Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsində həlledici rol oynayan əsas amillər bütün vətəndaşlarımızın Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun yüksək peşəkarlığı, xalqımızın həmrəyliyi sayəsində Azərbaycan regionda yeni reallıq yaratmağa müvəffəq olub. Cənab Prezidentin də Yeni Azərbaycan Partiyasının VII Qurultayında vurğuladığı kimi, bu yeni dövrdə siyasi dialoqun dərinləşdirilməsi mühüm əhəmiyyətə malikdir.
Bunu AZƏRTAC-a Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Soltan Məmmədov bildirib ki, dövlət başçımızın bu fikirləri qarşıdakı dövrdə ölkədə siyasi münasibətlər sisteminin daha da təkmilləşdiriləcəyinə, müxtəlif ideologiyaların daşıyıcısı olan partiyalar arasında əməkdaşlığın inkişaf etdiriləcəyinə dair çox vacib mesajlar verir.
Deputat qeyd edib ki, Azərbaycanda hakimiyyətlə siyasi müxalifət arasında kifayət qədər konstruktiv münasibətlər sistemi formalaşıb. Bu, ölkədə demokratiya ənənələrinin dərinləşməsinə, cəmiyyətdə birliyin, həmrəyliyin möhkəmlənməsinə çox ciddi stimul yaradan mühüm amildir. Siyasi qüvvələr arasında dialoq ölkədə sosial-iqtisadi rifahın yaxşılaşdırılması və siyasi sabitliyin qorunması, eyni zamanda, milli təhlükəsizliyin təmin olunmasının ən effektiv alətlərindən biri kimi qəbul olunur. Bütün cəmiyyətlərdə siyasi dialoqa, ən müxtəlif məsələlərin açıq müzakirəsinə ehtiyac var. Çünki nə qədər insan varsa, bir o qədər də fikir var. Azərbaycan dövlətinin gücü ondadır ki, cəmiyyətdən gələn sosial sifarişləri düzgün təhlil etməyə, uyğun nəticələr çıxarmağa, ictimai mesajları dəqiq qiymətləndirməyə qadir idarəetmə mexanizmi mövcuddur.
Deputat vurğulayıb ki, parlament bu dialoqun reallaşmasına imkan yaradan yüksək səviyyəli platformadır. Çünki qanunverici hakimiyyət siyasi münasibətlər sisteminin təkmilləşməsində çox mühüm bir funksiyanı həyata keçirir. Bu baxımdan, Azərbaycan Milli Məclisində yaradılmış imkanlar, aparılmış islahatların praktik nəticələri siyasi partiyalar arasında ünsiyyətə yeni məzmun gətirib.
- Oxunub: 4650 |
- Tarix: 12-03-2021 |
-
Çap et |