“Prezident İlham Əliyevin imzaladığı sonuncu əfv Sərəncamı ölkə vətəndaşları tərəfindən çox müsbət qarşılanıb. Belə ki, bu xeyirxah addım on minlərlə vətəndaşımızı sevindirib, ölkədə vətəndaş-dövlət birliyinin daha da möhkəmləndirilməsinə mühüm töhfə olub”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
Partiya sədrinin sözlərinə görə, Novruz bayramı ərəfəsində Azərbaycan Prezidentinin belə bir humanist addım atması, sözün həqiqi mənasında, cəmiyyətdə xoş ovqat yaradıb: “Məlum olduğu kimi, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxan, habelə məhkumların şəxsiyyətini, törətdiyi cinayətin xarakterini nəzərə alan və humanizm prinsiplərinə əsaslanan dövlət başçısının 18 mart 2021-ci il tarixində imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 475 nəfərə şamil olunub. Heç şübhəsiz, Prezidentin böyük bir humanistlik nümayiş etdirərək əfv Sərəncamı imzalamasını məhkumlar və onların yaxınları da yüksək qiymətləndiriblər. Eyni zamanda, imzaladığı sonuncu əfv Sərəncamı ilə Azərbaycan Prezidenti İlham Əliyev nə qədər humanist lider olduğunu bir daha nümayiş etdirib”.
Qaşqay RAMAZANOV
- Oxunub: 1890 |
- Tarix: 30-03-2021 |
-
Çap et |