Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını şərtləndirən bir sıra amillər vardır. Bu amillərdən biri də ölkə iqtisadiyyatına investisiyanın cəlb olunmasıdır. Bunu “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində də görə bilirik. Belə ki, bu kontekstdə milli maraqlara uyğun olaraq ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb olunması prosesi daha da inkişaf edəcəkdir. Digər tərəfdən, bu proqram çərçivəsində infrastruktur sahələrinə strateji investorların cəlb edilməsi də nəzərdə tutulmuşdur. Ümumiyyətlə, strateji dövrdə ölkə iqtisadiyyatına xarici investisiyanın cəlb edilməsi dayanıqlı iqtisadiyyatın hərəkət verici qüvvəsinə çevriləcəkdir.
Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə sözü gedən milli prioritetlərdə dövlət investisiyalarının və dövlət şirkətlərinin səmərəliliyinin artırılması prosesi də öz əksini tapmışdır ki, bu da öz növbəsində dövlət şirkətlərinin fəaliyyətində yeni inkişaf mərhələsidir. Eyni zamanda bu kontekstdə özəl və dövlət əməkdaşlığının gücləndirilməsi məsələsi də qeyd edilmişdir. Burada əsas məqamlardan biri isə biznesin təşviqi və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması məqsədilə müəyyən effektiv mexanizmlərin yaradılmasıdır. Bunlar arasında ən mühümü milli prioritetlərin reallaşması kontekstində sahibkarlara kreditlərin əlçatanlığının təmin edilməsi ilə bağlı yeni effektiv mexanizmlərin yaradılmasıdır ki, nəticə etibarilə bu mexanizmlər də daha davamlı və dayanıqlı iqtisadi inkişafı şərtləndirəcəkdir.
Aslan Əzimzadə
YAP GB-nin üzvü, iqtisadçı-ekspert
- Oxunub: 3570 |
- Tarix: 16-03-2021 |
-
Çap et |