Yaxud internet resurslarında yalan tirajlamaqla məşğul olan bu şəxs, sadəcə olaraq, insanları aldatmağa çalışır
Bu, bir həqiqətdir ki, radikal müxalifət düşərgəsində yer alan antimilli ünsürlər sosial şəbəkələrdə informasiya təxribatı ilə məşğuldurlar. AXCP sədri Əli Kərimli, həmçinin qondarma “Milli şura”nın sədri Cəmil Həsənli, Sevinc Osmanqızı, Qubad İbadoğlu, Qənimət Zahid kimi xaricdə “lövbər” salanlar və digərləri bu baxımdan xüsusi canfəşanlıq edirlər. Bir qayda olaraq, inkarçılıq mövqeyindən çıxış edən radikalların əsas manipulyasiya mövzularından biri isə sosial məsələlərdir.
Məsələn, internet resurslarında yalan tirajlamaqla məşğul olan Qubad İbadoğlu bu günlərdə yenə də Azərbaycan dövlətinin sosial siyasəti ilə bağlı əsassız iddialar dilə gətirib. Təbii ki, onun Azərbaycanın sosial siyasətindən “qayğılanması”, ələlxüsus da əməkhaqlarının, pensiyaların artırılması ilə bağlı dedikləri insanları aldatmaq cəhdindən başqa bir şey deyil.
Hər kəsə, o cümlədən qərəzli təbliğatla məşğul olan Qubad İbadoğluna yaxşı məlumdur ki, Azərbaycan sosial dövlətdir. Ölkəmizdə mütəmadi olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insanların rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü addımlar atılır. Bir sıra çətinliklərlə müşayiət olunan qlobal pandemiya şəraitində belə respublikamızda yeni sosial təşəbbüslərin irəli sürülməsi Azərbaycan dövlətinin apardığı siyasətin mahiyyətini əks etdirir. Ölkəmizdə 2020-ci ildə vətəndaşların həyatını pandemiyanın mənfi təsirlərindən qorumaq üçün təxminən 5 milyon insanı əhatə edən böyük sosial paket reallaşdırıldı. Son üç ildə respublikamızda pensiyaların minimal məbləği 82 faiz artırılaraq 200 manat, orta aylıq məbləği 43 faiz artırılaraq 298 manat təşkil edib. O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 40 faiz artırılaraq 328 manata, əlilliyə görə pensiyaların orta aylıq məbləği 49 faiz artırılaraq 261 manata, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 46 faiz artırılaraq 240 manata çatdırılıb. İndi isə əməkhaqlarının artım dinamikasına diqqət yetirək. Son üç ildə minimum əməkhaqqı 2 dəfədən çox artırılaraq 250 manata, median əməkhaqqı 66 faiz (o cümlədən dövlət sektoru üzrə 85 faiz, özəl sektor üzrə 36 faiz) artırılaraq 343 manata çatdırılıb.
Bəs görəsən, Qubad İbadoğlu bu qəbildən olan statistikaya nə üçün nəzər salmır və onları niyə dilə gətirmir? Təbii ki, bu sualın cavabı hər kəsə aydındır. Eyni zamanda, o da məlumdur ki, Qubad İbadoğlunun internet kanalı vasitəsilə səsləndirdiyi iddialar ağ yalandır və ucuz populyarlıq qazanmaq məqsədi daşıyır.
Mübariz ABDULLAYEV
- Oxunub: 3630 |
- Tarix: 24-02-2021 |
-
Çap et |