“Siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə xidmət edir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyev deyib.
S.Hacıyevin sözlərinə görə, ölkəmizdə milli həmrəyliyə xidmət edən siyasi islahatlar kursu öz müsbət nəticələrini verir: “Məlum olduğu kimi, ölkənin yeni siyasi sisteminin formalaşması prosesi davam edir. Bu proses çərçivəsində 6 partiyanın hakim Yeni Azərbaycan Partiyasına qoşulması siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətinə gətirib çıxaracaq. Eyni zamanda, sərgilənən qoşulma nümunəsi ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olacaq”.
Partiya sədri deyib ki, bu cür tendensiyalar, eyni zamanda, iqtidara yönəlik ictimai rəyin artmasının göstəricisidir: “Siyasi partiyalar sistemində müşahidə olunan tendensiyalar Yeni Azərbaycan Partiyasının nüfuzunun artmasından xəbər verir. Eyni zamanda, ideoloji prioritetlərin vəhdətliyi 6 siyasi partiyanın iqtidar partiyasına qoşulmasının əsas səbəblərindəndir. Qeyd edim ki, siyasi partiyaların daha da güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradacaq”.
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 3420 |
- Tarix: 16-03-2021 |
-
Çap et |