Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib

28.04.2017 [09:26]

Aprelin 27-də Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və nəzarət-təftiş komissiyasının hesabatları, 2017-ci il üçün büdcə layihəsi müzakirə olunub.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təhmiraz Tağıyev hesabat məruzəsini təqdim edib. O, dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci ildə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası şəhər bələdiyyələrində yerli özünüidarəetmənin inkişafı və möhkəmlənməsi istiqamətində zəruri tədbirləri davam etdirib, qarşıda duran vəzifələr müzakirə olunub. Hesabat ilində yerli özünüidarəetmə orqanlarının beynəlxalq standartlara cavab verən hüquqi bazasının möhkəmlənməsi istiqamətində dövlət və hökumət orqanları ilə əməkdaşlıq əlaqələri davam etdirilib, yeni qanunların qəbul olunmasında milli assosiasiyaların təklifləri nəzərə alınıb.
2007-ci ildə bələdiyyə sədrlərinin I ümumrespublika toplantısında milli assosiasiyaların təşəbbüsü ilə irəli sürülmüş və uğurla davam etdirilən 68 şəhər bələdiyyəsi tərəfindən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 19 istiqamətdə, 409 layihə üzrə 3.799.002 manatlıq müxtəlif xarakterli sosial layihələr icra olunub. Həyata keçirilmiş layihələr sırasında 97 layihə üzrə 1.314.257 manatlıq abadlıq və quruculuq işlərinin görülməsinə, 49 layihə üzrə 936.017 manatlıq bələdiyyə yollarının saxlanmasına, 38 layihə üzrə 356.888 manatlıq yaşıllaşdırma işlərinin yerinə yetirilməsinə, 13 layihə üzrə 89.548 manatlıq xeyir-şər evlərinin tikintisinə, 19 layihə üzrə 109.428 manatlıq məişət tullantılarının daşınmasına, 71 layihə üzrə 388.148 manatlıq yardım və mükafatların verilməsinə, 16 layihə üzrə 82.478 manatlıq yaşayış binalarının saxlanılmasına sərf olunub. 43 layihə üzrə 259.971 manatlıq digər layihələr yerinə yetirilib.
Cari ildə isə 19 istiqamətdə, 447 layihə üzrə 6.450.227 manatlıq müxtəlif xarakterli sosial layihələr nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, regionların sosial-iqtisadi inkişafında davamlı olaraq bələdiyyələrimizin də özünəməxsus yeri və payı var.
İlk dəfə olaraq Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlanıb və ötən ilin oktyabr ayından bələdiyyələrdə tətbiq edilməyə başlanılıb. BAMS proqramı bələdiyyələrin bütün fəaliyyətini əks etdirən məlumatları bazada yerləşdirməklə vergi və ödənişlər, həmçinin gəlir və xərclərlə bağlı aparılacaq bütün əməliyyatları qeydə alır və lazım olan statistik məlumatları operativ əldə etmək imkanı yaradır. Hazırda bu proqram respublikanın bütün bələdiyyələrində uğurla tətbiq olunur. Bələdiyyələrdə fəaliyyəti ilə, o cümlədən vergi və ödənişlərlə bağlı vahid informasiya bazasının yaradılması başa çatdırılıb ki, bu da gələcəkdə yerli büdcə daxilolmalarının kifayət qədər artımı üçün müvafiq şərait yaradır.
Qeyd edilib ki, 2016-cı ildə şəhər bələdiyyələrinin büdcə gəlirləri 11.323.726 manat, xərcləri isə 11.157.538 manata bərabər olub.
Hesabat dövründə Assosiasiya yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları, xarici ölkələrin assosiasiyaları və bələdiyyələri ilə əməkdaşlıq əlaqələrini davam etdirib.
Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov Assosiasiyanın nəzarət-təftiş komissiyasının məruzəsini təqdim etdikdən sonra yığıncaq iştirakçıları Assosiasiyanın 2017-ci il üçün büdcəsinin formalaşması, iqtisadi potensialın dayanıqlı maliyyə mənbələri üzərində qurulması məsələlərini müzakirə ediblər.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxış edərək dövlətimizin başçısı İlham Əliyev tərəfindən ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr və bələdiyyələrin bununla bağlı artan rolu barədə danışıb. Azərbaycan bələdiyyə sisteminin effektivliyinin və bələdiyyələrin fəallığının artırılmasının vacibliyi vurğulanıb, nöqsanlar qeyd edilib, şəhər bələdiyyələrinin sədrlərinə müvafiq tövsiyələr verilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bildirib ki, ötən il yerli özünüidarəetmə orqanları tərəfindən bir çox işlər görülüb, onların üzərinə qoyulmuş bir çox vəzifələr icra olunub. Bələdiyyələrimiz ölkəmizin inkişafında önəmli rol oynamağa, əhalini narahat edən sosial əhəmiyyətli məsələləri həll etməyə, vətəndaşları yerli özünüidarəetmə proseslərinə cəlb etməyə davam ediblər. Bu işdə milli assosiasiyaların rolu xüsusi qeyd olunmalıdır.
Bildirilib ki, ötən il bələdiyyələrin əsas gəlir mənbəyi hesab olunan yerli vergi və ödənişlərin yığım səviyyəsi artıb. Yerli vergi və ödənişlərin yığılması sahəsində müəyyən irəliləyiş var, lakin bələdiyyələr qarşısında duran vəzifələr və görüləsi işlər hələ çoxdur.
Diqqətə çatdırılıb ki, keçən ilin fevral ayından başlayaraq vergi və ödənişlərin toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması üçün Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlanıb və ötən ilin oktyabr ayından bələdiyyələrdə tətbiq edilməyə başlanıb. Milli assosiasiyaların əməkdaşları proqramın tətbiqi ilə bağlı Bakı və Gəncə şəhərləri daxil olmaqla respublikanın 8 şəhərində zona seminarları keçirib. BAMS proqramının tətbiqindən sonra büdcə gəlirləri müəyyən qədər artıb. Proqramın tətbiqi ilə bağlı bələdiyyə sədrləri işlərində ciddi dönüş yaratmalı, proqram təminatını həyata keçirən mütəxəssisləri işə cəlb etməli, vergi ödəyiciləri ilə münasibətləri düzgün qurmağı bacarmalıdırlar. Bələdiyyə sədrləri əhali arasında vergilərin ödənilməsi ilə bağlı geniş maarifləndirmə və təbliğat işini davam etdirməli, seçiciləri qarşısında hesabat yığıncaqlarını daim keçirməli, vergilərdən əldə olunacaq gəlirlərin həmin vergiləri ödəyən şəxsləri narahat edən yerli problemlərin həllinə yönəldiləcəyini bildirməlidirlər. Bir sözlə, sakinlər ilə təmas qurmadan, onlara vergi ödəmək mədəniyyəti aşılamadan, bələdiyyənin fəaliyyətini təbliğ etmədən vergiləri tam həcmdə yığmaq mümkün olmayacaq. Bələdiyyələrimiz işlərini elə qurmalıdırlar ki, həm büdcə gəlirləri, həm də vətəndaşlar arasında nüfuzu, hörməti artsın. Bunu da onlar yalnız görəcəyi işlər hesabına edə bilərlər.

Paylaş:
Baxılıb: 434 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Turizm

Siyasət

Siyasət

Xəbər lenti

MEDİA

Xəbər lenti

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31