Respublikamızda indiyə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin olunub, müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilib
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibə Ermənistan üçün işğalçılıq, Azərbaycan üçün isə ədalətli müharibə idi. Məkrli düşmən ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamızdakı hakimiyyət boşluğundan istifadə edərək beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizin iyirmi faizini işğal altına almışdı. Üç onillik ərzində davam edən bu ədalətsizliyə son qoymaq lazım idi və Azərbaycan Vətən müharibəsində bunu etdi. 44 gün davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz düşmənin hərbi birləşmələrini tar-mar etdi. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra müharibəni davam etdirmək iqtidarında olmadığını başa düşən düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən məğlub dövlət üzərinə bir sıra öhdəliklər götürdü və Ağdam, Kəlbəcər, Laçın rayonlarını ölkəmizə döyüşsüz təslim etdi. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Vətən müharibəsində şanlı qələbəmizin təmin olunması naminə Silahlı Qüvvələrimizin əsgər və zabitləri misilsiz şücaətlər göstərdilər. Verilən məlumatlara görə, müharibənin davam etdiyi 44 gündə Ermənistanın hərbi birləşmələrində təxminən 10 min fərari qeydə alınıb. Özgə torpağında müharibəyə cəlb olunan erməni əsgər və zabitləri rəşadətli Ordumuzun həmlələri qarşısında duruş gətirə bilmirdilər və mövqelərini qoyub qaçırdılar. Azərbaycan Ordusunda isə müharibənin əvvəlindən sonunadək bir nəfər də olsun fərarilik edən olmadı.
Əsgər və zabitlərimizin qəhrəmanlığı ən yüksək ehtirama layiqdir
Azərbaycan Vətən müharibəsində dünya hərb tarixinə bir sıra yeniliklər əlavə etdi. Təsadüfi deyildir ki, beynəlxalq miqyasda böyük nüfuza malik nəşrlər Ordumuzun döyüş taktikası barədə çoxsaylı məqalələr dərc edir və aparılan əməliyyatları yüksək dəyərləndirirdilər. Müharibədə itkilərin az olması ölkəmizin qarşıya qoyduğu əsas hədəflərdən biri idi. Üç onillik ərzində müharibə şəraitində yaşayan Azərbaycan ordu quruculuğunda bu amili xüsusi olaraq nəzərə almışdı. Belə ki, Ordumuz innovativ texnologiyalarla hazırlanan silah-sursatla təchiz edilmişdi. Müharibədə məhz müasir PUA-lardan, kamikadze dronlardan geniş istifadə olunması sayəsində Ordumuzun şəxsi heyəti arasında itkilər əhəmiyyətli dərəcədə az oldu.
Azərbaycanda müharibədə həyatını itirən hər bir şəhidin xatirəsi əziz tutulur. Qazilərə böyük ehtiram göstərilir. Əsgər və zabitlərimizin qəhrəmanlığı, Vətən sevgisi hər cür xoş sözə layiqdir. Verilən məlumatlara əsasən, işğalçı ölkənin müharibədə itkiləri 6-7 min nəfər olub. Ancaq bu gün Ermənistanda müharibədə ölənlərin ailələrinə, eləcə də yaralılara dövlət tərəfindən hər hansı bir yardım göstərilmir. Azərbaycan dövləti isə özünün dərinməzmunlu sosial siyasətinə sadiq qalaraq şəhid ailələrinin və müharibə əlillərinin yanındadır. Yeri gəlmişkən, Prezident İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib. Dövlətimizin başçısı komplekslə tanışlıqdan sonra şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdəki çıxışında ölkəmizdə bu kateqoriyadan olan insanlara göstərilən hərtərəfli qayğıdan ətraflı bəhs edib. “Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı uğurla həyata keçirilir
Respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Prezident İlham Əliyevin son bir neçə ay ərzində imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılıb. Eləcə də Milli Qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı”na Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub. Yeni təqaüdün məbləği 2000 manat həcmində müəyyənləşdirilib. Təqaüdlərin artırılması 100 minədək insana şamil ediləcək. Ümumiyyətlə, II Qarabağ müharibəsi iştirakçılarının və ya şəhid olan vətəndaşlarımızın ailələri ilə bağlı son bir neçə ayda görülmüş işlər 7 min şəxsi əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri əsasən, yekunlaşdırılıb.
Ölkəmizdə, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı uğurla həyata keçirilir. Hər şey müqayisədə aydın görünür. Yuxarıda bəhs olunan görüşdə də bildirildiyi kimi, müharibədən sonra daha da acınacaqlı duruma düşən Ermənistanda müharibədə ölənlərin ailələrinə və əlillərə nəinki mənzil, heç daxma da verilmir. Azərbaycan dövləti isə şəhid ailələrinin və qazilərin mənzillərlə, fərdi evlərlə təminatını öz üzərinə götürüb. Şəhid ailələrinin və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatının bütün ölkə üzrə həyata keçirildiyini bildirən Prezident İlham Əliyev vurğulayıb: “Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır. Son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşəm. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni, bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır. Onu da bildirməliyəm ki, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib”.
Xatırladaq ki, Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin də mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur.
Qeyd edək ki, Ramanıda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən yaşayış kompleksində doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətimizin başçısının imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin ediləcək.
Vətən müharibəsi qazilərinin yüksək texnologiyalı müasir protezlərlə təmin olunması diqqət mərkəzində saxlanılır
Ölkəmizdə, həmçinin Vətən müharibəsi qazilərinin müalicəsi və yüksəktexnologiyalı müasir protezlərlə təminatı da diqqət mərkəzində saxlanılır. Məqsəd müharibədə sağlamlığını itirən gənclərin normal həyata qayıtmalarını təmin etməkdir. Müharibədən sonrakı dövrdə 210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib, 15 hərbçi yüksəktexnologiyalı protezlə təmin edilib. Vətən müharibəsində yaralanmış şəxslərin 90 faizi ilə artıq evlərində görüş keçirilib. Amputasiyası olan 301 nəfərdən 109-nun protez ehtiyacları müəyyən edilib. 2021-ci ildə onların protezlə təmin olunması planlaşdırılır. Qazilərimiz üçün ən müasir protezlər sifariş edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev “Eyni zamanda, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. Mənə bu gün verilən məlumata görə, 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Bizim ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər. Bu protezlər dünyanın aparıcı şirkətlərinin məhsuludur, ən müasir protezlərdir. Bu protezlər imkan verəcək ki, bizim qazilərimiz normal həyata qayıda bilsinlər”, - deyə bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 25-də, həmçinin Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında iştirak edib. Məlumat üçün bildirək ki, bu pansionat Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə 2003-cü ildə istifadəyə verilib. Ötən il isə burada əsaslı təmir işləri görülüb. Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlərə xidmət göstəriləcək. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır. Burada müalicə alanların reabilitasiyasında müasir metodika ən qabaqcıl texnologiyanın tətbiqi ilə paralel təşkil olunacaq. 2021-ci ildə, həmçinin Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin, Qəbələ və Şəmkir Uşaq Reabilitasiya mərkəzlərinin də istifadəyə verilməsi nəzərdə tutulub. Bundan sonra respublika üzrə reabilitasiya xidmətləri göstərilən şəxslərin sayı 30 min nəfərə çatacaq. Müqayisə üçün bildirək ki, 2018-ci ildə bu potensial cəmi 10 min nəfərə bərabər idi.
Mübariz ABDULLAYEV
- Oxunub: 2340 |
- Tarix: 05-03-2021 |
-
Çap et |