Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, Xocalıdan olan tələbələrin və onların valideynlərinin iştirak etdiyi tədbirə onlayn qaydada universitetin onlarla professor-müəllimi də qatılıb. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Universitetin rektoru, professor Mustafa Babanlı tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlər haqda danışaraq Xocalı soyqırımını müstəqil Azərbaycanın tarixində ən qanlı faciələrdən biri kimi dəyərləndirib. Xocalı soyqırımını insanlığa qarşı cinayət kimi səciyyələndirən rektor həmin qətliamın Azərbaycan tarixinin ən kədərli hadisəsi kimi daim yaddaşlarda qalacağını qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və bütövlükdə Azərbaycanın dəmir yumruğu sayəsində 30 ildir ki, torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edən professor Mustafa Babanlı Xocalı qurbanlarının ruhunun bu qələbə ilə şad olduğunu diqqətə çatdırıb.
Sonra Xocalı soyqırımının şahidləri acı xatirələrini bölüşüb, torpaqlarımızın işğaldan azad olunmasının onlar üçün əvəzsiz təsəlli olduğunu dilə gətiriblər.
Xocalıdan olan ADNSU-nun tələbəsi Aytac Quliyeva çıxışında soyqırımı haqqında valideynlərindən, müəllimlərindən eşitdiyi dəhşətlərdən danışıb. Qeyd edib ki, Vətən müharibəsi günlərində bir gənc kimi informasiya müharibəsində tələbə yoldaşları, dostları ilə birlikdə ermənilərə tutarlı cavablar verib, Vətənə, Azərbaycan əsgərinə dəstək olmağa çalışıb. O, ali təhsilli mütəxəssis kimi gələcək fəaliyyətini Xocalıda davam etdirəcəyini, orada yaşayıb-yaradacağını deyib.
- Oxunub: 2850 |
- Tarix: 26-02-2021 |
-
Çap et |