Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İşğaldan azad olunmuş torpaqların bərpası prosesi başlanıb

İşğaldan azad olunmuş torpaqların bərpası prosesi başlanıb

19.02.2021 [17:26]

Son günlərin ölkəmiz üçün ən əhəmiyyətli hadisəsi ölkə başçısı cənab  İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə işğaldan azad olunmuş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəridir. Səfər bir çox əhəmiyyətli məqamlarla yadda qalan oldu.  Bu adi bir səfər deyildi və dövlət başçısı işğaldan azad olunmuş torpaqlardan kifayət qədər ciddi mesajlar verdi, bununla yanaşı, təməlqoyma mərasimlərinə qatıldı, mühüm obyektlərin açılışında iştirak etdi. Əslində, bu səfəri “Böyük Qayıdış”ın ilk addımları kimi dəyərləndirmək olar.

Səfərin bizim üçün ilk əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan Prezidenti ölkə vətəndaşlarına, dədə-baba yurdlarından didərgin düşən yüz minlərlə insana bölgədə yaranmış vəziyyətlə bağlı məlumat verdi, görülən və görüləcək işlərdən söhbət açdı, hansı yeniliklərin həyata keçiriləcəyindən danışdı, o vaxt Qarabağın itirilməsinin səbəblərini göstərərək hamını bu tarixdən ibrət dərsi götürməyə səslədi..

Prezident səfərinin ilk dayanacağında Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasiminə qatıldı. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında mühüm rol oynayacaq. Digər tərəfdən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqələrinin yaranmasına səbəb olacaq. Qurulan dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır. Prezident İlham Əliyev qeyd etdi ki, bölgə ölkələri bu yolun tikintisinə böyük maraqla yanaşırlar. Qeyd edək ki, dəmir yol infrastrukturun bərpasının, nəqliyyat layihələrinin bölgə üçün də xüsusi əhəmiyyəti var. Bununla bütün bölgə ölkələri ancaq xeyir götürürlər. Bölgəmizin uzunmüddətli inkişafı, sabitliyi təmin edilir və müharibə riski sıfra endirilir. Ölkə başçısı onu da bildirdi ki, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər ki, bu xətt də yalnız Azərbaycan ərazisindən keçə bilər. Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranır. İran ilə Ermənistan arasında. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq.

Aydındır ki, bu kimi layihələrin bizlər üçün digər bir əhəmiyyəti də  ölkəmizin etibarlı tranzit ölkəsi kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə etməsi və bölgədə sabitlik və sülhün təmin olunmasıdır.

 Səfər boyu işğaldan azad olunan kəndlər barədə məlumat verən dövlət başçışı Zəngilanda olarkən, bildirdi ki, məhz Zəngilanda – daha dəqiq desək Ağalı kəndində birinci “ağıllı kənd” layihəsi icra ediləcək. Bununla yanaşı, Üçüncü Ağalı kəndində də “ağıllı kənd” layihəsi reallaşacaq. Kənddə layihənin icrası əsasən beş komponent üzrə: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri  üzrə aparılacaq.

Ölkə başçısı əvvəlki çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini bildirmişdi. Bunu dövlət başçısının “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına da aid etmək olar. Burada diqqət çəkən məqamlardan biri isə budur ki, inşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ mənbələrindən istifadə ilə əlaqədardır.

Azərbaycan Prezidentinin bu səfəri xüsusilə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndində Su Elektrik Stansiyasının açılışı ilə də yadda qaldı. Dövlət başçısının təbirincə desək, Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş artıq burada Su Elektrik Stansiyası istismara verilir. Bu SES-in istifadəyə verilməsi tarixi, əlamətdar hadisədir. Bu, işğaldan azad olan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Məlumat üçün bildirək ki, sözügedən stansiya 8 meqavat gücündədir və təxminən 7000 nəfər əhalini elektrik enerjisi ilə təmin edəcəkdir.

Bəlli olduğu kimi, erməni vandalları 30 il ərzində Qarabağın ekoloji cəhətdən zəhərlənməsi üçün hər cür iyrənc hərəkətləri törətmişdir. O cümlədən Bəsitçay Dövlət Qoruğunda da bənzər hərəkətlər edilmişdir. Mənfur düşmən qoruğun meşəlik ərazisinin yarısını məhv etmiş, ağacların kökünü, oduncağını yandırmışdır. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına ciddi zərbə vurulmuşdur. Ancaq , səfər çərçivəsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adıçəkilən qoruqda çinar ağacları əkmələrini, həmçinin Bəsitçaya balıq buraxmalarını bölgədə ekoloji məsələlərin öz həllini tapacağının ilkin siqnalları  kimi dəyərləndirmək olar.

Şübhəsiz ki, qarşıdakı dövrdə bizi nəhəng layihələr və işlər gözləyir. Təbii ki, azad olunmuş ərazilərin minalardan təmizlənməsi ən vacib məsələlərdən biridir və hazırda bu sahədə işlər davam etdirilir. “Böyük Qayıdış”a artıq start verilib. İşlər sürətlə aparılır. Çox keçməz ki Qarabağ torpaqları yenidən dirçələr və cənnət məkana çevrilər.

Qarabağın azad edilməsi və böyük qayıdışın həyata  keçirilməsi hər bir azərbaycanlı üçün tarixdən ibrət dərsi götürməyi tələb edir. Biz 28-30 il əvvəlki məğlubiyyətlərimizin acı nəticələrini düzgün təhlil etməliyik ki, gələcək nəsil də bunlardan yetərincə düzgün nəticə çıxara bilsin. Bizlər unutmamalıyıq ki, bu məğlubiyyət tarixin bizə ibrət dərsi idi. Keçmişin səhvləri unudulmamalıdır ki, gələcəyə səhvsiz getmək mümkün olsun.

 Cənab Prezidentin də qeyd etdiyi kimi Laçın rayonun işğal altına düşməsi bizim üçün faciə idi. Bununla, faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyət idi. Və biz bilməliyik ki, Laçın rayonunu və Şuşanı satanlar eyni adamlar idi. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satmış, bu xəyanəti etmiş, bu cinayəti törətmişdir. AXC-nin nəzarəti altında qüvvələr olsa da, onlar şəxsi mənafelərini qorumaq üçün Şuşanı boşaltmışdılar. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi, müdafiə olunmurdu. Sonra Laçın rayonunu da satmış, ondan cəmi bir neçə gün sonra hakimiyyətə gəlmişdilər. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra isə qorxaqcasına qaçıb gizlənib, fərarilik etmişlər. Azərbaycan xalqı bu tarixi, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Səriştəsiz rəhbərlik, ordu pərakəndəliyi, xarici qüvvvələrin sifarişlərini yerinə yetirən siyasi qurumların hər şeyi qurban verərək ancaq hakimiyyət kürsüsü uğrunda mübarizə aparması bütün bu məğlubiyyətləri qaçılmaz etmişdi. Bütün bunları diqqətə çatdırdıqdan sonra Prezident İlham Əliyev vurğuladı ki, AXC-Müsavat cütlüyünün satdığı torpaqları biz döyüşürək azad etmişik. Bəli, bunu heç kəs unutmamalıdır. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Xeyrulla Ağayev

“Neft Daşları” qəzetinin baş redaktoru

Paylaş:
Baxılıb: 376 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31