyini daim hiss etmişik və bu, bizə daha çox güc verib”, - deyə əlavə edib.
Müşfiqə BAYRAMLI
- Oxunub: 2040 |
- Tarix: 11-01-2018 |
-
Çap et |