Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ulu öndər Heydər Əliyevin ideyaları uğurlarımızın qarantıdır

Ulu öndər Heydər Əliyevin ideyaları uğurlarımızın qarantıdır

09.03.2021 [19:05]

Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. YAP-ın 800 minə yaxın üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda çıxış etdi. Dövlətimizin başçısı YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi ulu öndər Heydər  Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs etdi.

1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanın həyatında yeni mərhələ başladı. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi milli böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Qədim Odlar Yurdunun müstəqilliyinin və suverenliyinin itirilməsi, ərazisinin bir neçə hissəyə parçalanması təhlükəsi  ilə üzləşdiyi ağır bir şəraitdə AXC hakimiyyəti ölkəmizin nicatını xalqın israrlı tələblərinə boyun əyməkdə, yeganə çıxış yolu kimi xilaskar-lider Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsində gördü.  Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu, Heydər Əliyevin hakimiyyətə qayıtması ilə milli barış və inkişaf dövrü başlandı.

Tarixən Azərbaycanın güclü hərb ənənələri olsa da, müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşmişdi. Müstəqilliyin ilk illərində ölkədəki naşı və yarıtmaz hakimiyyətlərin səriştəsizliyi ucbatından ordu quruculuğunda heç bir ciddi addım atılmamış, silahlı qüvvələr ayrı-ayrı siyasi qrupların əlində hakimiyyət uğrunda mübarizə alətinə çevrilmişdi. 1993-cü il noyabrın 2-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa müraciət edən Heydər Əliyev ictimai ruh düşkünlüyünün qarşısını aldı, hamını bir nəfər kimi düşmənə qarşı mübarizədə fəal iştirak etməyə çağırdı. Ulu öndər Heydər Əliyev müraciətində təkcə hərbi uğursuzluqların səbəblərini deyil, həm də vəziyyətdən çıxış yollarını göstərdi.      Ümummilli lider Heydər Əliyevin xalqa müraciətindən sonra qəlbində Vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin, kadrların Azərbaycana axını başlandı. Bu müraciət ictimaiyyətin ayrı-ayrı zümrələri tərəfindən dəstəkləndi, vətəndaşlar, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr ictimai müdafiə prosesinə fəal şəkildə qoşuldular, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alındı. 1993-cü ilin dekabr ayında Heydər Əliyev bütün daxili çəkişmələri kənara qoyub torpaqları azad etmək naminə Azərbaycan hərbçilərini səfərbər olmağa çağırdı. Azərbaycan ordusunun həmin günlərdə başlayan hücum əməliyyatları 1994-cü ilin yanvarında Horadizin və Füzuli rayonunun bir hissəsinin azad olunması ilə başa çatdı. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur oldu.

Heydər Əliyevin ən başlıca nailiyyəti isə neft sahəsinə təsadüf etdi, daha dəqiqi Azərbaycanın “qara qızıl”ının dünya bazarına çıxarılması və neftdən əldə olunan gəlirlərlə milli büdcənin bərpa edilməsi və möhkəmləndirilməsi, əhalinin yaşam səviyyəsinin yüksəldilməsi məqsədiə atdığı mühüm  addımar oldu. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin sulu qatlarının birgə işlənməsi və “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. 

Prezident Heydər Əliyevin həyata keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu. 1994 və 1995–ci illərdə BMT Baş Assambleyasının 49-cu və 50-ci sesiyasında  Heydər Əliyev Azərbaycan respublikasının nümayəndə heyətinə şəxsən başçılıq etmişdir. Qısa zaman kəsiyində ökəmiz MDB, ATƏT, Avropa İttifaqı, Avropa Şurasına üzv oldu, TRASEKA lahiyəsi, NATO sülh naminə tərəfdaşlıq proqramına qoşuldu. Azərbaycanın haqq səsini bütün yüksək tribunalardan səsləndirən, getdikcə daha da yüksək zirvələrə qaldıran Heydər Əliyevin yorulmaz səyləri nəticəsində dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla həyata keçirir. Son 17 ildə Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəldi və dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşuldu. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. Dövlət başçımızın dediyi kimi:“Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik... Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq”.

Azərbaycanın dünya arenasında sabit və güclü mövqeyini son dövrlərdə, xüsusilə respublikamızda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, dünyanın bir çox tanınmış dövlət və hökumət başçılarının respublikamıza, eləcə də dövlətimizin başçısının xarici ölkələrə rəsmi və işgüzar səfərləri bir daha təsdiq etdi. Pandemiyadan öncə, 2019-cu il ərzində dünyanın 40-dan çox dövlət və hökumət başçısı Bakıya səfər etmiş, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının zirvə görüşləri keçirilmiş, 120-dən artıq üzv ölkənin yekdil qərarı ilə Azərbaycan ən nüfuzlu beynəlxalq təsisatlardan sayılan bu hərəkata sədrliyi öz üzərinə götürmüşdür. Dünya Dini Liderlərinin Zirvə görüşünə 70 ölkədən dini liderlər təşrif buyurmuş, bundan başqa UNESCO-nun Dünya İrs Komitəsinin sessiyası da respublikamızın paytaxtında keçirilmişdir.

Prezident İlham Əliyevin prioritet istiqamətlərdə biri də ərazi bütövlüyünün bərpası idi. Və nəhayət tarixi ədalət bərpa olundu və biz Vətən müharibəsində qələbə qazandıq və işğal olunmuş əraziləri azad etdik. Keçən il dekabrın 10-da Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışında söylədi: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir”. Bu gün xalqımız qələbə sevincini yaşayır. Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli iradəsi, müdrik siyasətinin nəticəsidir ki, bu şanlı qələbə tariximizə həkk olundu.

Beləliklə, əminliklə deyə bilərik ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın sürətli inkişafı ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla icra olunmaqdadır. Bizim nailiyyətlər bu gün siyasi hakimiyyətin zəminli əllərdə olduğunun əyani sübutudur. Bütün bu müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir və xalqımız ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursu yekdilliklə dəstəkləyir.

Şakir Mikayılov

Pirallahı rayonu, 186 saylı tam orta məktəbin direktoru

Paylaş:
Baxılıb: 278 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30