Yaxud antimilli şura təmsilçisinin ictimai rəyi yanıltmaq üçün səsləndirdiyi iddialar gülünc və absurddur
Vətən müharibəsində Azərbaycan Ordusunun möhtəşəm qələbə qazanaraq Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməsi tariximizə qızıl hərflərlə yazıldı. Ötən il noyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın şərtlərini qəbul edərək Azərbaycan və Rusiya prezidentlərinin imzaladıqları Bəyanata qol çəkməsi işğalçı ölkənin kapitulyasiyası deməkdir. Sözügedən sənədə əsasən, hərbi əməliyyatlar dayandırıldı və Ermənistanın işğalı altında olan digər ərazilər Azərbaycana qaytarıldı.
Lakin radikal müxalifət, “beşinci kolon”un nümayəndələri hər vəchlə bu qələbəyə kölgə salmağa çalışırlar. Onlardan biri olan Gültəkin Hacıyeva sosial şəbəkədə məsələləri qərəzli və qeyri-obyektiv “şərh edərək” ictimai rəyi yanıltmağa çalışır. Onun absurd iddialarından biri budur ki, dövlət guya Ermənistan tərəfinin açıqlamalarından erməni yalanlarını ifşa etmək üçün istifadə etmir. Bu, olduqca gülünc və absurddur. Elə cılız qara piar kampaniyası aparan G.Hacıyeva və onun xidmət etdiyi ermənipərəst dairələr də yaxşı bilirlər ki, Azərbaycan dövləti həqiqətlərin, həmçinin Ermənistanın işğalçı siyasətinin, faşist mahiyyətinin ifşası istiqamətində sistemli fəaliyyət aparır və atılan addımlar öz müsbət nəticəsini verir. Bu siyasət Azərbaycanın möhtəşəm zəfərini təmin edən faktorlardan biridir. Təbii ki, Vətən müharibəsində dövlətimizin möhtəşəm Qələbəsini şərtləndirən bir sıra mühüm amillər var. Son17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşıb. Vacib beynəlxalq sənədlər qəbul olunub. Təbii ki, bu məsələdə dövlətimizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması da müstəsna rol oynayıb. Eyni zamanda, Vətən müharibəsi günlərində dünyanın nüfuzlu KİV-lərinə müsahibələr verən Prezident İlham Əliyev həm işğalçı Ermənistanın, həm də bu ölkənin xarici havadarlarının əməllərini bütün dünyaya bir daha çatdırdı. Eyni zamanda, fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında dövlətimizin başçısı bir daha həqiqətləri, reallıqları bəyan etdi.
Amma nədənsə G.Hacıyeva kimilərin timsalında “beşinci kolon” nümayəndələri bu gerçəklikləri görməzdən gələrək reallıqları təhrif etməyə çalışırlar. Bu, radikalların Azərbaycan xalqına və dövlətinə düşmən münasibətinin daha bir bariz nümunəsidir. Bütün hallarda dağıdıcı düşərgə təmsilçilərinin sosial şəbəkələrdə informasiya təxribatları iflasa məhkumdur, çünki onların ictimai rəyə heç bir təsiri yoxdur.
Nardar BAYRAMLI
- Oxunub: 4230 |
- Tarix: 03-03-2021 |
-
Çap et |