“30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan ötən il baş vermiş 44 günlük Vətən müharibəsi dövründə də beynəlxalq hüququn prinsiplərini pozaraq Azərbaycanın mülki vətəndaşlarına qarşı terror həyata keçirdi və oktyabr ayında 2 dəfə Gəncədə, daha sonra Tərtər, Bərdə və digər rayonlarımızda dinc insanların yaşadıqları əraziləri hədəfə aldı. Bu fakt növbəti dəfə Ermənistan kimi ölkələrə müasir silahların verilməsinin neqativ nəticələrini özündə əks etdirmiş oldu. Döyüş meydanında Azərbaycan Ordusunun dərs verdiyi Ermənistanın gücü günahsız dinc əhaliyə, qadın və uşaqlara çatdı, xaincəsinə mülki əhalini hədəf seçdi. Bu günlərdə ANAMA-nın Şuşada iki ədəd “İsgəndər” raketinin qalıqlarını aşkar etməsi ilə bağlı məlumat da deyilənləri sübuta yetirir. Bəlli olduğu kimi, tapılan qalıqlar bu raketlərin “İsgəndər-M” olduğunu təsdiqləyir”. Bu fikirləri açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, bu raketləri istehsal edən Rusiya tərəfi bildirir ki, onlar Ermənistana “İsgəndər-M” satmayıb, Ermənistanda olanlar “İsgəndər-E” raketləridir: “Şuşa ətrafında tapılmış qalıqlar isə “İsgəndər-M” raketlərinin qalıqlarıdır. Bu isə bir çox suallar yaradır və tapılan qalıqlar Rusiyanın Prezident Administrasiyasının Ermənistana “İsgəndər-M” raketlərinin satılmaması haqqında məlumatlarını şübhə altına salır. Onu da nəzərə almaq lazımdır ki, həmin dövrlərdə Rusiyadan Ermənistana silahların qeyri-qanuni ötürülməsi, habelə bu prosesdə erməniəsilli Rusiya vətəndaşlarının iştirakı ilə bağlı fikirlər də səsləndirilirdi. Eləcə də həmin dövrdə bəzi beynəlxalq qeyri-hökumət təşkilatları, hətta KİV-lərin nümayəndələri də ermənilərin qadağan olunmuş silahlardan istifadə etməsi ilə bağlı həm hesabatlar, həm də reportajlar hazırlayıblar. Bu, bir daha Ermənistanın təcavüzkar xislətini ortaya çıxarır, onların regionun təhlükəsizliyinə təhdid yaratdığını göstərir”.
PƏRVİZ
- Oxunub: 1770 |
- Tarix: 07-04-2021 |
-
Çap et |