Maksimum qulaqlıq səsi tövsiyə olunan dinləmə parametrlərindən on dəfə çoxdur. “Health.mail.ru”nun yaydığı xəbərə görə, maksimum səslə hard-rok deyil, klassik musiqi dinləsəniz də, eşitmə orqanlarına bərpa olunmayacaq qədər ziyan vurursunuz.
Mütəxəssislərə görə, qulaqlıqlar mühərrikli mişar və motosiklet kimi insanın eşitmə qabiliyyətinə zərər verə bilər. Qulaqlıqlar çox kiçik olduğundan bu qəribə görünə bilər. Ancaq hər şey səsin həcmi ilə bağlıdır.
Mühərrikli mişar və motosiklet mühərrikləri təxminən 100 desibel səs verir. Belə güclü bir səs bir insanın yarım saatdan az müddətə eşitmə qabiliyyətinə zərər verə bilər.
Qulaqlıqlarda isə maksimum səsin 70%-ində musiqi təxminən 85 desibeldir. Səs səviyyəsini artırmaq və uzun müddət dinləmək insanı əsl təhlükə ilə üzləşdirə bilər. Yəni insan həmişəlik olaraq eşitmə qabiliyyətini itirə bilər.
Bir adamın qulaqlıq ilə musiqi dinlədikdən sonra eşitmə qabiliyyətini itirməsi səs-küyə bağlı eşitmə itkisinə bir nümunədir. Bu, uşaqlar və yeniyetmələr üçün getdikcə daha ciddi bir problemə çevrilir.
Məlum olduğu kimi, qulağın səsləri emal etmək üçün birlikdə fəaliyyət göstərən üç hissəsi var: xarici qulaq, orta qulaq və daxili qulaq. İlbiz adlanan daxili qulağın bir hissəsi beyinə səsli mesajlar göndərməyə kömək edən kiçik hüceyrələri özündə ehtiva edir. Yüksək səs bu hüceyrələrə zərər verə bilər. Belə olduqda ilbiz səsli mesajları beyinə ötürə bilmir.
Qeyd edək ki, bədənin digər üzvlərinin zədələnməsindən fərqli olaraq daxili qulağın zədələnməsi sağalmır. Vaxt keçdikcə daha çox hüceyrə zədələndikdə isə eşitmə pozulur.
- Oxunub: 2160 |
- Tarix: 19-02-2021 |
-
Çap et |