Məlum olduğu kimi, Azərbaycanda yanvarın 18-dən etibarən COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində bu günə qədər 200 mindən çox vətəndaş vaksinasiya edilib.
Bakının Qaradağ rayonundakı 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elmira Rəfailova qəzetimizə açıqlamasında bildirib ki, vaksinasiya mütəşəkkil qaydada həyata keçirilir və bu zaman strategiyanın əsas prinsiplərindən olan könüllülük əsas götürülür: “Vaksinasiya üçün müraciət edən şəxs öncə həkim tərəfindən müayinə olunur. Hər hansı əks-göstəriş halı olmazsa, həmin şəxsə vaksin vurulur. Birinci dozadan 28 gün sonra ikinci doza vurulur. Əhalinin vaksinasiyası getdikcə daha kütləvi hal alır. Vaksinasiyanın ilk günlərinə nisbətən indi müraciətlər xeyli artıb. Görünür, bu həm də həkim və tibb işçilərimizin peyvəndin üstünlükləri və faydası barədə əhali arasında apardığı məlumatlandırma işlərinin nəticəsidir”.
Həkim vaksinasiyanın əhalinin sağlamlığının qorunması üçün vacib olduğunu qeyd edib: “Peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Bu vaksin effektivliyi ilə digərlərindən seçilir. Nəticələr göstərir ki, Çinin “Sinovac” şirkətinin “CoronoVAC” vaksininin əks-təsiri yoxdur. Bu səbəbdən də vaksinasiya edilənlərin sayının artması ölkədə yayılan COVID-19 infeksiyasının qarşısını alacaq”.
Baş həkim bütün vətəndaşlarımızın bu prosesdə iştirakının vacibliyini vurğulayıb. O bildirib ki, bu, ölkədəki epidemioloji vəziyyətin yaxşılaşmasına kömək edəcək: “Vaksinasiya bu qlobal bəladan yaxamızı qurtarmaq üçün tək çarədir. Peyvənd olunandan sonra da qətiyyən arxayınlaşmamaq lazımdır, tibbi maskadan istifadə etmək, sosial məsafəni gözləmək, gigiyena qaydalarına əməl etmək vacibdir”.
MÜŞFİQƏ
- Oxunub: 2340 |
- Tarix: 26-02-2021 |
-
Çap et |