Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus infeksiyası (COVID-19) ilı mübarizə davam etdirilir. Dövlətin məqsədyönlü tədbirləri nəticəsində bu gün Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır və hazırda vaksinasiya prosesi aparılır. Yeri gəlmişkən, ölkəmizdə istifadə olunan Çinin “Sinovac” şirkətinin “CoronoVAC” vaksini olduqca effektivdir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Səbail rayonu 2 nömrəli şəhər poliklinikasının baş həkimi Sevda Aslanova bildirib ki, çalışdığı poliklinikada da vaksinasiya tədbirləri uğurla davam edir: “Poliklinikada qeydiyyatda olan vətəndaşlar vaksinasiyada fəal iştirak edirlər. Peyvənd olunanlar arasında ciddi yan təsirlərə, allergik reaksiyalara rast gəlinməyib. Azərbaycanın aldığı Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini təsirli peyvənddir. Bir neçə ölkədə kliniki sınaqlardan keçirilib və mənfi təsiri aşkarlanmayıb. Xatırladım ki, “CoronoVAC” vaksini xüsusi ayrılmış peyvənd otaqlarında və yalnız təlim keçmiş həkimlərin nəzarəti altında vurulur. Vaksin vurulduqdan sonra yarım saat ərzində hansısa əks-təsirin olub-olmadığı izlənilir”.
Peyvəndləmədən sonrakı qaydalar barədə məlumat verən baş həkim deyib ki, gigiyenik qaydalar eyni şəkildə davam etdirilməlidir: “Vətəndaşlar bilməlidirlər ki, gigiyenik qaydalara əməl olunması təkcə COVID-19-a qarşı deyil, digər viruslara qarşı da zəruri qorunma və özünümüdafiə tədbiridir. Qoruyucu maska taxılması və sosial məsafənin gözlənilməsinə immunitetin olduğu halda da mütləq əməl edilməlidir. Bundan başqa, vaksinasiyadan əvvəl və sonra alkoqollu içkilər qəbul etmək tövsiyə olunmur. Peyvənd olunanlar həm özlərinin, həm də ətrafdakıların sağlamlığı naminə həmin qaydaları gözləməyi pandemiyaya qalib gələnə qədər davam etdirməlidirlər”.
“Əhalini peyvəndləmə prosesində daha aktiv olmağa səsləyirəm. Hər kəs bilməlidir ki, nə qədər çox insan peyvənd olunsa, koronavirus pandemiyası ilə mübarizədə bir o qədər tez qalib gələcəyik, normal həyatımıza qayıdacağıq”, - deyə Sevda Aslanova vurğulayıb.
MÜŞFİQƏ
- Oxunub: 3330 |
- Tarix: 24-02-2021 |
-
Çap et |