Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / HEYDƏR ƏLİYEV TORPAQ İSLAHATI AZƏRBAYCANIN İQTİSADİ UĞURLARININ ƏSASLARINDAN BİRİDİR

HEYDƏR ƏLİYEV TORPAQ İSLAHATI AZƏRBAYCANIN İQTİSADİ UĞURLARININ ƏSASLARINDAN BİRİDİR

06.05.2014 [09:00]

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.
Zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi, firavan gələcəyi naminə fədakarlıqla çalışdığı doğma millətinin önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev müasir dövlətçiliyimizin banisi və qurucusu, böyük öndəri kimi yüksək bir zirvəyə ucalmışdır. Onun təkcə Vətən və xalq qarşısında deyil, həm də bəşəriyyət qarşısında xidmətləri unudulmazdır. Ulu öndərimizin xatirəsinin təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində dərin ehtiramla yad edilməsi bunun sübutudur.
1960-cı illərin sonunda hakimiyyətə gələn Heydər Əliyev təşəbbüskarlığı və işgüzarlığı ilə respublika həyatının bütün sahələrində dirçəlişə nail oldu ki, bu da milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqi üçün güclü təkan idi. Onun uzaqgörən, müdrik siyasəti Azərbaycanı keçmiş ittifaqın ən inkişaf etmiş respublikaları sırasına çıxardı.
1969-1982-ci illərdə respublikamızda gedən irimiqyaslı tikinti-quruculuq işləri, vüsətli iqtisadi tərəqqi nəticəsində Azərbaycanın nüfuzu yüksəldi, paytaxtımız Bakı dünyanın tanınmış şəhərləri sırasında özünə möhkəm yer tutdu. Milli memarlıq irsimizin dərin bilicisi olan Heydər Əliyev Bakıda tarixi ənənələri qoruyub saxlamaqla yanaşı, onun ərazisində dövrün tələblərinə cavab verən yeni çoxsaylı yaşayış massivlərinin, sənaye müəssisələrinin, xidmət və idman komplekslərinin, təhsil və mədəniyyət obyektlərinin inşasına nail oldu. Həmin dövrdə yalnız paytaxtda və nisbətən iri şəhərlərdə deyil, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə də geniş miqyaslı tikinti-quruculuq işləri aparılırdı.
Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə əsl dövlət adamı kimi doğma xalqının gələcək xoşbəxtliyi üçün möhkəm təməl qoymuşdur. Hələ o dövrdə respublika iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sahədə, kənd təsərrüfatında Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən yenilikçilik öz səmərəsini verirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən az sonra, 1970-ci ildə Heydər Əliyev “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən qərar qəbul edilməsinə nail oldu. Bu qərarı qəbul etdirmək həmin zaman üçün, təbii ki, çox nadir hadisə hesab edilirdi.
Ulu öndər totalitar bir rejimin məngənəsində sıxılan ölkəmizdə torpağın sahiblərinə qaytarılma yollarını özünəməxsus tərzdə düşünüb, Kremlin siyasətindən, qadağalar çərçivəsindən kənara çıxmaqla bu imperiyanın böyük imkanlarından həssaslıqla istifadə etməklə torpaqdan əldə edilən gəlirlərin əsas hissəsini zəhmət adamlarının özlərinə qaytarılmasına nail olmağa çalışdı.
Keçmiş ittifaq dövlətinin rəhbərliyində yüksək vəzifə tutduğu dövrdə Ümummilli liderimiz övladı olduğu xalqın və məmləkətin şərəfini uca tutmaqla bərabər, Azərbaycanın sosial-iqtisadi inkişafı naminə hər cür fədakarlıq göstərmiş, buradakı quruculuq işlərinin davam etməsinə hərtərəfli dəstək vermişdir. Əlbəttə, Kremlin imperiya təfəkkürlü sahibləri öz parlaq dühası ilə onları kölgədə qoyan müdrik bir azərbaycanlının paxıllığını çəkməyə bilməzdilər. Məhz bu məkrli insanlar Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdırmaqla xalqımıza ağır maddi-mənəvi zərbə vurdular.
Sonralar üzləşdiyimiz dəhşətli bəlalar, xüsusən, təcavüzkar ermənilərin və onların himayədarlarının Azərbaycana qarşı fitnəkar niyyətləri, soydaşlarımızı öz ata-baba torpaqlarından didərgin salmaq, Qarabağı Ermənistana birləşdirmək cəhdləri də məhz Heydər Əliyevin, sözün həqiqi mənasında, siyasi-mənəvi repressiyalara məruz qaldığı dövrdə gerçəkləşdi. Lakin həyatının daim təhlükədə olduğu vaxtlarda da Ümummilli liderimiz doğma xalqının harayına səs verdi. 1990-cı ildə Qorbaçov hakimiyyətinin Bakıda törətdiyi qanlı qırğına sərt etirazını bildirdi, bu cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi, az sonra isə Dağlıq Qarabağ məsələsində keçmiş SSRİ rəhbərliyinin ikiüzlülüyünü ifşa edərək, Kommunist Partiyası sıralarından çıxdı.
Azərbaycanın başı üzərini məhv olmaq təhlükəsi alanda ikinci dəfə yenidən böyük siyasətə qayıdan Heydər Əliyev Özünün fenomenal istedadını, zəngin dövlətçilik təcrübəsini Tanrının və tarixin xalqımıza bəxşişi olan kövrək istiqlalımızın qorunmasına və möhkəmlənməsinə yönəltdi.
“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” - söyləyən Ulu öndər ölkədə sabitliyi yaratmağa müvəffəq oldu. Atəşkəs imzalandı, ölkədə baş alıb gedən anarxiyaya son qoyuldu. Məhz Heydər Əliyevin uzaqgörən fəaliyyəti nəticəsində yenicə müstəqilliyini əldə etmiş Azərbaycanda dünya təcrübəsindən istifadə edərək milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun olaraq bütün parametrləri nəzərə alaraq yeni layihələrin və Dövlət proqramlarının hazırlanmasına başlanıldı.
Ulu öndər deyirdi: “Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir”.
Ölkəmizdə yeni mülkiyyət münasibətlərinə əsaslanan azad bazar iqtisadiyyatı formalaşdı. Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi dövlət quruculuğu sahəsində islahatlar genişləndi.
Yeri gəlmişkən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin təməli, əslində, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə - 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi ilə qoyulmuşdu. Torpaq-vətəndaş münasibətlərində həyata keçirilən tarixi və inqilabi hadisənin birinci mərhələsinin yekunlarını Ulu öndər olduqca yüksək qiymətləndirərək demişdir: “Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özü də bu, hələlik başlanğıcdır”.
Ulu öndərin qeyd etdiyi kimi, aqrar-torpaq islahatları birdəfəlik kampaniya deyil. Bu, çox ciddi, həssas bir prosesdir. Nə qədər ki, Azərbaycanda müxtəlif mülkiyyət formaları (dövlət, bələdiyyə, xüsusi) mövcuddur, bu proses davam etməlidir. Ulu öndər böyük uzaqgörənliklə həm də sübut etdi ki, Azərbaycanda aqrar sahənin inkişafı aparılacaq torpaq islahatlarının nəticələrindən asılı olacaq.
Torpaq islahatları nəticəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni, kolxoz və sovxozlar ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanıldı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 442 778 subyekt demək idi. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa sözlə, 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı; 2 032 744 hektarı, yəni 23,5 faizi bələdiyyə mülkiyyətinə verildi; 1 695 123 hektarı, yəni, 19,6 faizi isə xüsusi mülkiyyətə ayrıldı.
Torpaq islahatları həmişə inkişafda olan dinamik bir prosesdir ki, bu proses də digər proseslərlə kompleks şəkildə həyata keçirilir. Torpaq islahatlarının birinci mərhələsi olan torpaqların xüsusi mülkiyyətə verilməsi ilə yanaşı, ölkədə vahid torpaq fondu üzrə dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin də həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb etdiyindən bu işlərin nizama salınmasının hüquqi əsaslarını tənzimləyən “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir (12 mart 1999-cu il). Bu Qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq “Torpaq-kadastr sənədlərinin aparılması qaydaları” və eləcə də, “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında”, “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında”, “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında” əsasnamələr hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq torpaqlardan istifadə edilməsinin hüquqi əsasları, növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların kəmiyyət xarakteristikası, habelə, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı yaradılmışdır.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dünya Bankının “Təsərrüfatların özəlləşdirilməsi” layihəsi çərçivəsində respublikanın Lənkəran, Salyan, Ucar, Bərdə, Xaçmaz rayonları və Naxçıvan MR-da 6 nümunəvi özəl pilot təsərrüfatlar üçün zəruri kompleks yerquruluşu layihələri hazırlamaqla vətəndaşların (ailələrin) adına tərtib edilmiş hüquqi sənədlərə dair kadastr və qeydiyyat işlərinin aparılmasını təmin etmişdir. Dünya Bankının 2-ci layihəsi olan “Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi” layihəsi çərçivəsində işlərin həyata keçirilməsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də iştirak etmişdir. Belə ki, həmin layihə çərçivəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində olmuş ABŞ, Kanada, Yaponiya, Fransa, İsveçrə, Finlandiya, Almaniya, Hollandiya, Türkiyə və s. kimi ölkələrdən gəlmiş mütəxəssislər Komitənin müasir avadanlıq və informasiya texnologiyası ilə təmin olunma səviyyəsini çox yüksək qiymətləndirmişlər. Respublikamızda aparılan torpaq islahatları digər MDB ölkələrinin daima marağına səbəb olmuş, bu istiqamətdə Azərbaycanda torpaq islahatlarının aparılması prosesini əhatə edən hüquqi bazanın öyrənilməsinə maraq göstərilmiş və bu prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yönəldilmişdir. Bu məqsədlə, həmçinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində “Heydər Əliyev torpaq islahatı” məktəbi yaradılmış və hal-hazırda da bu məktəbdə mütəxəssislərin bilik səviyyəsinin artırılması istiqamətində treninqlər və seminar-məşğələlər davam etdirilir.
Təkcə “Əsrin müqaviləsi”nin adını çəkmək kifayətdir ki, Heydər Əliyev dühasının və uzaqgörənliyinin müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsinə, onun vətəndaşlarının rifahının yüksəlməsinə nə qədər böyük bir güc, qüvvə verdiyini təsəvvür edəsən. Bu gün də Azərbaycanın sosial-iqtisadi inkişafının təməlində Ulu öndərimizin yaratdığı və Onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin daha da möhkəmlətdiyi potensial dayanır.
Heydər Əliyev dövlətçilik məktəbinin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev də Azərbaycana rəhbərlik etdiyi ötən 10 il ərzində regionların və aqrar sektorun inkişafına xüsusi diqqət yetirməkdədir.
“Azərbaycan təkcə Bakıdan və Abşerondan ibarət deyil... Azərbaycanın hər bir regionu inkişaf etməlidir... Kənd təsərrüfatında aparılan islahatların ikinci mərhələsi başlanmalıdır” - söyləyən Prezident İlham Əliyev tərəfindən imzalanan, ölkəmizin hərtərəfli inkişafına xidmət edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” mahiyyətcə heç də torpaq islahatlarından geri qalmamaqla, insan amilinin yüksəlişinə xidmət edən təkmil strategiya kimi qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, əslində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”nın davamı kimi qiymətləndirilməlidir. Çünki bu Dövlət Proqramının vəzifələri və regionların prioritet istiqamətlərində əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarət idi.
Şəhərlərin, rayonların, kənd və qəsəbələrin birbaşa inkişafına xidmət edən Dövlət Proqramı çərçivəsində bölgələrdə yeni idman kompleksləri, səhiyyə, təhsil ocaqları, zavodlar, fabriklər istifadəyə verildi. Əhəmiyyətli hadisələrdən biri də o olmuşdur ki, bu müddət ərzində çadır şəhərcikləri ləğv edilmiş, qaçqın və məcburi köçkünlər hər bir şəraitə malik olan mənzillərlə təmin olunmuşlar. Məhz torpaq islahatlarının və regionların sosial-iqtisadi inkişafına dair Proqramının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ümumi daxili məhsulun istehsalına görə Azərbaycan adını lider ölkə kimi tarixə yazdı.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 25 avqust 2008-ci il tarixli 3004 nömrəli Sərəncamı ölkəmizin başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin bir qayda olaraq, torpaq amilinə həmişə önəm verməsinin bariz nümunəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan vətəndaşlarının sosial rifah halının daha da yaxşılaşdırılması və hər hansı bir iqtisadi böhrandan əzmlə çıxmaları məqsədilə imzaladığı həmin Dövlət Proqramını təsdiq edərkən, həmçinin, nəzərə almışdır ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində torpaq ən başlıca və əvəzedilməz amildir.
Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır. Dövlət proqramlarının icra olunduğu 10 il ərzində Azərbaycan İqtisadiyyatı 3,4 dəfə, ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır.
Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə təqribən 50 faizdən 5,3 faizə enmişdir.
Bu göstəricilərə görə Azərbaycan, hətta inkişaf etmiş ölkələri qabaqlayır. Xarici dövlət borcumuz 8 faiz təşkil edir. Son on il ərzində ölkəmizə 160 milyard dollar investisiya cəlb edilmişdir. Son illərdə sərmayənin həcmi daha da artır. Keçən il rekord səviyyəyə çatmışdır, Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur. Dünyanın bir nömrəli iqtisadi qurumu olan Dünya Davos İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyi üzrə dünya miqyasında 39-cu yerdədir. Bu da Azərbaycanda aparılan islahatların nəticəsidir.
Bütün bunlarla yanaşı, ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da digər Dövlət proqramlarının davamı olaraq ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermiş olacaq.
“Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində də DTXK qarşısında mühüm vəzifələr qoyulur. Bu inkişaf konsepsiyasından irəli gələrək növbəti illərdə ölkədə torpaq bazarı inkişaf etdiriləcək, fermerlərin könüllülük əsasında birgə təsərrüfatçılıq ənənələrinin formalaşması təşviq olunacaq. Meliorasiya və irriqasiya tədbirləri, torpaqların eroziyaya uğramasının, suvarılan əkin sahələrinin şoranlaşmasının qarşısının alınması və münbitliyinin artırılması istiqamətində tədbirlər gücləndiriləcək.
Torpaq ehtiyatlarının səmərəli idarə olunması məqsədi ilə səhralaşma proseslərinin qarşısının alınması, iri sənaye və dağ-mədən obyektlərinin fəaliyyəti nəticəsində yararsız vəziyyətə düşmüş torpaqların bərpası, kənd təsərrüfatına yararlı torpaqlardan istifadə sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər genişləndiriləcək, torpaqların antropogen çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcəkdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014 -cü il tarixli Fərman da aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi ilə həyata keçirilən tədbirlərdəndir. Bu Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi digər müvafiq qurumlarla birlikdə torpaqların münbitliyinin qorunması və artırılması, şoranlaşmış və şorakətləşmiş, eroziyaya uğramış torpaqların sağlamlaşdırılması tədbirlərini ölkədə aparılan iqtisadi strategiyaya uyğun olaraq müvafiq proqramlar əsasında həyata keçirəcək, beynəlxalq təcrübəyə əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün “elektron kənd təsərrüfatı” informasiya sistemi istifadəyə veriləcəkdir.
Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verir. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillik, iqtisadi gücümüz və siyasi iradədir.
Heç şübhəsiz ki, ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən hər bir uğurun əsası Ulu öndərimiz Heydər Əliyevin ölməz ideyalarından güc alır.
Bu gün ölkəmizin vətəndaşları ilə yanaşı, bütün dünya azərbaycanlıları Ulu öndərimizin nəsillərə ərməğan etdiyi sərvətdən, mənəvi irsdən, uzaqgörən siyasətdən bəhrələnir. Bu gün bütün dünya azərbaycanlıları Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 91 illiyini xüsusi ürək coşğunluğu ilə qeyd edir. Çünki hər bir azərbaycanlının taleyində Heydər Əliyev həqiqəti yaşayır və həmişə də yaşayacaqdır!
Bizim hər birimiz əminik ki, Ümummilli liderimiz Heydər Əliyevin qurucusu və memarı olduğu müasir Azərbaycanda Onun layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə görülən işlər uğurla davam edəcəkdir.
Qərib MƏMMƏDOV,
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri, akademik

Paylaş:
Baxılıb: 1011 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30