Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycançılıq ideologiyası mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür

Azərbaycançılıq ideologiyası mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür

04.05.2021 [08:50]

Milli ideologiyamızın təbliği xalçaçılarımızın yaradıcılığında da özünəməxsus yer tutur
Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid amal uğrunda sıx birləşdirib. Eyni zamanda, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu ideologiyadan güc alaraq Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.
Bu məqamda, vurğulamaq lazımdır ki, ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi və onun nəticələri azərbaycançılıq ideologiyasından güc alan Azərbaycan xalqının, o cümlədən ölkə gəncliyinin öz dövlətinə, torpağına bağlılığını növbəti dəfə sübuta yetirdi. Bu isə milli ideologiyanın təbliği istiqamətində ölkəmizdə həyata keçirilən işlərin səmərəli olduğunu bir daha təsdiqlədi. Əlbəttə, əldə edilən nəticələr çox uğurlu olsa da, bu, bizə arxayınlaşmağa, yaxud da gəlinən nöqtədə dayanmağa əsas vermir. Əksinə, ötən illərdə olduğu kimi, postmüharibə dövründə də gənclərin bu ideologiya ətrafında daha sıx birləşməsi vacibdir. Və heç şübhəsiz, gələcəkdə də bu ideologiyanın təbliği istiqamətində dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının, həmçinin ziyalıların, sənətçilərin, bir sözlə, hər birimizin üzərinə mühüm vəzifə düşür. Təbii ki, bu sırada xalçaçılarımız da var. Çünki azərbaycançılıq ideologiyasının təbliği xalçaçılarımızın yaradıcılığında da özünəməxsus yer tutur.
Bununla bağlı bir qədər sonra. Hələlik isə qeyd edək ki, xalqımızın milli sərvətlərindən, eyni zamanda, ümumbəşəri xarakterli mədəni dəyərlərdən biri də Azərbaycan xalçasıdır. Tədqiqatlar göstərir ki, Azərbaycan xalça sənəti tunc dövründən başlayaraq inkişaf edib, daha da zənginləşərək bu günümüzə gəlib çatıb. Bu, ulu babalarımızdan bizə miras qalan irsdir, əsrlərboyu nəsildən-nəslə ötürülüb. Bəlkə də, bu sənətin yaşı elə xalqımızın yaşına bərabərdir.
Vurğulamaq lazımdır ki, xalçaçılıq sənəti Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub. Yeri gəlmişkən, onu da bildirək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2010-cu il noyabrın 16-dan Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
Məlumat üçün bildirək ki, Azərbaycan xalça sənətinin inkişafında böyük xidmətlər göstərmiş Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Lətif Kərimovun təşəbbüsü ilə 1967-ci ildə Bakıda unikal muzeyin - Azərbaycan Xalça Muzeyinin əsası qoyulub. Muzey yarandığı vaxt dünyada xalçaların qorunub saxlanıldığı, öyrənildiyi, sərgiləndiyi yeganə müəssisə idi. Bu mədəniyyət ocağında xalqımızın qiymətsiz sərvəti olan Azərbaycan xalçalarının və xalça məmulatlarının ən mötəbər və rəngarəng kolleksiyası qorunur, tədqiq olunur və nümayiş etdirilir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında deyib ki, xalçaçılıq min illərdir Azərbaycan incəsənətinin və mədəniyyətinin ayrılmaz hissəsi olub. “Azərbaycan”, “Azərbaycan oğuz dünyası”, “Azərbaycan karvanı”, “Füzuli dünyası”, “Ulu Öndər 75”, “Kəhkəşan”, “Sufi”, “Nar tabaq” və s. adlı xalçaların müəllifi olan M.Hüseynov bildirib ki, xalça Azərbaycanın, Azərbaycan mədəniyyətinin və xalqının rəmzidir. Professorun sözlərinə görə, xalqımızın həyat tərzi xalçalarımızda əks olunur. Müxtəlif dövrlərdə xalçaçılar azərbaycançılıq ideyasını əsərlərində özgün tərzdə ifadə etmişlər. Eyni zamanda, bu gün də xalçaçılar bu istiqamətdə üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər: “Azərbaycan xalçası azərbaycançılıq ideologiyasının bir növ güzgüsüdür. Zaman keçdikcə yazılı ədəbiyyatda belə nəyi isə dəyişmək mümkündür, amma xalça sənəti elədir ki, hər hansı tarix, yazı, hadisə ornament şəklində, bir növ kodlaşmış formada xalçada əks olunur. Əgər bu gün qədim xalçaların üzərindəki ornamentləri insanlar oxuyub başa düşsəydi, tariximizə daha dərindən bağlanardılar.
Bu sənətdə o qədər sirlər var ki, onlar açılsa, hər bir adam xalçanı evinin ən qiymətli sərvəti sayar. Bu sirlərdən agah olmaq üçün xalça sənətinin tarixini bilmək lazımdır”.
“Hamımızın evində valideynlərimizdən, nənə-babalarımızdan bizə qalan, özündə neçə-neçə nəsillərin xatirələrini yaşadan sevimli xalçalarımız var. Onlar bizim evlərimizin bədii tərtibatının əsas hissəsidir. Qədimlərdən üzü bu yana Azərbaycanda belə bir ənənə vardı. Uşaq anadan olan kimi adına xalça toxunardı. Onu toxuyan ya ana, ya nənə olardı. Onların toxuduğu xalçalar genetik informasiya şəklində ilmələrə köçürülər, nəsildən-nəslə ötürülərdi. Uşaq həmin xalça üzərində iməklədikcə bədəninə dəyən qıcıqlar, gözünə toxunan rənglər, şüuruna təsir edən müsbət enerji doğulduğu elə, obaya, vətənə, ailəyə bağlılığını şüuruna və genetik koduna hopdurardı. Həmin toxunan xalçaların bəzisi xofsuz, bəzisi xovlu olardı. Yayda, qışda, çöldə-bacada xalçanı beşiyin altına sərərdilər. Bu da uşaqların təhlükəsizliyinə zəmanət verərdi. Çünki nə ilan, nə əqrəb, nə də zərərverici həşəratlar xalçanın üstündə hərəkət edə bilir. Uşaq böyüyüb yetkinlik yaşına çatanda qızlara və oğlanlara aid xalçalar toxunardı. Kişilərə aid xalçalarda qəhrəmanlıq, nəsilartırma, xeyir, döyüş və ibadət simvolları əks olunardı. Qadınlara aid xalçalarda isə bakirəlik, gözəllik, analıq nişanələri ornamentlərdə əksini tapardı. Qız-gəlinlərimiz özləri üçün cehizlik xalça toxuyar, ərə gedəndə özü ilə birlikdə həmin qiymətli sərvəti aparardı. Ona görə də xalça bizim həm mənəvi, həm də maddi sərvətimizdir”, - deyə Əməkdar rəssam söyləyib.
Qeyd olunub ki, Azərbaycan xalçası həm texnoloji xüsusiyyətlərinə, həm rəng, həm də ornament xüsusiyyətinə görə Bakı, Təbriz, Quba, Şirvan, Qarabağ, Gəncə-Qazax klassik xalça məktəblərinə bölünür. Hər məktəbin özü isə qruplara, tiplərə, məntəqələrə, ocaqlara ayrılır. Bu da xalça sənətimizin zənginliyindən irəli gəlir. Bizim xalçaları fərqləndirən onun keyfiyyəti, gözəlliyi və tarixiliyidir. Bu gün dünyada ən məşhur xalçalar elə Azərbaycan xalçalarıdır. Onlar həm yadigar hədiyyə, həm də qiymətli mirasdır. Ona görə də bütün mədəni, mənəvi irsimizə həssaslıqla yanaşıb, onu araşdırıb, öyrənib dünyaya tanıtmalıyıq.
O da bildirilib ki, qədim və mənəvi sərvətimiz olan xalçaçılığın daha da inkişaf etdirilməsi üçün bu sənətə gənclər daha çox cəlb edilməlidir. Çünki bu, həm xalçaçılıq sənətinin yaşaması, həm də xalçaçılıq vasitəsilə azərbaycançılıq ideologiyasının təbliğinin davam etdirilməsi baxımından vacibdir.
“Azərbaycançılıq ideologiyası xalqımızın milli birliyi və vahidliyi üçün uğurlu təməl, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağı bacaran və yaşadan milli düşüncə sistemi olmaqla yanaşı, mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Bu sistemin ən ümdə amillərindən biri milli ənənədir. Azərbaycan xalqının dərin köklərə malik ənənəvi xalq sənəti xalçaçılıqdır”.
Bunu isə müzeyin Elmi-tədqiqat və milli irsin qorunması şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədova deyib. Qəzetimizə açıqlamasında şöbə müdiri bildirib ki, Azərbaycan xalqının ruhunu, həyat fəlsəfəsini, dini inanclarını öz ilmələrində əks etdirən xalça sənəti mədəniyyətimizin ən vacib sahəsidir: “Xalça sənəti evlərimizi bəzəyərək təkcə bədii zövqümüzü əks etdirən və utilitar funksiya daşıyan əşya deyil, həm də şifrələnmiş rəngli məktubdur, bir nəslin digər nəslə ünvanladığı məktub və biz onu gələcək nəsillər üçün qoruyub saxlamalıyıq”.
Onun sözlərinə görə, milli dəyərimiz olan Azərbaycan xalçası yaşadılaraq gələcək nəsillərə ötürülür: “Qədim tarixə malik Azərbaycan xalçaçılıq sənəti bu gün də öz ənənələrini davam etdirərək gələcək nəsillərə ötürülür. Xalçaçılıq dekorativ-tətbiqi sənətin ən geniş yayılmış növlərindən biri kimi tarixən Azərbaycan xalqının həyatında, məişətində çox mühüm yer tutub. Ənənəvi Azərbaycan xalçaları sıx toxunuşa malikdir. Hər bir xalça toxunduğu yerin təbiəti, onu ərsəyə gətirən insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Elə ona görə də xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Xalçaçılıqda azərbaycanlı qız-gəlinlərin, sənətkarların, nənələrimizin zəhməti danılmazdır”.
A.Əhmədova əlavə edib ki, xalçaçılıq sənətinin inkişafına diqqət, onun öyrənilməsi, xalçaçılıq irsinin qorunması həm də azərbaycançılıq ideologiyasına xidmət edən dövlət əhəmiyyətli məsələdir: “Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. İpək yolu üzərində olan dövlətlərdə xalça sənəti mövcuddur. Amma bütün ölkələrdə istehsal olunan xalçalar arasında Azərbaycan xalçası qiymətli və zəngindir”.
Şöbə müdiri onu da vurğulayıb ki, son illərdə kolleksiyamızın zənginləşdirilməsi üçün dəyərli və dünya miqyaslı nadir sənət əsərlərinin alınması və muzeyə bağışlanması işində Heydər Əliyev Fondu böyük işlər görür: “Bu gün qədim xalçaların tarixi vətəninə qaytarılması və muzeyin kolleksiyasına daxil edilməsi nəinki muzey səviyyəsində, hətta ölkəmizin bu sahədə atdığı mühüm addımlardan biri olaraq, çox böyük tarixi-mədəni əhəmiyyətə malikdir. Hədiyyə olunmuş Şirvan tikməsi (XVIII əsr), Qarabağın “Xətai” (XVII əsr) və “Naxçıvan” (XVIII əsr) xalçaları buna bariz nümunədir”.
Beləliklə, yuxarıda da vurğuladığımız kimi, azərbaycançılıq məfkurəsinin təbliği hər zaman olduğu kimi, bu gün də xalçaçıların yaradıcılığında xüsusi yer tutur.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 290 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30