Hazırda ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndləmə aparılır. Mütəxəssislərin qənaəti budur ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq edilən peyvəndlər uğurlu nəticələr verir.
Öz növbəsində, həkim-infeksionist Əsli Babayeva qəzetimizə açıqlamasında bildirib ki, dövlətimiz tərəfindən ölkəmizə kifayət qədər vaksin gətirilib. Vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etməlidirlər: “Peyvənd COVID-19 xəstəliyinin ağır formada keçməsinin qarşısını alır. Hər gün vaksin olunmaq üçün minlərlə insan könüllü olaraq müvafiq tibb idarələrinə müraciət edir. Sevindirici haldır ki, peyvənd olunanların sayı bir il ərzində bu infeksiya ilə xəstələnənlərin rəsmi statistik göstəricilərini üstələyib”.
Həkim deyib ki, tərəddüd etmədən vaksinasiya prosesində iştirak etmək və həm özümüzü, həm də cəmiyyətimizi narahat edən bu bəladan xilas olmaq lazımdır: “Nəzərə alsaq ki, qarşıdan Novruz Bayramı gəlir. Bu günlərdə ikiqat ehtiyatlı olmaq lazımdır. Cəmiyyətin sağlamlığının qorunması hər bir vətəndaşın məsuliyyətli davranışından, qaydalara riayət etməsindən asılıdır. Vətəndaşlar öz çevrəsində hər kəsi məsuliyyətli olmağa, qoruyucu maskalardan istifadə etməyə, sosial məsafəni saxlamağa və gigiyenik qaydalara əməl etməyə çağırmalıdırlar. Ümid edirəm ki, tezliklə peyvəndləmənin müsbət effektini hər birimiz öz həyatımızda hiss edəcəyik”, - deyə mütəxəssis söyləyib.
MÜŞFİQƏ
- Oxunub: 3600 |
- Tarix: 17-03-2021 |
-
Çap et |