Erməni vandalları azərbaycanlılara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər
Tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazilərində vaxtilə çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələr və s. mövcud olub. İrəvan şəhərindəki Xan sarayı, məscidlər, karvansaralar haqqında səyyahların, sənətşünasların, arxeoloqların, rəssamların əsərlərində geniş məlumatlar verilib. Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri bir memarlıq əsəri olan 310 məscid mövcud olub.
Qeyd etmək lazımdır ki, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan Respublikası qurulduqdan sonra ermənilər tərəfindən azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilib. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilib. Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalıb ki, mənfur qonşularımız onlardan birini - İrəvan şəhərindəki Göy məscidi “fars məscidi”, digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi qələmə verməyə çalışırlar. Ermənistan hökumətinin qərarı ilə “heç bir əhəmiyyət daşımadığı üçün” azərbaycanlıların qəbiristanlıqlarının qorunmaması qərara alınıb. Beləliklə, erməni vandalları azərbaycanlıların qəbiristanlıqlarını tamamilə dağıdıblar.
Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər. Monoetnik erməni dövlətində əvvəllər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adlarını dəyişdirərək erməniləşdiriblər.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov bildirib ki, indiki Ermənistan ərazisində yer adlarının, abidələrin, hidronimlərin, oronimlərin mütləq əksəriyyətinin Azərbaycan dilində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən olub. Ermənistan ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməyib.
Tarixçi alimin sözlərinə görə, Avropadan və Rusiyadan gələn bir çox səyyah və tədqiqatçılar müxtəlif vaxtlarda İrəvanda olub, Xan sarayını, onun Güzgülü salonunu, Yay köşkünü, qaladakı və şəhərdəki məscidləri, karvansaraları, hamamları öz əsərlərində türk-müsəlman abidələri kimi təsvir ediblər: “XX əsrin əvvəllərindən etibarən Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi mədəniyyət nümunələrinin sistematik olaraq dağıdılması prosesinə başlanılıb. Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silən, ardınca azərbaycanlıları öz ata-baba yurdlarından qovaraq monoetnik dövlət yaradan ermənilər tarix kitablarından, dərsliklərdən azərbaycanlıların izini silməyə çalışırlar. Ermənistan ərazisində azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən dağıdılıb. Lakin mövcud ilk mənbələrdə və ayrı-ayrı müəlliflərin əsərlərində əksini tapan məlumatlar onu göstərir ki, erməni vandalları azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silməyə çalışsalar da, onları öz adlarına çıxmağa çalışsalar da tarixin yaddaşından onları silmək mümkün deyildir”.
Tarixçi alimin də qeyd etdiyi kimi bütün bunlara baxmayaraq tarixi yaddaşımızı silmək erməni vandallarına qismət olmadı və əksinə, bizi işğaldan azad olunan torpaqlarımızda yenidən tarixi izlərimizi bərpa etməyə ruhlandırdı, səfərbər etdi: “Şübhə yoxdur ki, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan xalqının tarixi abidələri yenidən bərpa olunacaq, bəşəriyyətin ixtiyarına veriləcək. Düşünürəm ki, gələcəkdə soydaşlarımız indiki Ermənistan ərazisi olan ata-baba yurdlarına da qayıdacaq, həmin ərazilərdə də abidələrimiz bərpa ediləcək”.
Nardar BAYRAMLI
- Oxunub: 1500 |
- Tarix: 24-02-2021 |
-
Çap et |