Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Vətəndaşlar vaksinasiyanın vacibliyini dərk edir, peyvənd olunmaq üçün fəal şəkildə müraciət edirlər. Belə ki, bu günə qədər 200 mindən çox vətəndaş vaksinasiya edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021–2022-ci illər üçün Vaksinasiya Strategiyası" təsdiq edilib. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Maisə Heybətova qəzetimizə açıqlamasında bildirib ki, vaksinasiya edilənlərin sayının artması COVID-19 infeksiyasının qarşısını alacaq: "Bir həkim-infeksionist kimi mən COVID-19-un necə dəhşətli və əzablı bir xəstəlik olduğunu yaxşı bilirəm. Dünyamızı sınağa çəkən COVID-19 infeksiyası elə bir bəladır ki, onun heç kəsin qapısını döyməyini arzulamıram. Ona görə deyirəm ki, çalışıb bu xəstəlikdən mümkün qədər qorunmaq və ona yoluxmamaq lazımdır. Amma ona yoluxmadan da heç kim sığortalanmayıb. Virus infeksiyası elədir ki, obyektiv və subyektiv səbəblərdən hər kəsin yoluxma ehtimalı var. Bu ehtimalı aradan qaldırmağın yalnız bircə yolu var ki, o da peyvənd olunmaqdan ibarətdir".
Mütəxəssis COVID-19 infeksiyasına qarşı peyvənd olunmalı olan bütün vətəndaşları peyvəndləmə prosesində daha fəal iştirak etməyə çağırıb: "Yubanmadan peyvənd olunmaq lazımdır".
Diqqətə çatdırılıb ki, koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesi vətəndaşların sağlamlığı üçün vacib mərhələdir. Bu sahədə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür: "Ötən ay Azərbaycanda başlayan COVID-19 virusuna qarşı vaksinasiya prosesində də məhz "Sinovac"ın peyvəndindən istifadə olunur. Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronoVAC" vaksini yeni növ koronavirusun öldürülmüş və tam zərərsizləşdirilmiş formasıdır. Mən də "CoronoVAC" peyvəndi vurdurdum. Heç bir əks-təsir və narahatlıqla da üzləşmədim".
MÜŞFİQƏ
- Oxunub: 4260 |
- Tarix: 27-02-2021 |
-
Çap et |