Ana səhifə »  Sosial »  Nəsib Quliyev: Ana və uşaqların sağlamlığının mühafizəsi Azərbaycan səhiyyəsinin prioritetidir
A+   Yenilə  A-
Nəsib Quliyev: Ana və uşaqların sağlamlığının mühafizəsi Azərbaycan səhiyyəsinin prioritetidir

Müsahibimiz Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb elmləri doktoru Nəsib Quliyevdir:
- Nəsib müəllim, hazırda Azərbaycan səhiyyəsi uğurla inkişaf edir. Bu inkişaf uşaqların sağlamlığının qorunmasında özünü necə ifadə edir?
- Məlum olduğu kimi, dünyada hər bir dövlətin, cəmiyyətin inkişaf səviyyəsini xarakterizə edən bir sıra göstəricilər var. Həmin göstəricilərə beynəlxalq təşkilatlar da istinad edirlər. Bunlardan biri də ana və uşaqların sağlamlığının göstəriciləridir. Əslində biz uşaqlara cəmiyyətdə gostərilən qayğını, münasibəti obrazlı desək, barometr adlandırırıq. Çünki uşaqlar cəmiyyətdə baş verən proseslərin xeyli qismini özündə əks etdirir. Bu həmçinin uşaqların sağlamlığı ilə bağlıdır.
Azərbaycanda ana və uşaqların sağlamlığı işi, xüsusilə, dövlətimiz müstəqillik əldə etdikdən sonra basladı. Müstəqilliyimiz 1991-ci ildə elan olunsa da, biz onun dadını Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hiss etmisik. Ölkəmizdə insanların sağlamlığı, bütövlükdə götürsək, səhiyyə strategiyası da müstəqilliyin ilk illərində Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunub. Çox şükürlər olsun ki, həmin siyasət bu gün uğurla davam edir. Bu gün uşaqların cəmiyyətdə mövqeyi, sağlamlığı, təhsili məsələləri dövlətin qayğısı ilə əhatə olunub.
Təəssüflə qeyd etməliyik ki, müstəqilliyin ilk illərində cəmiyyətdə mövcud olan böhran şəraitində ana və uşaqların sağlamlığının qorunması məsələləri də dərin böhran keçirirdi. 1992-1993-cü illərdə Azərbaycanda uşaqlar cəmi 5 yoluxucu xəstəliyə qarşı peyvənd olunurdular. O peyvənd materialları, vaksinlər də gah olurdu, gah da olmurdu. Digər tərəfdən, təəssüf ki, həmin illərdə Azərbaycanda uşaqlar arasında poliomielit, difteriya, qızılca, qızılca məxmərəyi kimi xəstəliklər epidemiya həddinə çatmışdı. Uşaqlar difteriya xəstəliyindən, qızılcadan, poliomielitdən tələf olurdular. Xatırlayıram ki, 1992-ci ildə Azərbaycanda poliomielitlə xəstələnən uşaqların sayı bütün Avropa regionunda bu xəstəlikdən əziyyət çəkənlərin üçdə ikisinə bərabər idi. Yəni biz belə bir böhranla qarşılaşmışdıq. O zaman tibb müəssisələri, demək olar ki, dağılmışdı, maddi-texniki baza yox səviyyəsində idi.
Şükürlər olsun ki, xalqın çağırışı ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Səhiyyə ilə bağlı vəziyyəti dərindən təhlil edən Ulu öndərimiz hakimiyyətə qayıtdığı ilk illərdə Öz nüfuzu hesabına postsovet məkanında ilk dəfə olaraq Avropa banklarından böyük məbləğdə kredit götürdü. Bu kredit epidemiyaların qarşısının alınmasına, dərmanların, vaksinlərin gətirilməsinə sərf olundu. 1996-cı ilin noyabrında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirdiyi müşavirədə elan olundu ki, Azərbaycan MDB dövlətləri içərisində birinci ölkədir ki, difteriya və poliomielit xəstəliyinin qarşısını almağa nail olub. Yəni o zaman bu xəstəliklərin səviyyəsi kəskin azalmağa başladı və yox həddinə çatdı. 2002-ci ildə isə Azərbaycan ÜST-ün Avropa Bürosunun poliomielit xəstəliyindən azad ölkə sertifikatını aldı.
O zaman mövcud olan bu ağır problemlər Azərbaycan dövlətinin sosialyönümlü siyasəti nəticəsində qətiyyətlə həll olunmağa başladı.
1997-ci ildə “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun qəbul olunması bu məsələlərdə nizam-intizam yaradılmasına böyük dəstək verdi. Ölkəmiz artıq 2000-ci illərin əvvəlində səhiyyədə, o cümlədən uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinə görə böhranlı vəziyyəti aradan qaldırmış oldu. O zamandan da dayanmadan, səhiyyənin bütün sahələrində olduğu kimi, ana və uşaqların sağlamlığının mühafizəsində də ardıcıl uğurlar əldə etməyə başladıq. Beləliklə, ağır illər geridə qaldı, Azərbaycan səhiyyəsinin yüksəliş dövrü başladı.
Ötən 10-15 il ərzində ana və uşaqların mühafizəsi məsələləri də böhran və stabilləşmə mərhələsini keçərək özünün inkişaf mərhələsinə qədəm qoydu. Biz çox sevinirik ki, səhiyyə sahəsində əldə edilən uğurlar bu nəticələrin əldə olunmasına böyük təkan verdi.
2003-cü ilin noyabr ayında “Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Dövlət Proqramının qəbul olunması da bu işdə böyük dönüş əldə etməyimizə səbəb oldu. 2006-cı ilin fevral ayında Səhiyyə Nazirliyinin kollegiya iclasında ana və uşaqların sağlamlığının qorunması işi Azərbaycan səhiyyəsinin prioriteti kimi qəbul olundu. O zamandan başlayaraq ölkədə ana və uşaqların mühafizəsi poblemlərinin ardıcıl olaraq həll olunmasının və böyük uğurların əldə edilməsinin şahidi olduq. Təsəvvür edin ki, ötən 10-11 il ərzində Azərbaycanda 600-dən artıq yeni tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunaraq yenidən istifadəyə verilib. Bəzən 10-11 ili həftələrə bölürəm və orta hesabla 550 həftə edir. 10-11 il ərzində tikilən səhiyyə müəssisələrini həftələrə böləndə hər həftəyə 1 tibb müəssisəsi düşür. Bunların içərisində ana və uşaqların mühafizəsinə xidmət göstərən tibb müəssisələri də var.
- Ana və uşaqların sağlamlığının qorunması ilə əlaqədar bir sıra proqramlar və qanunlar qəbul olunub. Bu sənədlərin əhəmiyyəti nədən ibarətdir?
- 2006-cı ildə Azərbaycanda ana və uşaqların mühafizəsi haqqında yeni Dövlət proqramı qəbul olundu. Bu proqram 2006-2011-ci illəri əhatə etdi və o zaman həmin proqrama uyğun olaraq ölkənin 7 bölgəsində perinetal mərkəzlər yaradıldı. Bu mərkəzlərin yaradılması da çox vacib, vaxtında və düzgün atılmış addım kimi qəbul olunmalıdır. Çünki uşaqlar arasında xəstəliklər və ölüm göstəricilərini araşdırarkən aydın oldu ki, uşaq ölümünə daha çox çağalıq, doğulandan ilk bir ay ərzində, yaxud da 1 yaşa qədər daha çox rast gəlinir. Təbii ki, perinatal mərkəzlərin yaradılmasında məqsəd bu idi ki, uşaqlar arasında xəstəlik və ölüm göstəriciləri azalsın, tibbi xidmət daha da yüksəlsin. Belə də oldu.
Həmin Dövlət proqramı çərçivəsində ölkəmizdə ilk dəfə olaraq uşaqlar dünyaya gəldikcə onlara elektron sağlamlıq kartları verilir. Bu gün də proses uğurla davam edir. Hazırda bütün uşaqlarda elektron sağlamlıq kartları mövcuddur. Ona başqa sözlə bioloji pasport da deyirlər. Bu, o deməkdir ki, uşaqların sağlamlığı ilə bağlı aparılan tədbirlər, onların xəstəlikləri, müalicəsi və s. məsələlər həmin kartda məlumat şəklində yerləşdirilir.
Görülən işlərin davamı olaraq 2005-2015-ci illərdə uşaqlara xidmət sahələri yeniləndi və ya yeni sahələr yaradıldı. Bunlar hansılardır? Uşaq onkologiya xidməti, uşaq onkohemotologiya xidməti, uşaq oftalmologiya xidməti, uşaq nefrologiya, nevrologiya, nevrocərrahiyyə, uşaq kardiocərrahiyyə xidməti, hematologiya, urologiya xidmətləri və s. yaradıldı. Yəni çoxlu sayda uşaqlara xidmət göstərən ixtisaslara müvafiq stasionarlar və xidmət sahələri yaradıldı. Bütün bunların nəticəsində də uşaqlar xəstələnəndə onu müalicə üçün hara aparmaq lazım olduğu bilinir. Yəni müvafiq xəstəliklərin müalicəsi ilə bağlı dəqiq yerlər var.
Ümumiyyətlə, ölkə Prezidenti uşaq səhiyyəsini şəxsi nəzarətində saxlayır. Bu diqqətin nəticəsi olaraq 2009-cu il dövlət başçısı tərəfindən “Uşaq ili” elan olundu. Həmin il çərçivəsində müxtəlif tədbirlər keçirildi və cəmiyyətin diqqəti uşaqlara yönəldi. 2013-cü ilin mart ayında isə dövlət başçısının təşəbbüsü ilə “Azərbaycanda uşaqların icbari dispanserizasiyası haqqında” qanun qəbul olundu. Belə bir qanun bizi əhatə edən ölkələrdə yoxdur. Bu, çox vacib bir qanundur. Qanunun tutumu çox böyükdür və əhalinin üçdə birini əhatə edir. Qanunla uşaqların müayinəsi məcburidir. Dövlətin hesabına aparılır. Bu da uşaqlara olan diqqətin və məsuliyyətin qat-qat artırılmasına gətirib çıxardı. Qanuna görə, 1 yaşa qədər uşaqlar il ərzində bir neçə dəfə, 1 yaşından sonra rübdə bir dəfə, 2-3 yaşda olanlar hər yarım ildə bir dəfə və 3 yaşdan sonra uşaqlar hər ildə bir dəfədən az olmayaraq kompleks tibbi müayinələrdən keçirilir. Uşaqların müayinəsində isə ən azı 10 tibb mütəxəssisi iştirak edir. Qanun bizə imkan verir ki, uşaqlarda mövcud olan problemləri erkən dövrdə, gecikmədən aşkara çıxara bilək. Buna tibb dilində erkən müdaxilə deyirlər.
Burada təkcə tibb mütəxəssislərinin yox, cəmiyyətin, o cümlədən valideynlərin də məsuliyyəti artır. Məsələn, valideyn uşağa peyvənd vurdurmaqdan imtina edirsə, ondan yazılı izahat tələb olunur. Uşaq cəmiyyətin üzvüdür və onun hüquqları var. Azərbaycan 1992-ci ildə Beynəlxalq Uşaq Hüquqları Konvensiyasına qoşulub və hər 5 ildən bir BMT-də hesabat verir. Qanunun tələbinə görə, valideyn istədiyi hərəkəti edə bilməz. Çünki uşaqların xəstəliklərdən qorunma haqqı var. Qanun da bir daha uşaqların sağlamlığına xidmət edir.
- Uşaqların sağlam böyüməsi üçün onların normal və düzgün qidalandırılması da vacib şərtlər sırasındadır. Bu baxımdan ölkəmizdə vəziyyət necədir?
- Uşaqların sağlam böyüməsi üçün ən böyük əhəmiyyət kəsb edən məsələlərdən biri onların dünyaya gəldiyi andan düzgün qulluğun və qidalanmanın təmin olunmasıdır. Bununla bağlı da Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır. Hələ 2003-cü ildə “Körpələrin və erkən yaşlı uşaqların qidalandırılması haqqında” qanun qəbul olunub. O zaman Azərbaycan dünyada 55-ci ölkə idi ki, belə bir qanun qəbul etdi. Bu qanun 3 hissədən ibarətdir. Birinci hissə ana südü ilə qidalanmanın təmin və təbliğ olunmasıdır. Qanunun ikinci bölməsində süd verən analara dövlət tərəfindən əlavə dəstək, güzəşt və müavinətlər nəzərdə tutulur. Və üçüncü bölmə uşaqların süni yolla qidalanması üçün qida qatışıqlarının ölkəyə gətirilməsinə dövlət nəzarətinin təmin olunması məsələlərini əhatə edir. Hazırda bu qanun uğurla tətbiq olunur.
Mənim yadımdadır ki, 1992-1993-cü illərdə ölkəmizdə aparılan sorğu nəticəsində məlum oldu ki, dünyaya gələn uşaqların cəmi 25 faizi 1 yaşa qədər ana südü ilə qidalanır və yerdə qalan 75 faiz süni qida qəbul edirdi. Bu məsələdə indi biz xeyli irəliləyişə nail olmuşuq. İndi ana südü ilə qidalanma 50 faizi ötüb. Amma təəssüf ki, bu məsələyə insanlar düzgün qiymət vermirlər. Sual ola bilər ki, hər bir ana uşağa süd verə bilər və bunun üçün bu qanun nəyə lazımdır? Amma nəzərə almaq lazımdır ki, bu məsələdə çoxsaylı problemlər var. Digər canlılardan fərqli olaraq, insan dünyaya gətirdiyi balasına bu təbii qidanın verilməsində problemlər yaradır. Ona görə də bu istiqamətdə işlər davam edir. 2014-2020-ci illəri əhatə edən Azərbaycanda ana və uşaqların sağlamlığının yaxşılaşdırılması haqqında Dövlət Proqramında xüsusi bəndlər var ki, bu bəndlər körpələrin təbii yolla bəslənməsinə xidmət edir. Bu məsələdə Səhiyyə Nazirliyi UNİSEF və ÜST-lə əməkdaşlıq edir. Bizim məqsədimiz odur ki, ana südü ilə bəslənən uşaqların sayını maksimum həddə çatdıraq. Tibbi araşdırmalar göstərir ki, uşaq dünyaya gətirən hər 100 anadan ikisində özündən asılı olmayan səbəblərdən ana südü çatışmazlığı olur. Əslində, məntiqlə ölkəmizdə uşaqların 98 faizi ana südü ilə qidalana bilər, amma göründüyü kimi, bunun baş verməməsi subyektiv səbəblərlə əlaqəlidir. Hələ 1350 il əvvəl yazılmış müqəddəs kitabımız Qurani-Kərimin Bəqərə surəsinin 233-cü ayəsində göstərilir ki, ana uşağına iki il süd verməlidir. Biologiyanın qanunu var ki, bir canlının öz balası üçün hasil etdiyi qidanın başqa canlının balasına verilməsinə bioloji fəlakət deyirlər. Maraqlı odur ki, bütün canlılar buna əməl edir, yəni öz balasını öz südü ilə qidalandırırlar. Amma dünyanın əşrəfi hesab olunan insanlar bu qanundan yayınırlar. Həqiqətən də, düşünəndə görürük ki, bu, dəhşətli bir şeydir. Yəqin, mənimlə razılaşarsınız ki, dünyaya gələn uşağı anasından daha çox istəyən başqa biri yoxdur. Amma həmin ana öz övladına süd vermir. Bir çox analar Tanrının verdiyi bu bənzərsiz nemətdən öz övladlarını bilərəkdən məhrum edirlər. Bu gün elm Quran ayəsinin nə qədər doğru olduğunu təsdiqləyir. Elm sübut edir ki, uşaq dünyaya gəldiyi andan iki yaşa qədər ana südünə möhtacdır. Uşaqlarda çox xəstəliklərə qarşı immunitet olmur. Yəni daimi immunitet yoxdur. Amma ana südü ilə passiv immunizasiya yolu ilə immun cisimlərin uşaq orqanizminə daxil olunması yolu ilə o, xəstəliklərdən qorunmalıdır. O zamana qədər ki, usaqların öz orqanizmində immun sistemi tam yetişmiş olsun.
Təəssüf ki, bu məsələdə problemlər hələ də var. Hər şey tibb işçilərindən asılı deyil. Dünyada araşdırmalar göstərir ki, insan sağlamlığında tibb işçilərinin rolu əsas təsiredici faktorlar sırasında 5-6-cı yerlərdə dayanır. Bizdən əvvəl 5 faktor var. Əgər onlara əməl olunmasa, tibb işçiləri heç bir şey edə bilməzlər. Ona görə də bu sahədə maarifləndirmə işləri aparılmalıdır ki, analar övladlarını öz südləri ilə qidalandırsınlar. Bizdə hazırda bu göstərici 50-55 faiz civarındadır, amma onu 98 faizə qədər qaldırmaq mümkündür. İnsanlar dərk etməlidirlər ki, övladlarının sağlam inkişafı üçün ana südünün əvəzi yoxdur.
- Heydər Əliyev Fondu ölkəmizdə uşaqların sağlamlığının təmin olunması ilə bağlı mühüm layihələr həyata keçirir. Bu barədə nə deyə bilərsiniz?
- Heydər Əliyev Fondu, xüsusilə Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim uşaqlara böyük qayğı ilə yanaşır. Xatırlayıram ki, hələ 1990-cı illərin sonlarında Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə çoxsaylı uşaq tibb müəssisələrinə dəstək verirdi. Həmin illərdə bizim instituta da Yaponiyada istehsal olunmuş ən müasir ultrasəs cihazı hədiyyə edildi. Bu cihazla biz on minlərlə uşaqda çox ağır xəstəliklərin diaqnostikasını həyata keçirdik və onların müalicələri üçün vaxtında tədbirlər görüldü.
Qeyd edim ki, Heydər Əliyev Fondunun böyük dəstəyilə bir sıra dövlət proqramları da həyata keçirilib. Bunların sırasında, irsi qan xəstəliklərinin müalicəsi və profilaktikası, uşaqlarda diabet xəstəliyi, ürək xəstəliyinin qarşısının alınması istiqamətində proqramların adını çəkmək olar. Bu gün Bakı şəhərində Cənubi Qafqaz regionunda analoqu olmayan Talassemiya Mərkəzi fəaliyyət göstərir. Talassemiya Mərkəzi öz fəaliyyətinin zirvəsinə də çatdı. Çünki sümük iliyinin köçürülməsi ən yüksək tədbir hesab olunur. Artq 3-cü ildir ki, mərkəzdə sümük iliyinin köçürülməsi həyata keçirilir.
Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Belə ki, 2007-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Mehriban xanım Əliyevanı ana və uşaqların sağlamlığının qorunmasında müstəsna xidmətlərinə görə “Qızıl Ulduz” medalı ilə təltif etdi. Bu hadisə xalqımız üçün başucalığı idi. Hal-hazırda da bütün uşaq tibb müəssisələri Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq şəraitində işləyir. Fondun dəstəyi ilə minlərlə uşağa kömək göstərilir və bu işlər ardıcıl olaraq davam edir.
Biz uşaq həkimləri olaraq özümüzü xoşbəxt hiss edirik ki, dövlətimiz çalışdığımız sahəyə yüksək diqqət göstərir. Rəhbərlik etdiyim institutun maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı 2013-cü il aprelin 10-da ölkə Prezidentinin Sərəncamı oldu. Sərəncam elan olunandan bir gün sonra Səhiyyə Nazirliyinin təmir-tikinti briqadası instituta gəldi və operativ şəkildə fəaliyyət göstərdi. 2014-cü ilin dekabr aynda isə institut əsaslı təmirdən sonra yenidən istifadəyə verildi, eləcə də maddi-texniki baza əhəmiyyətli dərəcədə gücləndirildi. Hazırda burada işləmək üçün bütün şərait yaradılıb. Biz bundan ruhlanırıq və borcumuzdur ki, dövlətin diqqət və qayğısının müqabilində fədakarlıqla çalışaq.
- Nəsib müəllim, əvvəlki illərlə müqayisədə uşaqlar arasında xəstələnmə və ölüm halları nə dərəcədə azalıb?
- Görülən tədbirlər nəticəsində Azərbaycanda uşaqlar arasında xəstələnmə və ölüm halları nəzərəçarpacaq dərəcədə azalıb. Əgər 1992-1993-cü illərdə hər diri doğulan 1000 uşaqdan 1 yaşa çatana qədər 30 nəfər tələf olurdusa, bu gün bu rəqəm 10.2-yə enib. Yəni ölüm halları 3 dəfə azalıb. Bununla yanaşı, doğulan uşaqların sayında artım var. Müstəqilliyin ilk illərində uşaqların sayında azalma var idi və 2001-ci ildə bu göstərici 110 min olmuşdu. Amma 2001-ci ildən başlayaraq hər il doğulan uşaqların sayı artmaqda davam edib. 2012-ci ildə isə 176 min 400 nəfər uşaq dünyaya gəlmişdi. Hazırda bu sahədə vəziyyət stabilləşib. Hər il təxminən 160-170 min səviyyəsində uşaq dünyaya gəlir. Düşünürəm ki, qarşıdakı 10 ildə doğulan uşaqların sayı hər il üçün 200 minə çatacaq. Biz gələn il Azərbaycanda 10 milyonuncu vətəndaşın dünyaya gələcəyini gözləyirik.
Bütövlükdə, bizi əhatə edən ölkələrlə müqayisədə Azərbaycanda səhiyyəsi xeyli dərəcədə inkişaf edib. Tibb müəssisələrinin açılışlarında Prezident İlham Əliyev deyib ki, dünyada səhiyyənin Azərbaycan standartı formalaşmağa başlayıb. Bu, bizi çox sevindirir. Doğrudan da, belədir. Çünki dünyanın heç bir yerində dövlət hesabına tibbi xidmət, dərman təminatı və s. yoxdur.
Qeyd edim ki, Azərbaycan ÜST-ün Avropa bölgəsinə daxildir və burada 53 Avropa ölkəsi var. 2015-ci ilin noyabrında həmin qurumdan Səhiyyə Nazirliyinə təbrik məktubu daxil oldu ki, Azərbaycan qızılca və qızılca məxmərəyinin qarşısını alan 10 ölkə içərisindədir. Bu, bizim üçün çox yüksək göstəricidir. Bilirsiniz ki, dünyanın ən inkişaf etmiş ölkələri Avropada yerləşir. Amma bu göstəriciyə görə, ölkəmiz onların əksəriyyətindən qabağa keçib.
- Bu gün dünyada elm və texnologiya inkişaf edir. Tibb sahəsində də yeniliklər əldə olunur, bir sıra xəstəliklərin müalicəsində uğurlar əldə olunur. Amma bununla yanaşı, bəzi xəstəliklərin gəncləşməsini və yeni xəstəliklərin də yaranmasını müşahidə edirik. Sizcə, bu, nə ilə əlaqədardır?
- Doğrudur, bu gün dünyada elm və texnologiya böyük nailiyyətlər əldə edir. O cümlədən tibb elmi də mühüm uğurlara imza atıb. Artıq dünyada genlərin öyrənilməsi prosesi başa çatıb. Əvvəllər elə xəstəliklər var idi ki, onun diaqnozunu qoya bilmirdik. Amma artıq genlərin öyrənilməsi nəticəsində bunu əldə etmişik, bəzi genetik xəstəlikləri tapa bilmişik. Hazırda ekologiyanın pozulması səbəbindən də xəstəliklər yaranır.
Xəstəliklərin gəncləşməsi, o cümlədən uşaq xəstəlikləri ilə bağlı problemlər də var. Bəzi virus xəstəlikləri var ki, virusların öz quruluşlarında baş verən genetik dəyişikliklər nəticəsində həmin viruslar başqa formada ortaya çıxır. Biz tibbdə buna mutasiya deyirik. Belə olanda isə xəstəliklər də başqa formada olur. Həmçinin uşaqlar arasında xəstələnmənin digər bir səbəbi isə düzgün olmayan qidalanmadır. Bütün hallarda isə çalışırıq ki, belə xəstəliklərin qarşısını alaq.
- Hazırda ölkəmizdə uşaqlarda peyvənd işlərinin aparılması hansı səviyyədədir?
- Mən yuxarıda qeyd etdim ki, müstəqillimizin ilk illərində 5 adda peyvənd vurulurdu. Artıq hazırda bu göstərici 11-dir. Yəni 2011-ci ildən 11 yoluxucu xəstəliyə qarşı peyvənd aparılır. Bütün peyvəndləmə işləri də dövlət vəsaiti hesabınadır. Onu da deyim ki, dünyada peyvəndin alternativi yoxdur.
Nardar BAYRAMLI

 
  • Oxunub:  2400  |  
  • Tarix:  14-07-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi uğurlu nəticələr verir

17:55
17 Noyabr
Azərbaycan Texniki Universitetin İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub
17:43
17 Noyabr
Elman Nəsirov: Ermənistan bu gün dalana dirənmiş siyasətin ağır nəticələri ilə üz-üzə qalıb
17:39
17 Noyabr
MDB dövlətləri Məşvərət Şurasının iclasında ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlara dair məlumatlar maraqla qarşılanıb
17:34
17 Noyabr
IDEA Heyvanlara Qayğı Mərkəzində sahibsiz itlərin sterilizasiyası üzrə aksiya keçirilir
17:33
17 Noyabr
Prezident İlham Əliyev: Xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq
17:00
17 Noyabr
Siyavuş Novruzov: Azərbaycanın müstəqilliyinin qorunması və inkişaf etdirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
16:55
17 Noyabr
Məlahət İbrahimqızı: Son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycana qarşı qərəzli kampaniyaya başlayıblar
16:53
17 Noyabr
Oqtay Əsədov: Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı işlərə start verilib
16:29
17 Noyabr
Tur-aksiya zamanı Azərbaycan Ordusunun şanlı aprel qələbəsindən danışılıb
15:43
17 Noyabr
Bakı metrosunda vaqonların təmiri müəssisəsi istifadəyə verilib
15:33
17 Noyabr
Rusiyanın xarici işlər naziri Azərbaycana səfər edəcək
15:02
17 Noyabr
Ekspert: Bakı bu paytaxtların hər birini geridə qoydu
14:40
17 Noyabr
İqtisadiyyat naziri Biləsuvarda vətəndaşları qəbul edib
14:34
17 Noyabr
Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşlarla görüşüb
14:21
17 Noyabr
Komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib
14:15
17 Noyabr
Azay Quliyev: Bir qrup beynəlxalq QHT Azərbaycanla Aİ arasındakı proseslərə zərbə vurmağa çalışır
13:58
17 Noyabr
IDEA İctimai Birliyinin təşəbbüsü ilə Ağdaşda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
13:48
17 Noyabr
Ölkəmizdə ödənişli avtomobil yollarının əhatə dairəsi dəqiqləşdirilir
13:15
17 Noyabr
Azərbaycan beynəlxalq sülhməramlı əməliyyatlara mühüm töhfə verir
12:47
17 Noyabr
Pakistanın Sind əyalətinin iş adamları Azərbaycanla əməkdaşlığa dəvət olunublar
12:39
17 Noyabr
Şeyxülislam: Azərbaycanda dinlərarası dostluq və qardaşlıq mühitinin mövcudluğu böyük nailiyyətdir
12:21
17 Noyabr
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
12:11
17 Noyabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
11:58
17 Noyabr
Türkmənistan Azərbaycan Dövlət Dəniz Administrasiyasının təcrübəsindən yararlanacaq
11:20
17 Noyabr
Elman Məmmədov: Danışıqlar prosesinin intensivləşməsi müsbət haldır
11:02
17 Noyabr
Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
10:45
17 Noyabr
Ərdoğan: Biz Vladimir Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etdik
10:34
17 Noyabr
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
10:27
17 Noyabr
Milli Məclisin bu günkü iclasında bir sıra qanunlara əlavə və dəyişikliklər olmaqla 30 məsələnin müzakirə edilməsi nəzərdə tutulur
10:23
17 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 117 dəfə pozub
17:59
16 Noyabr
ABŞ-Çin münasibətləri: "Fukidid tələsi", yoxsa yeni perspektivlər?
17:56
16 Noyabr
ADA Universitetində beynəlxalq təhsil üzrə amerikalı ekspertin məruzəsi dinlənilib
17:41
16 Noyabr
Səfir Vladimir Doroxin: Rusiyanın demək olar ki, bütün regionlarının Azərbaycanla ticarət əlaqəsi var
17:28
16 Noyabr
Siyavuş Novruzov: Partiyamızın üzvləri müstəqil ölkəmizin inkişafında aktiv iştirak edirlər
17:07
16 Noyabr
Məktəblilərin Nizami yurdu ilə tanışlığı Heydər Əliyev Park Kompleksindən başlayıb
16:58
16 Noyabr
Gəncədə “Xalqların qədim irsinin qorunması və təbliğində kitabların rolu” adlı konfrans keçirilir
16:13
16 Noyabr
Prezident ilham Əliyev: Azərbaycan 2017-ci ili iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə başa vurur
16:02
16 Noyabr
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
15:51
16 Noyabr
Doqquz ayda Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 6,5 faiz artıb
15:43
16 Noyabr
Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb
15:24
16 Noyabr
Rövnəq Abdullayev: SOCAR müxtəlif ölkələrə investisiya qoymağa davam edəcək
15:21
16 Noyabr
Heydər Əliyev Fondu və “Caspian International Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15:09
16 Noyabr
Hikmət Hacıyev: Azərbaycan xarici işlər nazirinin həmsədrlərlə görüşü konstruktiv və substantiv xarakter daşıyıb
15:04
16 Noyabr
Yeni Azərbaycan Partiyası gənclərin inkişafında mühüm rol oynayır
15:02
16 Noyabr
Görkəmli alim və hərbi xadim Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi qeyd edilib
14:59
16 Noyabr
Nərimanov rayon məktəbliləri cənub bölgəsinə yola düşüblər
14:57
16 Noyabr
Bir qrup azərbaycanlı gənc Ermənistanın Tbilisidəki səfirliyi qarşısında etiraz aksiyası keçirib
14:54
16 Noyabr
Şahin Mustafayev: YAP Azərbaycanın davamlı və dayanıqlı inkişafına önəmli töhfələr verir
14:38
16 Noyabr
Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi başa çatıb
14:34
16 Noyabr
Rövnəq Abdullayev: Karbamid zavodunun illik gəliri 140-150 milyon dollar olacaq
14:24
16 Noyabr
Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinin vitse-prezidenti seçilib
14:21
16 Noyabr
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 0,7 faiz artıb
14:12
16 Noyabr
Səbailli məktəblilər tur-aksiya çərçivəsində qədim Gəncəyə yola düşüblər
14:09
16 Noyabr
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
12:58
16 Noyabr
Azərbaycanın və Moldovanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq daha da genişlənir
12:54
16 Noyabr
YAP-ın yaranmasının 25 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
12:53
16 Noyabr
Mariya Zaxarova: Azərbaycan Qafqaz regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır
12:47
16 Noyabr
Elmar Məmmədyarov Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
12:43
16 Noyabr
Sahibə Qafarova: müstəqil Azərbaycan dövlətinin inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır
12:22
16 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Baş nazirinin birinci müavinini qəbul edib
12:20
16 Noyabr
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının ildönümü qeyd olunub
12:18
16 Noyabr
Bahar Muradova beynəlxalq cinayətlərin qarşısının alınması ilə bağlı qanun layihəsindən danışdı
12:16
16 Noyabr
Azay Quliyev: Azərbaycana qarşı beynəlxalq cinayətlərin bütün formaları törədilib
12:10
16 Noyabr
Parlamentin mədəniyyət komitəsinin iclasında bir sıra qanun layihələri barədə müzakirələr aparılıb
12:03
16 Noyabr
Beynəlxalq Türk Akademiyası türkdilli xalqların yaxınlaşması istiqamətində mühüm işlər görür
12:00
16 Noyabr
Misirli qubernator: Şopinq festivalı iqtisadiyyatın inkişaf etdirilməsi baxımından çox yaxşı ideyadır
11:49
16 Noyabr
Abşeron rayonunun Masazır qəsəbəsində 5 nömrəli tam orta məktəbin açılışı olub
11:44
16 Noyabr
Bölgələrimizlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq
11:41
16 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub
11:38
16 Noyabr
Bakıda akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA