Bu mövsümdə “Azərtütün ASK” MMC tərəfindən şimal-qərb bölgəsi rayonlarında 830 hektaradək sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi proqnozlaşdırılır
Məlum olduğu kimi, həyata keçirilən uğurlu və məqsədyönlü siyasət ölkəmizdə digər sahələrlə yanaşı, aqrar sahənin də inkişafını təmin edib. Öz növbəsində, 2004-cü ildən həyata keçirilən və regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən Dövlət proqramlarının uğurlu icrası regionlarda kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı ilə yanaşı, tarixi ənənələri olan sahələrin yenidən dirçəldilməsinə də şərait yaradıb. Eləcə də Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına yönəlik Fərman və sərəncamlarına əsasən, fermerlərin fəaliyyətinin stimullaşdırılması, onların bir sıra subsidiya və güzəştlərlə təmin edilməsi nəticə etibarilə bütövlükdə kənd təsərrüfatının inkişafına, o cümlədən strateji və gəlirli aqrar məhsulların ixracına yönəlik tədbirlərin gücləndirilməsinə yol açıb.
Tütünçülüyün inkişafı diqqət mərkəzindədir
Bu məqamda qeyd etmək yerinə düşər ki, ixrac qabiliyyəti yüksək məhsullar sırasında yer alan tütünçülüyün inkişafı son illərdə xüsusilə diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası ölkədə tütünçülüyün inkişaf etdirilməsində, tütün məmulatları istehsalının artırılmasında, emal müəssisələrinin yaradılmasında, tütün məmulatlarının ixracının təşviq edilməsində və tütünçülüklə məşğul olan insanların gəlir əldəetmə imkanlarının genişləndirilməsində əhəmiyyətli rola malik olub. Yeri gəlmişkən, regionlarda tütün tədarükünün artımı Bakı və Sumqayıt şəhərlərində emal müəssisələrinin də fəaliyyətini şərtləndirib. Belə ki, tütünçülüyün inkişafı sayəsində Sumqayıtda yeni siqaret fabriki yaradılıb, Bakı siqaret fabriki yenidən qurulub. Bu isə öz növbəsində, daxili tələbatın tam ödənilməsi ilə yanaşı, ixracın da inkişafına şərait yaradır. Belə demək mümkündürsə, regionlarda tütünçülüyün inkişaf etdirilməsi ilə paralel olaraq emal müəssisələrinin də fəaliyyətə başlaması bu strateji məhsuldan yüksək gəlir əldə olunmasına imkan verir.
Torpaqlarımızın işğaldan azad edilməsi tütünçülüyün gələcək inkişafına da müsbət təsir göstərəcək
Bildirmək yerinə düşər ki, ölkəmizdə dövlət tərəfindən fermerlərə və məhsul istehsalçılarına 1 hektar sahədə tütün əkininə görə 280, yaş tütünün 1 tonunun qəbuluna görə 5, bir ton quru tütünün qəbuluna görə isə 50 manat subsidiya verilir. Eləcə də fermerlər üçün yaradılan şərait də tütün yetişdirilməsinin artımında mühüm amilə çevrilib. Belə ki, bölgələrdə tütünçülüklə məşğul olan fermerlər yetişdirdikləri məhsulları əsasən, yerlərdə yaradılan emal məntəqələrinə təhvil verirlər. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə fəaliyyət göstərən aqrar mərkəzlərində tütünçülüklə məşğul olan fermerlərlə tez-tez görüşlər keçirilir, maarifləndirici söhbətlər aparılır. Yerli təsərrüfat sahiblərinə yeni texnologiyalardan istifadə qaydaları, eləcə də xəstəlik və zərərvericilərə qarşı profilaktiki tədbirlərin görülməsi” istiqamətində təlimlər keçilir.
Bir məqama da toxunmaq gərəkir ki, 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi tütünçülüyün gələcəkdə daha da inkişafında mühüm rol oynaya bilər. Belə ki, bu il yanvarın 7-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxış edən dövlət başçısı vurğulayıb ki, azad edilmiş torpaqlarda sovet dövründə taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, bağçılıq, heyvandarlıq çox geniş vüsət almışdı. Bu isə ən gəlirli sahələrdən olan tütünçülüyün işğaldan azad edilmiş rayonlarda yenidən dirçəldilməsinə yol açacaq.
“Azərtütün ASK” MMC şimal-qərb bölgəsində tütün əkininə hazırlıq işləri görür
Bu məqamda vurğulamaq yerinə düşər ki, artıq tütün əkini mövsümünün yaxınlaşması ilə əlaqədar rayonlarımızda da bu istiqamətdə işlər uğurla davam etdirilir. Belə ki, “Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında builki mövsüm üçün tütün əkininə hazırlıq işləri görülür. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən aprelin 2-nə qədər 122 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam etdirilir. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 822,3 hektardır. Bu barədə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib. Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə “Azərtütün ASK” MMC tərəfindən şimal-qərb bölgəsi rayonlarında 830 hektaradək sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi proqnozlaşdırılır. Bölgənin fermerləri tərəfindən bu günədək ümumi sahəsi 23 min 446 kvadratmetr olan 1666 sadə istixana hazırlanıb və toxum səpilib. Bundan əlavə, cəmiyyətin Zaqatala rayonunun Aşağı Tala kəndində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin istixana təsərrüfatında da martın ortalarından etibarən tütün şitillərinin yetişdirilməsinə başlanılıb. İstixanalarda yetişdirilən tütün şitilləri aprelin ortalarında sahələrə köçürüləcək. Hazırda tütün əkiləcək sahələr şumlanır, malalanır. İndiyədək 783 hektardan çox sahədə don şumu aparılıb.
Qeyd edək ki, tütün şitillərinin yetişdirilməsi üçün məntəqənin ərazisində 4 ədəd ABŞ istehsalı və 3 ədəd ölkəmizdə istehsal olunan istixana quraşdırılıb. Tutumundan asılı olaraq bu istixanaların hər birində 625 mindən 800 minədək “Virciniya botaniki” növlü tütün şitili yetişdirmək mümkündür. Toxum əvvəlcə xüsusi aparat vasitəsilə plastik goduşların (lotok) içərisinə yerləşdirilir. Hər bir goduşun içərisinə 288 ədəd toxum qoyulur. Sonra bu goduşlar istixananın içərisindəki su hövzəsinə buraxılır. Su hövzələrinə əvvəlcədən tələb olunan gübrə və dərmanlar tökülür. Böyük istixanaların hər birinə 3 min ədəd goduş qoymaq mümkündür. Tütün şitili 40-45 gün ərzində yetişir və sahəyə köçürülmək üçün hazır vəziyyətə gəlir.
Şəkidə bu il 1210 hektar sahədə tütün əkini proqnozlaşdırılır
Ölkəmizin əsas tütün istehsalçısı olan rayonlarından Şəki rayonunun təsərrüfatlarında da builki mövsüm üçün tütün əkininə hazırlıq işləri davam etdirilir. Cari təsərrüfat ilində rayonda 1210 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Şəkili fermerlər bu il 400 hektar sahədə “Virciniya botaniki”, 810 hektarda isə digər növ tütün yetişdirəcəklər. Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib. Qurum rəsmisi bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 58 min kvadratmetr sahədə sadə istixanalar hazırlanaraq toxum səpilib. Şitillər aprelin ortalarında sahələrə köçürüləcək. Hazırda tütün əkiləcək sahələr təkrar şumlanır və malalanır.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1108 hektar sahədən 3835 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 193 ton artıb.
Tütünçülüyün inkişafı regionlarda yeni iş yerlərinin açılmasına şərait yaradır
Balakən rayonu da ölkəmizin aparıcı tütünçülük rayonlarından sayılır. Rayonun yerli təsərrüfatlarında yetişdirilən tütün məhsulu rayon fermerləri üçün yüksək qazanc mənbəyinə çevrilib. Bu mənada, bütün təsərrüfatlar ildən-ilə həm əkin sahələrini artırır, həm də tütünün becərdilməsində yeni texnologiyalardan istifadə edir. Belə sahibkarlardan biri də rayonun Qazbinə kəndində fəaliyyət göstərən tütünçülük təsərrüfatının rəhbəri fermer Ayparə Dadayevadır. A.Dadayeva üç ildir ki, təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur. Ailəsinin təsərrüfat ənənələrini davam etdirən fermer 2018-ci ildə ilk dəfə 32 hektarda tütün əkib-becərib. Tütün sahələrini ildən-ilə genişləndirən xanım təsərrüfatçı cari mövsümdə 75 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkməyi planlaşdırır.
Xanım fermer KİV-ə açıqlamasında bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün indiyədək ümumi sahəsi 600 kvadratmetr olan 50 ədəd sadə istixana hazırlanıb. Hazırda daha 20 istixananın hazırlanması üçün iş aparılır. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin axırlarında sahələrə köçürüləcək. Ayparə Dadayevanın sözlərinə görə, ötənilki mövsüm onun təsərrüfatı üçün uğurlu olub. Belə ki, ötən il rəhbərlik etdiyi təsərrüfatda 345 ton quru tütün istehsal edilib. Tütünün satışından əldə etdiyi gəlirdən əlavə, dövlətdən 17 min manatadək subsidiya da alıb. Ötən il təsərrüfatda 200 nəfərədək işçi mövsümi işlərə cəlb olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə Ayparə Dadayeva 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
İsmayıllı rayonunun fermerlərinin də bu gəlirli sahəyə marağı artıb
Qeyd etmək lazımdır ki, bu gün ölkəmizin fərqli regionlarında kənd təsərrüfatının bu gəlirli sahəsinə maraq artmaqdadır. Belə ki, ənənəvi tüitün istehsalçısı olan rayonlarla yanaşı, digər bölgələrimizdə də yerli sahibkarlar tütün yetişdirilməsi ilə məşğul olmağa başlayıblar. Məsələn, İsmayıllı rayonunda cari mövsümdə 15 hektar sahədə tütün əkini nəzərdə tutulub və hazırda bununla bağlı hazırlıq işləri görülür. İsmayıllı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin yaydığı məlumata görə, tütün əkini Qurbanəfəndi, Topçu, Qalınçaq, Diyallı, Talıstan kəndlərində və İsmayıllı şəhəri ərazisində aparılacaq. Mart ayının sonlarından etibarən 15 hektar sahədə şum çıxarılıb. Tütün əkini üçün şitillər fermerlər tərəfindən şitilxanalarda yetişdirilir. Artıq səpin işləri aparılıb. Səpilən toxumlarda normal və sağlam şitil alınması üçün Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri tütünçü fermerlərlə mütəmadi görüşlər keçirir, onlara lazımi məsləhətlər verirlər. Şitillər aprel ayının sonunda açıq sahəyə köçürüləcək.
Pərviz SADAYOĞLU
- Oxunub: 1920 |
- Tarix: 07-04-2021 |
-
Çap et |