Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Professor Elbay Qasımzadə: Memarlıq nümunələri yaradıldığı dövrə uyğun olmalıdır

Professor Elbay Qasımzadə: Memarlıq nümunələri yaradıldığı dövrə uyğun olmalıdır

23.02.2021 [18:26]

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası ilə bağlı ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin fərman və sərəncamları bu işlərin ardıcıl, planlı şəkildə aparılmasını təmin edir. Dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bu ərazilərin nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Beləliklə, Böyük qayıdış üçün görülən işlər ölkə rəhbərliyinin nəzarətindədir. Eyni zamanda, cəmiyyətdə bərpa və quruculuq işləri istiqamətində fikir mübadiləsi aparılır, təkliflər irəli sürülür. Əməkdar memar, Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə azad olunmuş ərazilərimizdə mədəni-tarixi abidələrimizin, şəhər və kəndlərimizin bərpasına, arxitekturanın aktual məsələlərinə dair AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

“Tarixi abidələrin bərpasına müxtəlif yanaşmalar ola bilər”

-Ermənilər tərəfindən dağıdılmış mədəni-tarixi abidələrimizin bu gün ilkin vəziyyətinə qaytarılması dövlətin diqqətdə saxladığı məsələlərdən biridir. Bu baxımdan Memarlar İttifaqının üzərinə hansı funksiyalar düşür?

-Bilirsiniz, Memarlar İttifaqı ictimai təşkilatdır, yəni bizim əsas vəzifəmiz Azərbaycan memarlığını qoruyub saxlamaq, peşəkarlıq səviyyəsini təmin etməkdir. İttifaqın üzvləri Azərbaycanın ən tanınmış memarlarıdır. Onların sırasında həm müasir memarlıqla məşğul olanlar, həm də tarixi abidələrin bərpası üzrə mütəxəssislər var. Memarlıq irsi üzrə komissiyaya professor Rizvan Bayramov rəhbərlik edir. Memarlar İttifaqının katibi, professor Gülçöhrə Məmmədova bu sahədə ən tanınmış mütəxəssislərdən biridir.

Abidələrin bərpasına yanaşma müxtəlif ola bilər. Elə abidə var ki, bu 30 ildə düşmən tərəfindən təhqir olunub, dağıdılıb. Məsələn, məscidlərimiz, qədim məbədlərimiz, xristian abidələri. Bunları bərpa etmək lazımdır ki, dindar insanlar ibadət etsinlər. Amma elə abidələrimiz var ki, 30 ildə yox, yüz illər ərzində mütəmadi olaraq dağıdılıb. Məsələn, Xudafərin körpüləri. Bu gün fikirlər söylənilir ki, onu mütləq körpü kimi bərpa etmək lazımdır. Bərpa etdikdən sonra o körpünün üstündən yükmü daşıyacağıq? Mümkün deyil. Gəlin, dünya təcrübəsinə nəzər salaq. Romanın mərkəzində Kolizey yerləşir. Əgər onu bərpa etsəydilər, maraq doğurardımı? Xudafərin körpüləri də bu qəbildəndir. Onları konservasiya etmək, qoruyub saxlamaq lazımdır. Düşünürəm ki, həmin ərazi dövlət qoruğu edilməlidir. Lakin nəzərə alaq ki, uçub-dağılmış körpüləri təzədən tiksək, onun tarixiliyi itəcək. Beləliklə, biz keçmişimizi itirəcəyik. Odur ki, bu məsələlərə çox diqqətlə, həssaslıqla yanaşmaq lazımdır.

Memarlar İttifaqı bu istiqamətdə müəyyən işlər aparır. Biz beynəlxalq təşkilatlara – UNESCO, ISESCO, Europa Nostra, ICOMOS və digər müvafiq qurumlara müraciət etmişik, bu abidələrin acınacaqlı vəziyyətdə olduğunu bildirmişik. 2017-ci ildə Memarlar İttifaqı İdarə Heyətinin “Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyəti” mövzusunda plenumu keçirilib və böyük bir sərgi təşkil edilib. Sözün açığı, o sərgidə nümayiş olunan fotoların əksəriyyətini elə işğalçı dövlətin öz saytlarından götürmüşdük, yəni həmin abidələrin acınacaqlı vəziyyətini elə onların özünə istinadla göstərmişdik. Bu sərgini ikinci dəfə 2019-cu ildə Beynəlxalq Memarlar İttifaqı ilə birgə Bakıda keçirdiyimiz “Tarixi şəhərlərdə kütləvi turizm” adlı Beynəlxalq Memarlıq Forumunda nümayiş etdirdik. Həmin tədbirə 124 ölkədən 500-ə yaxın nümayəndə gəlmişdi və onlar bu sərgidə həqiqətdən xəbər tutdular. Hazırda o sərgimiz Ağdamda qurulub. Oraya gedən qonaqlar sərgini görür. Ağdama səfər etmiş ISESCO-nun Baş direktoru dedi ki, bu sərgiyə baxmaq kifayətdir, heç başqa rayonlara getmək lazım deyil. Çünki sərgidə Kəlbəcər, Füzuli, Laçın, Ağdam, Şuşa, bir sözlə, hər bir rayon haqqında məlumat var.

“Dağıdılmış şəhər və kəndlərimizi ən müasir səviyyədə tikərək dünyaya Azərbaycanın qüdrətini göstərməliyik”

-İşğaldan azad edilmiş şəhər və kəndlərin bərpasını, memarlıq elementlərini necə təsəvvür edirsiniz?

-Bilirsiniz, 50 illik peşəkar təcrübəm mənə bu fikri söyləməyə hüquq verir ki, memarlıq müasir olmalıdır. Memarlıq nümunələri yaradıldığı dövrə uyğun olmalıdır. Biz bu gün o dağıdılmış şəhərlərimizin memarlıq görkəmini XVI, XVII, XVIII əsrlərə oxşatsaq, fikrimcə, düzgün olmaz. Əgər qorunub saxlanılsaydı, dağılmasaydı, bəli, onları olduğu kimi saxlamaq lazım gələrdi. Amma həmin yerlər viran qoyulub, dağıdılıb, yerlə-yeksan edilib. Hər dəfə o mənzərəyə baxanda adamın ürəyi sıxılır. Mənim ən böyük arzularımdan biri dağıdılmış şəhər və kəndlərimizi ən müasir səviyyədə tikək və bütün dünyaya Azərbaycanın qüdrətini göstərək.

-Bərpa və quruculuq işlərində xarici mütəxəssislərin təcrübəsinə nə dərəcədə ehtiyac duyulur?

-Məncə, öyrənmək, həmişə müsbət cəhətdir. Elə məsələlər var ki, onlar bilir, biz bilmirik. Əlbəttə ki, Azərbaycan memarlığının nə olduğunu biz onlardan yaxşı bilirik. Amma onlarda yeni texnologiyalar, yeni yanaşmalar var və etiraf edək ki, həm də böyük təcrübə var. Elə şirkətlər var ki, bütün dünyada işləyir. Məsələn, Misirin bütün tarixi sirlərini ingilislər açıblar, arxeoloji qazıntıları onlar aparıblar. Bunun pis cəhəti odur ki, belə hallarda artefaktlar daşınıb aparıla bilər. Amma biz nəzarət etməliyik ki, belə hallar baş verməsin. Onsuz da Azərbaycanın qədim artefaktları vaxtilə daşınaraq aparılıb - bu gün onların bəziləri Ermənistandadır, dünyanın müxtəlif muzeylərində, müxtəlif hərraclardadır. Biz bunun qarşısını almalı, onları qaytarmalı və bundan sonra burada yeni nə işlər görüldüsə, bir dövlət olaraq buna nəzarət etməliyik.

“Ağıllı” kənd və şəhər ideyasının Qarabağda tətbiq olunması çox düzgün qərardır”

-Prezident İlham Əliyev bərpa işlərində “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük veriləcəyini bəyan edib. Sizcə, milli memarlıq ənənələri innovativ kənd və şəhərlərlə necə uzlaşdırıla bilər?

-Millilik yaradıcı insanın daxilində olmalıdır. Yəni bu əsəri azərbaycanlı memar yaradırsa, onun əsəri formasından, dekorundan asılı olmayaraq mütləq milli olacaq, çünki o memarın damarında azərbaycanlı qanı axır. Onun duyumu, milli adət-ənənələr haqqında bilikləri – bütün bunlar layihələndirilən yaşayış evlərinin quruluşunda bu və ya digər şəkildə təcəssüm olunacaq. Lakin forma baxımdan, əlbəttə ki, memarlıq müasir olmalıdır. Bir məsələni də vurğulamaq yerinə düşər. Möhtərəm Prezidentimiz “ağıllı şəhər” ideyasını irəli sürdü. Bu, çox gözəl ideyadır, çünki bu gün dünyada belə təcrübə çox da geniş yayılmayıb, yeni başlanan bir istiqamətdir və bunun Azərbaycanda, məhz Qarabağda tətbiq olunması məncə həm mənəvi, həm də siyasi cəhətdən çox yaxşı, düzgün qərardır. Amma gəlin bunu biz düzgün başa düşək. Cənab Prezident bunu deyəndə o ərazilərdəki mühəndislik qurğularının idarə edilməsini nəzərdə tuturdu. Bəzən məndən soruşurlar: hər ev “ağıllı ev” olacaq? “Ağıllı ev” üçün uzun vaxt, insanların şəxsi mədəniyyəti lazımdır. “Ağıllı şəhər” işğaldan azad edilmiş şəhərlərin idarə edilməsinə aiddir və bunlar mütləq həyata keçiriləcək.

“Yeni şəhərlərdə həm çoxmənzilli binalar, həm də fərdi evlər olmalıdır”

-İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin baş planları hazırlanarkən üstünlük, əsasən, hansı prinsiplərə verilsə daha yaxşı olar?

-Bilirsiniz, o ərazilərdəki şəhərlər arasında ən böyüyü Ağdamdır. Məncə Ağdam gələcəkdə böyük bir iqtisadi rayonun mərkəzi ola bilər. Düşünürəm ki, gələcəkdə Ağdamın əhalisi təxminən yüz minə çata bilər. Ağdam şəhər kimi tikilməlidir. Ağdamda yaşayış binaları üç-dörd, uzağı beşmərtəbəli olmalıdır. Eyni zamanda, orada fərdi evlər olmalıdır. Çünki orada yaşayacaq əhalinin əksəriyyəti fərdi evlərə öyrəşib, həyatları elə keçib. Fikrimcə, oranın əhalisi ilə yanaşı, Azərbaycanın başqa bölgələrindən də Ağdama gedənlər olacaq. Çünki həmin bölgə daha sürətlə inkişaf edəcək. Orada kifayət qədər münbit torpaq sahələri var. Düşünürəm ki, bu yeni şəhərlər qarışıq üslubda tikilməlidir. Bir daha vurğulamaq istərdim: burada həm çoxmənzilli evlər olmalıdır, çoxmərtəbəli yox və eyni zamanda, fərdi evlər olmalıdır ki, insanların həyat tərzinə o qədər də ciddi təsir etməsin. O ki qaldı, başqa şəhərlərimizə, məsələn, Laçın dağlıq ərazidir. Onun relyefi, landşaftı nəzərə alınmalıdır. Şuşaya tamam başqa yanaşma olmalıdır. Şuşanın bu gün mərkəzində sovet dövründə tikilmiş beşmərtəbəli evlər var. Bu binalar o dövrdə lazım idi, çünki şəhər kurort kimi inkişaf edirdi və gələn mütəxəssisləri mənzillə təmin etmək lazım gəlirdi. Bu gün o evlərin vaxtı artıq ötüb. Şuşanın qədim 17 məhəlləsi, hər məhəllənin öz bulağı, məscidi olub. Bax, bunları bərpa etmək lazımdır.

-“Ağıllı” kənd və şəhərlərdə landşaft memarlığı barədə nə deyə bilərsiniz?

-Landşaft memarlığı hər bir şəhərin ayrılmaz hissəsidir. Çünki insanlar haradasa istirahət etməli, gəzməli, asudə vaxtlarını keçirməlidirlər. Kafedə, yaxud çayxanada oturmaqla bağ-bağatlı yerlərdə gəzmək tamam fərli istirahətdir. Bu baxımdan landşaft memarlığı “ağıllı şəhər” prinsipinə uyğunlaşdırıla bilər. Yəni ərazinin işıqlanması, suvarılması, orada, məsələn, müxtəlif məlumat informasiya lövhələri quraşdırılması - bunlar da elə “ağıllı şəhər” ideyasına uyğunlaşdırıla bilər. “Landşaft” sözü təbii şəraiti ifadə edir. Deməli, landşaftı qoruyub saxlamaq lazımdır. Çünki təbiətin hər guşəsinin özünəməxsusluğu var və ustalıqla onu daha da gözəlləşdirmək memarın əsas vəzifələrindən biridir.

“Dünyada elə paytaxt yoxdur ki, yüklənmə problemi ilə rastlaşmasın və onun qarşısını tam ala bilsin”

-Bakı şəhəri insan fəaliyyətinin müxtəlif sahələri ilə hədsiz dərəcədə yüklənib. Dövlət idarələrinin, ali məktəblərin, istehsal müəssisələrinin, böyük ticarət mərkəzlərinin və s. əksəriyyəti burada yerləşir, kənddən şəhərə axın artır. Paytaxtımız artıq bu yükü daşımağa çətinlik çəkir. Siz problemin həlli yollarını nədə görürsünüz?

-Mən sualın axırıncı hissəsindən – kənddən şəhərə əhali axını məsələsindən başlayım. Bakıya gündəlik qazanc üçün təxminən 20 min insan gəlir. Bunlar şəhərə yaxın ərazilərdən gələn sürücülər, xidmət sahələrində işləyən, aşağı təminatlı işlərdə çalışan adamlardır. Onlar hər gün gəlir, işləyir və axşam qayıdırlar. İkinci məsələyə gəlincə, Bakı paytaxtdır və burada çoxsaylı dövlət və başqa müəssisələrin yerləşməsi təbiidir. Buna dünyanın bütün paytaxt şəhərlərində rast gəlmək olar. Dünyada elə paytaxt yoxdur ki, bu problemlə rastlaşmasın və elə bir ölkə yoxdur ki, bu problemin qarşısını ala bilsin. Çünki paytaxtın öz statusu var. Paytaxt, ümumiyyətlə, insanları cəlb edən bir yerdir. Məsələn, biz deyirik ki, ABŞ-da Vaşinqtona heç gedən yoxdur. Nə üçün? Çünki Amerikanın başqa böyük şəhərləri var ki, insanlar o tələbatlarını orada təmin edirlər. Azərbaycanda Bakı, Gəncə və Sumqayıtdır. Yəni üç böyük şəhərimiz var, üçünə də çox böyük axın var. Çünki bu üç şəhərdə inkişaf daha sürətlə gedir və insanlar da, əlbəttə, öz tələbatlarını təmin etmək üçün bu şəhərlərə üz tuturlar.

Yaxşı yadımdadır, vaxtilə hansısa bir ucqar rayonda biri xəstələnəndə onu gətirirdilər Bakıya, indiki Füzuli küçəsində yerləşən 4 nömrəli xəstəxanaya. El arasında ona “Kəndçi xəstəxanası” deyirdilər. İndi isə bütün bölgələrdə yeni xəstəxanalar tikilib, yeni məktəblər, mədəniyyət obyektləri tikilib. Eləcə də bir çox rayonlarda ali məktəblər açılıb.

O da yadıma gəlir ki, bir neçə il əvvəl paytaxtı köçürmək fikri irəli sürüldü və müzakirələr başlandı. Məncə, bu, Bakıya qarşı ədalətsizlikdir. Çünki Bakı bizim xalqımızın ən qədim şəhərlərindən biridir. Şəhərin iki min ildən çox tarixi var. Şirvanşahlar Bakıya köçəndən sonra şəhər Azərbaycanın paytaxtı statusunu qazanıb. Yəni bu gün narahatlıq var deyə bu statusu Bakının əlindən almaq ədalətsizlik olardı. Məsələyə digər tərəfdən yanaşsaq, nazirliklərin və başqa dövlət qurumlarının qarşısında şəxsi avtomobillərin həddən çox yığışdığını görürük. Zənnimcə, hər kəs evdən maşını ilə yola çıxanda düşünməlidir ki, şəhərə, onun ekologiyasına müəyyən ziyan vurur. İnsanlar işə gəlib-gedərkən ictimai nəqliyyatdan istifadə etsələr, sıxlıq azalar. Bu baxımdan Yaponiyanın təcrübəsini qeyd etmək olar. Xatırlayıram ki, 2011-ci ildə Yaponiyada atom elektrik-stansiyasında qəza baş verdi və elektrik enerjisi qıtlığı yarandı. Ölkənin Baş naziri bütün Yaponiya xanımlarına müraciət etdi ki, paltarı həftədə bir dəfə yusunlar və insanlar da buna riayət etdi.

Deməyim odur ki, həm paytaxtda yerləşən müəssisələr əməkdaşları üçün nəqliyyat sıxlığı ilə bağlı müəyyən nizam-intizam tətbiq etsələr, həm də insanlar ətraf mühiti, ekologiyanı, sağlamlığı düşünsələr, Bakıda bu gün çox yaxşı işləyən ictimai nəqliyyatdan istifadə etməklə məsələni yoluna qoymaq olar.

-Maraqlı müsahibə üçün təşəkkür edirik.

Paylaş:
Baxılıb: 215 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30