“44 günlük Vətən müharibəsinin başa çatmasından qısa vaxt keçməsinə baxmayaraq, işğaldan azad edilən ərazilərdə artıq bir neçə istiqamətdə infrastruktur layihələrinin icrasına başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, işğaldan azad edilmiş torpaqlarda bütün bərpa işləri planlı şəkildə həyata keçiriləcək”.
Bu fikirləri qəzetimizə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Partiya sədrinin sözlərinə görə, dövlət başçısının bu günlərdə işğaldan azad olunmuş 4 rayona etdiyi səfər böyük əhəmiyyətə malikdir: “Çünki Prezident bu səfərləri ilə Qarabağ bölgəsini yenidən cənnətə çevirmək yönündə Azərbaycan xalqının iradəsini ifadə edir. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, işğaldan azad olunan ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin, habelə Qarabağı “yaşıl enerji” zonasına çevirmək üçün nəhəng proyektlərin həyata keçirilməsi planlaşdırılır. Əminəm ki, azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri dünyanın ən müasir elmi-texniki yeniliklərinin tətbiqi ilə həyata keçirə biləcəyik”.
Yeni infrastruktur layihələrinə xarici şirkətlərin də cəlb edilməsinə gəlincə, millət vəkili deyib ki, bu prosesdə Azərbaycanla əməkdaşlıq etmək istəyən dost ölkələrdən olan şirkətlərin iştirakına da imkan yaradılır: “Türkiyə, İtaliya, Böyük Britaniya kimi Azərbaycana dost münasibət sərgiləyən ölkələrə məxsus şirkətlərin yenidənqurma işlərinə cəlb edilməsi Azərbaycanın maraqlarına tam uyğundur”.
Qaşqay RAMAZANOV
- Oxunub: 4020 |
- Tarix: 23-02-2021 |
-
Çap et |