Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Azərbaycanın yaratdığı reallıqlar həm ölkəmiz, həm də bölgə üçün mühüm perspektivlər vəd edir
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistanı tam kapitulyasiyaya məruz qoyaraq tarixi ədaləti və ərazi bütövlüyünü təmin etdi. 44 günlük müharibədə qazanılan şanlı qələbə sayəsində regionda yeni reallıqlar yaranıb. Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin çoxsaylı suallarını cavablandıraraq respublikamızın Vətən müharibəsində şanlı qələbəsini şərtləndirən amillərə və bu qələbə sayəsində regionda yaranan yeni reallıqlara xüsusi diqqət çəkib, ölkəmizin işğaldan azad olunan ərazilərdə reallaşdıracağı bərpa planından ətraflı bəhs edib. Mətbuat konfransında dövlətimizin başçısı yüksək diplomatik məharət, natiqlik nümayiş etdirib, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirib. Təsadüfi deyildir ki, bu günlərdə xarici mediada Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər və əsas mesajlar manşet xəbərləri kimi təqdim olunur.
Azərbaycan işğaldan azad olunan ərazilərdə böyük quruculuq-bərpa işləri həyata keçirmək niyyətindədir
Mətbuat konfransında da bildirildiyi kimi, məkrli düşmən üç onillik ərzində işğal altında saxladığı ərazilərimizdə ağlasığmaz vandalizm əməlləri törədib. İşğal dövründə torpaqlarımız qeyri-qanuni istismar olunub, təbiətə, xüsusilə də meşələrimizə ciddi ziyan vurulub, mədəniyyət abidələrimiz dağıdılıb, muzeylərimiz talan olunub. İşğaldan azad edilən ərazilərdə bir dənə də olsun salamat bina yoxdur, şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Vəziyyət o dərəcədə acınacaqlıdır ki, ayrı-ayrı şəhərlər işğaldan azad olunarkən orada bayraq sancmağa bir tikili belə tapılmayıb. Eyni zamanda, mənfur düşmən şəhər və kəndlərimizi minalayıb və həmin ərazilərin xəritələrini verməkdən imtina edir. Bu, açıq-aşkar müharibə cinayətidir.
Azərbaycan işğaldan azad olunan ərazilərdə dağıntıları aradan qaldırmaq və böyük quruculuq-bərpa işləri həyata keçirmək niyyətindədir. Ölkəmiz Böyük Qayıdış ərəfəsindədir. Böyük Qayıdışın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçiriləcək. Prezident İlham Əliyev bununla bağlı fikirlərini diqqətə çatdıraraq vurğulayıb: “İndi biz ərazilərin minalardan təmizlənməsi və bununla paralel olaraq bütün imkanlardan istifadə etməklə ziyanın qiymətləndirilməsi ilə məşğuluq. O cümlədən beynəlxalq qurumlar vasitəsilə işğalçılara əsaslandırılmış iddialar təqdim etmək üçün dronlarla çəkilişlər aparırıq. Bununla paralel olaraq şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsinə dair tapşırıqlar verilib. Bizim vətəndaşların qayıtması üçün əsas mərhələlər bunlardır. Biz həm də pilot layihələrə başlamışıq. Bir layihə - “ağıllı kənd” layihəsi artıq başlanıb. Biz 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik. Onlar buna layiqdirlər. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik”.
Hazırda işğaldan azad olunan ərazilərdə bir sıra infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Şuşaya iki yolun çəkilməsi buna misaldır. Həmin yollardan birinə dövlət başçımız “Qələbə yolu” adı verib. Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşələrdən və vadilərdən keçərək Şuşa şəhərinə gediblər. Şuşaya çəkilən digər yol isə nisbətən aran ərazilərdən keçir. Şuşaya çəkilən “Qələbə yolu”nun inşasında Vətən müharibəsində ölkəmizə yüksək mənəvi və siyasi dəstək verən qardaş Türkiyənin şirkətləri fəal iştirak edirlər. Qısa müddətdə Şuşaya içməli su çəkilib. Şəhərə alternativ mənbələrdən suyun çəkilməsi istiqamətində də işlər aparılır. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Şuşaya elektrik enerjisinin verilməsi təmin olunub. “Azərenerji” də şəhəri dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün yüksəkgərginlikli xətlər çəkir və elektrik yarımstansiyasının inşasını həyata keçirir. Qeyd edək ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarını həyata keçirmək niyyətindədir. Birinci belə layihə Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılacaq. Dövlət başçısının iştirakı ilə layihənin icrasına start verilib. Kənddə layihənin icrası əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Prezident İlham Əliyev bir qədər bundan əvvəl işğaldan azad edilmiş ərazilərə növbəti səfəri çərçivəsində Füzulidə beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirak etmişdi. Dövlət başçımız mətbuat konfransında bu layihə barədə ətraflı bəhs edib. İlk növbədə, inşaat ərazisini minalardan təmizləmək lazım idi. Bu proses başa çatmaq üzrədir. Beynəlxalq səviyyəli aeroportun uçuş-enmə zolaqları bütün növ təyyarələri qəbul edəcək. Bildirildiyi kimi, əgər bütün işlər plan üzrə getsə, aeroport payızın əvvəlində istifadəyə veriləcək. İşğaldan təmizlənən ərazilərdə, həmçinin daha bir aeroportun da tikilməsi nəzərdə tutulub. Bu barədə məlumat verən Prezident İlham Əliyev bildirib: “Deməliyəm ki, bizim aeroportlar tikmək planlarımız təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Biz ərazinin abadlaşdırılması proqramlarını, Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikməyi planlaşdırırıq”.
Reallaşdırılacaq nəqliyyat-logistika layihələri səmərəli regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır
Müharibənin başa çatması ilə regionda yeni əməkdaşlıq imkanları yaranıb. Bu platformanın formalaşmasında qalib Azərbaycan əsas söz sahibidir. Respublikamız müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyəti nümayiş etdirir. Prezident İlham Əliyev “Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb”, - deyə vurğulayıb.
Təbii ki, reallaşdırılması nəzərdə tutulan nəqliyyat-logistika layihələri region ölkələrinin hamısının maraqlarına cavab verir. Məsələn, mətbuat konfransında da bildirildiyi kimi, əgər təkcə Zəngəzur dəhlizinə diqqət yetirsək, görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistanın maraqlarına cavab vermir, həm də regionun digər ölkələrinin maraqlarına cavab verir. Yəni Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Əgər bu müsbət meyillər üstünlük təşkil edərsə, əlbəttə ki, icra edilən hər bir layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq. Yeri gəlmişkən, bunu biz Azərbaycanın uğurlu enerji siyasətində də gördük. 1999-cu ildə istifadəyə verilən və Azərbaycanı, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa kəmərindən sonra yeni nəql marşrutları yaradıldı. Hazırda Xəzərin digər sahillərində yerləşən ölkələr də zamanında Azərbaycanın moderatorluğu ilə yaradılan enerji dəhlizlərindən faydalanırlar. Sonuncu seqmenti ötən ilin dekabrında tamamlanan Cənub Qaz Dəhlizi layihəsində artıq 7 ölkə birləşib və indi bu, özlüyündə yeni bir əməkdaşlıq formatı yaradır. Eyni mənzərəni Vətən müharibəsindən sonra yaranan yeni konfiqurasiyanın timsalında da görə bilərik. Ancaq bir şərtlə ki, burada hər hansı gizli məqamlar, gizli fikirlər olmasın, bütün tərəflər səmimiyyət, qarşılıqlı inam nümayiş etdirsinlər və maraqların bölgüsü təmin olunsun. Yalnız bu şərtlə yaranmış reallıqlardan maksimum səmərə ilə istifadə edilə bilər. “Bir daha demək istəyirəm ki, Azərbaycan Türkiyə, Rusiya, İran - Mənim ölkələrin dövlət başçıları ilə görüşlərim və fikir mübadiləsi deməyə əsas verir ki, biz bir mövqedəyik. Ermənistan sözdə hələ ki, bu mövqedədir. Çünki gedən məsləhətləşmələrdə bəzi fikirlər ortalığa atır ki, o fikirlər qəbul edilən fikirlər deyil. Ona görə Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, onda əlbəttə ki, Ermənistan da gedən proseslərin tərkib hissəsi ola bilər. Yox, olmasa, onsuz da biz planlaşdırdığımız məsələləri həll edəcəyik. Heç kim bizi dayandıra bilməz. Çünki yaxın tarix də göstərib, nəyi hədəfləmişiksə, ona da çatmışıq. Sadəcə olaraq, Ermənistan növbəti dəfə bu tarixi şansı itirə bilər, necə ki, 90-cı illərdə itirib, inanmayıb ki, biz bütün layihələri icra edəcəyik, onlar Ermənistandan yan keçəcək, Ermənistan bir quruş da mənfəət görməyəcək. İndi də əgər belə fikirdədirlərsə, yenə də eyni aqibətlə üzləşəcəklər. Biz əməkdaşlığa hazırıq və hesab edirik ki, bu əməkdaşlıq bölgədə uzunmüddətli sülhün əsas təminatçısı ola bilər”, - deyə Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, məsuliyyətli dövlət olan Azərbaycan ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla üzərinə düşən vəzifələri dəqiqliklə yerinə yetirir. Bir qədər bundan əvvəl Prezident İlham Əliyev işğaldan təmizlənən ərazilərə növbəti səfəri çərçivəsində Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması mərasiminə qatılıb. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən inşa olunacaq bu dəmir yolunun uzunluğu təxminən 100 kilometrə bərabərdir və onun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə, ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün yeni imkanlar yaradacaq. Digər tərəfdən, bəhs olunan nəqliyyat bağlantısı Naxçıvana qədər uzanacaq. Noyabrın 10-da imzalanmış birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq. Bəhs olunan dəmir yolunun regional əməkdaşlıq baxımından da böyük əhəmiyyəti var. Belə ki, perspektivdə dəmir yolu infrastrukturu Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Eyni zamanda, Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcəklər ki, bunun da sayəsində bölgədə müharibə riski azalacaq.
Mübariz ABDULLAYEV
- Oxunub: 4710 |
- Tarix: 03-03-2021 |
-
Çap et |