“Növbəti on il ərzində Azərbaycanın yüksək templə inkişafını və bu əsasla dövlətimizin daha da güclənməsini təmin etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncamla müəyyən edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması xüsusi əhəmiyyət kəsb edir”. Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının sədri Turani Əliyev deyib.
Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin əhəmiyyəti barədə öz fikirlərini bölüşən rayon təşkilatının sədri bildirib ki, xüsusilə son 17 il ərzində Azərbaycanda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə çoxsaylı Dövlət proqramları qəbul edilərək uğurla həyata keçirilib, vətəndaşların sosial müdafiəsi gücləndirilib: “Bu baxımdan dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər növbəti onillikdə icrası zəruri olan dövlət konsepsiyası kimi qəbul olunmalıdır. Məlumdur ki, özünün davamlı inkişafını təmin etmək üçün Azərbaycan bütün zəruri resurslara və potensiala sahibdir. Milli Prioritetlər isə artıq bu resurs və potensialın məhz düzgün istiqamətdə və məqsədyönlü şəkildə reallaşdırılmasını təmin edəcək genişəhatəli və uzunmüddətli Dövlət Proqramıdır”.
T.Əliyev, həmçinin Milli Prioritetlərdə nəzərdə tutulan əsas məqsəd və hədəfləri qeyd edərək bunların dövlətin daha da güclənməsi və yüksək rifah cəmiyyətinin formalaşmasından ibarət olduğunu vurğulayıb: “Milli Prioritetlər növbəti onillikdə iqtisadi artımın davamlılığı, milli iqtisadiyyatın daha da şaxələndirilməsi, ölkənin ixrac potensialının tam reallaşdırılması baxımından misli görünməmiş imkanlar açır. Heç şübhəsiz, bu proqramın reallaşdırılması ilə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış təmin olunacaq. Azərbaycan xalqının rifah səviyyəsinin yüksəldilməsi və dövlətimizin iqtisadi-siyasi qüdrətinin daha da artmasına hesablanmış Milli Prioritetlər Azərbaycanın inkişafına böyük təkan verəcək”.
- Oxunub: 5580 |
- Tarix: 02-03-2021 |
-
Çap et |