"Vaksin bizim gələcəyimizin sığortasıdır və ən önəmli preventiv tədbirdir"
Bəşəriyyət artıq bir ildən çoxdur ki, dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə aparır. Pandemiya bütün iqtidasi prosesləri tormozlamaqla, yanaşı, cəmiyyət həyatının bütün sahələrinə mənfi təsir edir, insan təlafatına səbəb olur.
Azərbaycan isə pandemiyaya qarşı səmərəli mübarizə aparan nümunəvi ölkələr sırasındadır. Bu istiqamətdə müvafiq tədbirlər ardıcıl şəkildə yerinə yetirilir.
Məsələ ilə bağlı açıqlama verən 1saylı Kliniki Tibbi Mərkəzin Terapiya şöbəsinin həkimi Jalə İbrahimova bildirib ki, pandemiyaya qalib gəlmək, kollektiv immunitet yaratmaq üçün yeganə effektiv vasitə vaksinasiyadır: ”Azərbaycanda Çinin “Sinovac” şirkətinin hazırladığı vaksin tətbiq edilir. Bu vaksinlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qeydə alınıb və istifadəsinə icazə verilib. Dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda tətbiq edilir. “CoronoVAC” vaksininin Azərbaycanda tətbiqinə yanvarın 18-də başlanılsa da, Çində artıq iyul ayından tətbiq olunur. Vaksin, ilk növbədə, ağır risk qrupuna aid olan şəxslərə vurulub və heç bir ciddi mənfi təsir müşahidə edilməyib. Əlbəttə ki, vaksinasiya prosesi bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da mərhələli şəkildə həyata keçirilir. İlk növbədə, xəstə ilə birbaşa təmasda olan tibb işçiləri peyvənd olunub. Daha sonra 65 yaşdan yuxarı şəxslərə vaksin vurulmağa başlanılıb. Çünki həmin yaş qrupunda olan şəxslərdə immunitet zəifləyir və yoluxma riski daha yüksəkdir. Digər mərhələlərdə isə xroniki xəstəliyi olanlar və digər yaş qrupları üzrə bu proses həyata keçiriləcək. Lakin kəskin infeksion xəstəlikləri, xroniki infeksiyaları, autoimmun xəstəlikləri, allergik xəstəlikləri, onkoloji xəstəliyi, immunodefisit vəziyyətlər və qan sisteminin bir sıra xəstəlikləri olan şəxləslərə vaksin vurdurmaq məsləhət görülmür".
J.İbrahimovanın sözlərinə görə, son 6 ay ərzində xəstəliyi keçirmiş şəxslərdə immunitet davam edir, yəni onlar qoruyucu hesab olunurlar. Peyvəndə tələbat daha çox olduğu və vaksin sayı az olduğu üçün həmin şəxsləri müəyyən müddət peyvəndləmə prosesindən uzaqda saxlamaq tövsiyə olunur:
"Yaxşı olar ki, vaksinasiyadan əvvəl qanda antitellər yoxlanılsın və nəticəyə uyğun vaksinasiya aparılsın. Bəzən əhali arasında arxayınlıq hissi olur ki, vaksin olunandan sonra heç nə etmək lazım deyil. Vaksindən sonra 4-6 həftə ərzində insanda immunitet yaranır. Pandemiya hələ bitmədiyinə görə biz yenə də üç əsas qoruyucu tədbiri davam etdirməliyik - tibbi maskadan istifadə, sosial məsafəni gözləmək və gigiyenik qaydalara riayət etmək.”
Həkim vaksinasiyanın əks təsirləri barədə yayılan məlumatlara da münasibət bildirib: “Bir çox mənbələr COVID-19 əleyhinə peyvəndlər haqqında mənfi informasiyalar yayaraq, vaksinlərə qarşı insanlarda fobiya yaradırlar. Lakin bunlar hamısı əsassızdır. Vaksin bizim gələcəyimizin sığortasıdır və ən önəmli preventiv tədbirdir. Mən özüm vaksinasiyanın başladığı ilk günlərdə peyvəndin birinci dozasını qəbul etmişəm. İkinci dozanı isə fevralın 28-də qəbul edəcəyəm. Heç bir yan təsir də hiss etməmişəm. Eləcə də əhatəmdə olan həkimlər, tibbi işçiləri də peyvənd olunublar. Heç birində yan təsir müşahidə edilməyib".
O, əhalini peyvəndləmə prosesində daha aktiv olmağa səsləyib: "Mütəxəssis kimi, insanlara tövsiyəm budur ki, hər birimiz koronavirusla mübarizədə şüurlu şəkildə vaksin strategiyasına uyğun olaraq dövlətimizə dəstək olaq və yaş qruplarına müvafiq mütəşəkkil formada vaksinasiya prosesində iştirak edək. İki doza vaksini qəbul etdikdən sonra insanlarda dayanıqlı immunitet formalaşacaq. Biz “dəmir yumruq“ əməliyyatı ilə 30 illik həsrətə son qoyduğumuz kimi, həmrəyliklə bu pandemiyaya da qalib gələcəyik".