İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) 2021-ci ili İslam aləmində “Qadın İli” elan edib. Bu münasibətlə İslam ölkələrinin birinci xanımları, şahzadələr və nazirlərin iştirakı ilə “Qadınlar gələcək naminə” şüarı altında keçiriləcək tədbirlərin virtual açılış mərasimi keçirilib.
ICESCO-nun mənzil qərargahından AZƏRTAC-a bildiriblər ki, “Qadınlar gələcəyin ilhamverici rəmzi” mövzusunda keçirilən açılış mərasimində Misir, Əfqanıstan və Mavritaniyanın birinci xanımları İntissar Əmir, Rula Qani və Məryəm bint Dah, həmçinin Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Sudan və Omanın qadın nazirləri çıxış ediblər.
Çıxışlarda qadınların cəmiyyətdə rolunun artırılması məsələlərinə, qızların təhsilinin səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə nəzər salınıb.
Mərasimdə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib ki, “Qadın İli” çərçivəsində təşkilata üzv ölkələrdə bir sıra tədbirlər keçiriləcək, zərif cinsin nümayəndələrinin biznes və təhsil sahələrində daha fəal iştirakının təmini məqsədilə yeni layihələr təqdim ediləcək. Qadın liderlər üçün müxtəlif sahələrə dair xüsusi platforma hazırlanıb, həmçinin qızlar üçün təlim proqramlarını həyata keçirəcək Gənc Qadınların Beynəlxalq Akademiyasının yaradılması nəzərdə tutulur.
Sonra BMT Baş katibinin müavini, təşkilatın Dayanıqlı İnkişaf Qrupunun rəhbəri Əminə Məhəmmədin müsəlman qadınlarına videomüraciəti təqdim edilib.
Açılış mərasimindən sonra keçirilən üç panel iclasında zərif cinsin nümayəndələrinin cəmiyyətin inkişafında, elm və təhsildə rolunun artırılması, gənc qızların təhsili və cəmiyyət həyatının müxtəlif sahələrində layiqli yerlərini tutmaları üçün yeni layihələrin həyata keçirilməsi müzakirə edilib və tədbirin yekununa dair Bəyannamə qəbul olunub.
- Oxunub: 2460 |
- Tarix: 12-03-2021 |
-
Çap et |