Azərbaycanın möhtəşəm zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan öz tarixinin ən şanlı səhifəsini yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz 44 gün ərzində düşməni diz çökdürdü və üç onillik ərzində işğal altında qalan torpaqlarımızı azad etməyə nail oldu. Beləliklə, respublikamız tarixi ədaləti bərpa etdi. Tarixdə əbədi qalacaq bu qələbə ölkəmizin gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi. Prezident İlham Əliyev martın 20-də Şuşada etdiyi müraciətdə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbədən qürur hissi ilə söhbət açaraq vurğulayıb: “Bizim müharibəmiz - İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik”.
Azərbaycanın son 17 ildə apardığı məqsədyönlü siyasət ölkəmizin Vətən müharibəsində şanlı qələbəsini təmin edib
Məlumdur ki, işğalçı Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizini ötən əsrin doxsanıncı illərinin əvvəllərində işğal etmişdi. Düşmən tərəf işğalı sonsuzadək davam etdirmək, hətta yeni ərazilər ələ keçirmək niyyətində idi.
Azərbaycan dövləti üç onillik ərzində tarixi torpaqlarımızı geri qaytarmaq üçün bütün müstəvilərdə məqsədyönlü siyasət həyata keçirib. Bu barədə Prezident İlham Əliyev yuxarıda bəhs olunan müraciətində ətraflı məlumat verib. Düşmənin zor gücünə işğal altına aldığı torpaqları geri qaytarmaq üçün bütün istiqamətlər üzrə hazırlıq işləri aparılmalı, ölkəmizin inkişafı, xalqımızın birliyi təmin edilməli idi. Əlbəttə, vətəndaş müharibəsindən çıxmış ölkə üçün bu, o qədər də asan məsələ deyildi. Ancaq ölkədə gedən proseslər xalqımızı vahid ideya, vahid amal, torpaqlarımızın işğaldan azad edilməsi məqsədi uğrunda birləşdirdi. Prezident İlham Əliyev bu məqama diqqət çəkərək bildirib ki, biz bu milli birliyi, milli həmrəyliyi təmin edə bildik. Bu, olmasa idi, bu Qələbə də olmayacaqdı.
Son 17 ildə artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin tarixi ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq, ölkənin ərazi bütövlüyünü təmin etmək daim Azərbaycanın gündəliyinin mərkəzində dayanıb. Prezident İlham Əliyev ölkə daxilində və xarici səfərləri çərçivəsində keçirdiyi müxtəlif görüşlərdə, bir qayda olaraq, münaqişənin həlli ilə bağlı prinsipial mövqeyini diqqətə çatdırırdı. Ölkənin ərazi bütövlüyünün təmin olunmasının prezidentlik fəaliyyəti dövründə Onun üçün əsas məsələ olduğunu bir daha diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox”.
Azərbaycan dövlətinin son 17 ildə ölkənin ərazi bütövlüyünün təmin olunması üçün həyata keçirdiyi məqsədyönlü siyasət müxtəlif istiqamətləri əhatə edib. Bu barədə söhbət açarkən beynəlxalq müstəvidə görülən işlərin önəmini xüsusi qeyd edə bilərik. Azərbaycan ötən dövrdə əksər beynəlxalq təşkilatlarla sıx təmasda olub və münaqişənin həlli üçün zəruri hüquqi bazanın formalaşmasını təmin edib. Respublikamızın bu istiqamətdə ardıcıl fəaliyyətinin nəticəsidir ki, bir sıra nüfuzlu beynəlxalq qurumlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən sənədlər qəbul ediblər.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının digər bir mühüm şərti ölkəmizin iqtisadi və maliyyə imkanlarının artırılması ilə bağlı idi. Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkəmizin iqtisadiyyatı 3 dəfədən çox genişlənib, həmçinin strateji valyuta ehtiyatlarımız artıb. Azərbaycan özünün iqtisadi müstəqilliyini tam təmin edib, regionda reallaşdırılan əksər transmilli layihələrin moderatoru rolunda məhz ölkəmiz çıxış edir.
Azərbaycanın son 17 ildə ölkənin ərazi bütövlüyünün təmin edilməsi üçün həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri isə güclü ordu quruculuğu ilə bağlı olub. Respublikamızda hər il dövlət büdcəsindən Silahlı Qüvvələrimizin maddi-texniki təchizatının möhkəmləndirilməsi, kadrların hazırlanması və digər məqsədlər üçün bütövlükdə işğalçı Ermənistanın ümumi büdcəsindən daha çox həcmdə vəsait yönəldilib. Bu gün Azərbaycan Ordusu dünyanın aparıcı şirkətlərinin istehsalı olan innovativ silahlara malikdir. Prezident İlham Əliyev Ordumuzun yüksək səviyyəsindən məmnunluğunu bildirərək “Biz güclü ordu yaratmışıq. Peşəkar ordu yaratmışıq. Qəhrəman ordu yaratmışıq. Hərbçilərimiz ən yüksək qiymətə layiqdirlər”, - deyə vurğulayıb.
Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın Silahlı Qüvvələrinin nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə döyüşən Ordumuz təxminən 300 yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi.
Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib
Yeri gəlmişkən, Prezident İlham Əliyev yuxarıda bəhs olunan müraciətində Şuşanın işğaldan azad olunmasının əhəmiyyətini xüsusi olaraq diqqətə çatdırıb. Əlbəttə, noyabrın 8-də Şuşanın işğaldan azad edilməsinin böyük strateji önəmi var. Əsgər və zabitlərimiz bizim hər birimiz üçün əziz olan bu şəhəri xüsusi əməliyyatla geri qaytarmağa nail olublar. Düşmən Ordumuzun əsas yoldan hücuma keçəcəyini gözləyirdi və burada müdafiə səddi qurmuşdu. Ancaq əsgər və zabitlərimiz şəhərə dağlardan, meşələrdən, sərt qayalardan keçərək daxil oldular. Ermənistan ordusunun yüksəkrütbəli zabitləri etiraf edirlər ki, onlar azərbaycanlı döyüşçülərin Şuşaya necə daxil olduqlarının sirrini hələ də dərk edə bilmirlər. Şəhərdə gedən küçə döyüşlərində əsgər və zabitlərimiz misilsiz rəşadət göstəriblər. Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin azad edilməsindən sonra düşmən müharibəni davam etdirmək iqtidarında olmadığını başa düşdü və onun üçün kapitulyasiya aktı sayılan 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Sözügedən sənədə əsasən, üzərinə bir sıra öhdəliklər götürən işğalçı Ermənistan ötən il dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz Azərbaycana təhvil verdi.
İnkaredilməz həqiqətdir ki, hər bir azərbaycanlının qəlbində Şuşanın xüsusi yeri var. Bizi bu şəhərə sıx mənəvi tellər bağlayır. Onilliklər ərzində burada doğulub boya-başa çatan görkəmli sənət adamları milli mədəniyyətimizin sayılıb-seçilən nümunələrini yaradıblar. İşğaladək Şuşada keçirilən musiqi festivalları, Vaqif poeziya günləri böyük populyarlıq qazanmışdı. Son 28 il ərzində isə qədim şəhər öz tarixinin ən arzuolunmaz dövrünü yaşayıb. Erməni vandalları işğal altına aldıqları digər yaşayış məntəqələrimizdə olduğu kimi, burada da bütün tikililəri dağıdıblar, şəhərin mədəni həyatı tamam sönüb. Ancaq düşmənin Şuşanın xalqımıza xas olan ruhunu, koloritini dəyişmək cəhdləri nəticəsiz qalıb. Prezident İlham Əliyev bəhs olunan müraciətində bu amilə xüsusi diqqət çəkib. “Şuşa bizim qədim şəhərimizdir. Erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də xeyri yoxdur, tarix var. Pənahəli xan Şuşanın təməlini qoydu, Şuşanı tikdi, qurdu. Biz isə Şuşanı əsarətdən çıxardıq və xalqımıza qaytardıq, dövlətimizə qaytardıq. Şuşa qədim Azərbaycan şəhəridir, həmişə belə olub. Son 28 il ərzində mənfur düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İşğaldan azad edildikdən sonra Şuşanın yeni bir həyatı başlayıb. Şəhər Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, Şuşaya suyun, elektrik enerjisinin verilməsi bərpa olunub. Hazırda burada işğal dövründə dağıdılmış infrastrukturun, mədəni təyinatlı obyektlərin bərpası istiqamətində intensiv iş aparılır. “Biz Şuşanı bərpa edəcəyik, mütləq bərpa edəcəyik. Artıq bərpa işlərinə start verildi. Bu gün Şuşada olarkən artıq verdiyim tapşırıqların yerinə yetirilməsi ilə tanış oluram. Biz nəinki Şuşanı, azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Quruculuq işləri başlamışdır, infrastruktur layihələrinə start verilmişdir. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır. Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır, onun ilkin versiyası mənə təqdim edildi. Mənim tapşırıqlarımı nəzərə almaq şərtilə indi bunun üzərində iş gedir və yaxın gələcəkdə baş plan təsdiq olunacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır”, - deyə dövlətimizin başçısı bildirib.
Qeyd edək ki, hazırda Şuşaya iki yolun çəkilişi davam etdirilir. Bu yollardan birini Prezident İlham Əliyev “Zəfər yolu” adlandırıb. Əsgər və zabitlərimiz məhz sərt çətin relyefə malik bu yoldan keçərək Şuşaya girməyə müvəffəq olublar. Yeni çəkilən digər yol isə nisbətən aran ərazilərdən keçir.
Mübariz ABDULLAYEV
- Oxunub: 3780 |
- Tarix: 30-03-2021 |
-
Çap et |