Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident İlham Əliyev: Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq

Prezident İlham Əliyev: Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq

06.07.2021 [09:45]

Uğurlu diplomatiya, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, həmçinin respublikanın maliyyə imkanlarının genişləndirilməsi, iqtisadi müstəqilliyin təmin olunması və digər istiqamətlərdə aparılan məqsədyönlü siyasət ölkəmizin Vətən müharibəsində şanlı qələbəsini təmin etdi
Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən Birinci Qarabağ müharibəsi ölkəmiz üçün torpaq itkiləri ilə nəticələndi. Eyni zamanda, respublikamız böyük humanitar fəlakətlə üzləşdi. Belə ki, bir milyondan artıq soydaşımız doğma yurd yerlərini tərk etmək və ağır qaçqınlıq taleyi yaşamaq məcburiyyətində qaldı. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə söylədiyi nitqində Birinci Qarabağ müharibəsini bizim üçün milli faciə kimi səciyyələndirib.
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsində isə Azərbaycan şanlı Qələbə qazanaraq öz gücünü bütün dünyaya göstərdi. Bu Qələbə sayəsində tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsinin nəticələrini yüksək dəyərləndirərək “Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar”, - deyə vurğulayıb.
Ötən dövrdə vahid konsepsiya çərçivəsində görülən hərtərəfli hazırlıq düşmən üzərində inamlı qələbəmizi şərtləndirdi
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində baş verən Birinci Qarabağ müharibəsində Azərbaycanın torpaq itkilərinə məruz qalması, ilk növbədə, o dövrdə respublikamızda hakimiyyəti qeyri-qanuni yolla ələ keçirən AXCP-”Müsavat” iqtidarının apardığı səriştəsiz siyasətin məntiqi nəticəsi idi. Müharibə aparan ölkədə vahid komandanlığa tabe olan ordu yox idi, iqtisadiyyat dağılmışdı, ölkə vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi. Məkrli düşmən də vəziyyətdən istifadə edərək ərazilərimizi bir-birinin ardınca öz nəzarəti altına keçirirdi. Həmin ağır dövrdə Azərbaycan xalqı doğru seçim edərək təkidlə Ulu Öndər Heydər Əliyevin ölkənin siyasi rəhbərliyinə gəlməsini istədi. Onun qayıdışı və verdiyi müdrik qərarlar sayəsində respublikamızda hadisələrin axarı müsbət istiqamətə doğru dəyişdi. O cümlədən Ulu Öndərin səyləri sayəsində atəşkəsə nail olundu, nizami ordu quruculuğu prosesinə başlanıldı.
Vətəndaş qarşıdurması təhlükəsinin aradan qaldırılması, sabitliyin təmin olunması ölkənin potensialının, milli gücünün işğal faktının aradan qaldırılmasına, ərazi bütövlüyümüzün təmin edilməsinə yönəltməyə imkan verdi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev müxtəlif yerli və xarici auditoriyalar qarşısında çıxışları zamanı qətiyyətlə bildirirdi ki, Azərbaycan dövləti və xalqı işğal faktı ilə heç vaxt barışmayacaq. “Qarabağ məsələsi Prezident kimi hər gün mənim gündəliyimdə birinci məsələ idi. Hər gün. Hər gün fikirləşirdim ki, bu Qələbəni əldə etmək, torpaqlarımızı azad etmək üçün əlavə nə etmək lazımdır. Biz bunu nümayiş etdirdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Son 18 ilə yaxın müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünün təmin olunmasını hədəfləyən məqsədyönlü siyasət kompleks səciyyə daşıyıb və müxtəlif istiqamətləri əhatə edib. Azərbaycanın apardığı siyasətə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Biz bu günü yaxınlaşdırmaq üçün hazırlaşırdıq. Mən öz çıxışlarımda dəfələrlə demişdim ki, hər gün biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırdıq. Görəndə ki, dünyada beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulur, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmur, işğalçı Ermənistan daha da azğınlaşır, bizim torpağımızdan çıxmaq istəmir, əlbəttə, biz daha ciddi hazırlaşmalı idik. Bu hazırlıq hərtərəfli olmalı idi. Bu hazırlıq işlərinə biz vahid konsepsiya çərçivəsində yaxınlaşırdıq və bunu müəyyən edirdik”.
Azərbaycanın ölkənin ərazi bütövlüyünün təmin olunmasını hədəfləyən siyasəti, ilk növbədə, praqmatikliyi və real məzmunu ilə diqqət çəkir. Belə ki, sülh prosesində, danışıqlarda yüksək fəallıq göstərən respublikamız paralel şəkildə iqtisadiyyatının və ordusunun güclənməsinin qayğısına qalıb. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində milli iqtisadiyyatımız, sözün əsl mənasında, çökmüşdü. Ölkəmiz iqtisadi cəhətdən asılı vəziyyətdə idi. İqtisadi güc olmadan isə ölkənin ərazi bütövlüyünün təmin olunmasını şərtləndirən məsələləri həll etmək, o cümlədən də yüksək döyüş qabiliyyətinə malik ordu qurmaq mümkün deyildi. Keçilən yola nəzər salan Prezident İlham Əliyev “Biz iqtisadi güc toplamalı idik. Bizim hazırlıq işlərimizdə bu amil deyə bilərəm ki, aparıcı rol oynamışdır. Çünki açıq-aydın dərk edirdik ki, iqtisadi müstəqillik olmasa, biz istədiyimizə nail ola bilmərik”, - deyə bildirib.
Son 18 ilə yaxın dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət Azərbaycanın iqtisadi baxımdan güclü dövlətə çevrilməsini təmin edib. Bəhs olunan dövrdə respublikamız bütün dünya üzrə ən yaxşı iqtisadi inkişaf göstəricilərinə nail olub. Respublikamız heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Əksinə, Azərbaycanın özü donor ölkə qismində çıxış edir.
Ötən dövrdə ölkəmizin iqtisadi-maliyyə imkanlarının artmasına adekvat olaraq ordumuzun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub. Bu gün Silahlı Qüvvələrimizin gücü beynəlxalq səviyyədə də etiraf olunur. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə, hazırda Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır.
Praqmatik xarici siyasət kursu Azərbaycanın beynəlxlaq mövqeyini möhkəmləndirib və ölkəmizə çoxlu dostlar qazandırıb
Azərbaycan artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqedən çıxış edərkən beynəlxalq hüquq və tarixi ədalət kimi fundamental amillərə istinad edirdi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini, natiqlik bacarığını xüsusi vurğulamaq lazımdır. Dövlət başçımız qatıldığı əksər beynəlxaq tədbirlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsini gündəmə gətirib və diplomatik məharətlə Ermənistanın işğalçılıq siyasətinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Hər kəsə bəllidir ki, dünyada kifayət qədər güclü olan erməni lobbisi yalanlar uyduraraq Ermənistanın məzlum obrazını yaratmağa çalışır. Lakin son illərdə Prezident İlham Əliyevin diplomatik məharəti, həmçinin informasiya cəbhəsində yorulmaz fəaliyyəti sayəsində erməni lobbisinin təsir imkanları əhəmiyyətli dərəcədə məhdudlaşıb. Ümumiyyətlə, müharibədən əvvəlki mərhələdə Azərbaycanın özünün ərazi bütövlüyünə nail olmaq üçün həyata keçirdiyi siyasətdə artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı əlverişli beynəlxalq platformanın formalaşdırılması mühüm yer tuturdu. Biz sübut etməli idik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanın istəyinə nail olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar - BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər”.
Praqmatik xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirib və ölkəmizə çoxlu dostlar qazandırıb. Ötən il 44 günlük Vətən müharibəsində ayrı-ayrı beynəlxalq təşkilatların Azərbaycanın haqlı işinə qətiyyətli dəstək nümayiş etdirməsi də son 18 ildə ölkəmizin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Məlum olduğu kimi, müharibənin davam etdiyi günlərdə BMT Təhlükəsizlik Şurasının üzvləri qurumda ölkəmizin əleyhinə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi. Çünki biz öz torpağımızda vuruşurduq. Bizim işimiz haqq işi idi. Buna baxmayaraq, ermənipərəst dairələr və ölkələr bizə qarşı tamamilə reallığı əks etdirməyən qətnamə qəbul olunmasına çalışırdılar. BMT TŞ-də kim bizi müdafiə etdi? BMT Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv ölkələr. Bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev “Onlar bizi müdafiə etdi və biz onlara minnətdarıq. Məhz onların səyi nəticəsində anti-Azərbaycan bəyanat qəbul edilmədi. Biz buna nəyin hesabına nail olmuşuq?! Əlbəttə ki, diplomatiya, siyasi əlaqələr və iqtisadi imkanlar hesabına”, - deyə vurğulayıb.
Müharibə dövründə digər dost ölkələr də Azərbaycanın yanında oldular. Qardaş Türkiyənin, Pakistanın və digər dost ölkələrin mənəvi-siyasi dəstəyi Azərbaycanın özünəinam hissini daha da artırdı və ölkəmiz haqq işi uğrunda mübarizəsini qalibiyyətlə başa vurdu.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 310 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31