Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının videokonfrans formatında iclası keçirilib. İclasda YAP Xızı rayon təşkilatının İdarə Heyəti və Şura üzvləri, Qadınlar Şurası və Gənclər Birliyi üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İclasda çıxış edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev öncə Xocalı faciəsinin baş verdiyi tarixi məqama nəzər salıb. Diqqətə çatdırılıb ki, Xocalı faciəsi ermənilərin həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən bu faciə zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Videokonfransda, həmçinin rayon təşkilatının yaranma tarixi, cəmiyyətdəki rolu və rayonda partiya üzvlərinin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Qeyd olunub ki, hazırda rayon təşkilatının 1799 nəfər üzvü var. Onların 857 nəfərini (48 faiz) qadınlar, 798 nəfərini (44 faiz) isə gənclər təşkil edir.
- Oxunub: 1830 |
- Tarix: 05-03-2021 |
-
Çap et |