44 günlük Vətən müharibəsi zaman etibarilə bizdən uzaqlaşdıqca, bütün ağrı-acıları ilə, möhtəşəmliyi ilə bizə daha da yaxınlaşır. Müharibədə hər qarış torpaq, hər səngər, hər yüksəklik uğrunda gedən amansız döyüşlərdə Vətən torpağı üçün canlarını fəda edən şəhidlərimiz haqqında məlumatlarla tanış olduqca, şəhid olmağa hazır olan, qazi tituluna yüksələn qəhrəmanları tanıdıqca, onların döyüş xatirələrini, telefonların yaddaşına köçürülən, indi sosial şəbəkələrdə paylaşılan döyüş anlarına baxdıqca, 44 günlük müharibənin bəlkə də 44 ilə bərabər olduğu bizlərə yavaş-yavaş aydın olur...
Döyüşçülərimiz itirdikləri döyüş yoldaşlarını, onların həyatının son məqamlarını, son sözlərini xatırladıqca, keçirdikləri psixoloji sarsıntılarının şahidi olduqca, bu sarsıntıların bizlərə döyüşlərin nə qədər dəhşətli, amansız olduğunu tədricən anlatmaqdadır. Lakin düşünürəm ki, biz o səhnələri görmədiyimiz, şahidi olmadığımız üçün Vətən müharibəsinin nə qədər dəhşətli olduğunu hələ tam dərk edə bilməmişik. Məncə, biz hələ şəhidlərimizə, onların valideynlərinə, övladlarına nə qədər borclu olduğumuzu dərindən anlamırıq. Onu tam dərk edəndən sonra indikindən daha yüksək dəyər verəcəyik.
Onu da vurğulamaq yerinə düşər ki, istər döyüş meydanında, istər danışıqlar masası arxasında, istərsə də informasiya cəbhəsində misilsiz qəhrəmanlıq göstərən Ali Baş Komandan İlham Əliyevin hər sözünün, hər kəlməsinin, hər hərəkətinin dövlətimizin və xalqımızın milli birliyinin, təhlükəsizliyinin, milli maraqlarının təmin edilməsi istiqamətindəki rolunu da hələ tam dərk edə bilməmişik. Bu günlərdə Prezident İlham Əliyevin istər müharibə dövründə, istərsə də müharibədən sonra müxtəlif tədbirlərdə, Qarabağa səfərləri zamanı verdiyi müjdələrini, bəyanatlarını, çıxışlarını, çağırışlarını yenidən dinlədikcə, təhlil etdikcə, onun həmin anlarda hansı hisslər keçirdiyini duyduqca, bu möhtəşəm şəxsiyyətin nə qədər uca, nə qədər böyük şəxsiyyət olduğunu təsdiq etməli olursan.
Ona görə ki, ölkə başçısı olduğu dövrdə cənab İlham Əliyev Azərbaycanımız üçün, onun tərəqqisi, inkişafı, beynəlxalq nüfuzu, xalqımızın həyat səviyyəsinin yaxşılaşması üçün çox işlər görüb. Lakin bu işlərin arasında ən möhtəşəmi Qarabağın qaytarılmasıdır. Zaman keçəcək, illər ötəcək, cənab İlham Əliyevin adı və əməlləri yüz illər, min illər, əbədiyyədə qədər Qarabağla qoşa çəkiləcək.
İndi düşmən tərəfi ilə, vasitəçilərlə, böyük dövlətlərin rəhbərləri ilə aparılan danışıqların sirləri, detalları açıldıqca, müxtəlif informasiya mənbələrinin Qarabağ problemi ilə bağlı məlumatları ilə tanış olduqca, İlham Əliyevin bir vətəndaş kimi, azərbaycanlı kimi, Ümummilli Liderimiz Heydər Əliyevin silahdaşı kimi, sərkərdə, siyasətçi və dövlət başçısı kimi müdrikliyi, üzaqgörənliyi, səbri, dönməzliyi, əzmkarlığı, yenilməzliyi, qətiyyəti qarşısında heyrətə gəlirsən...
Ölkəmizə İlham Əliyevin rəhbərliyi dönəmində 17 il ərzində davam edən danışıqlar prosesində Azərbaycan Prezidenti dəyişməz mövqeyi, dönməz iradəsi, yenilməz qətiyyəti ilə seçildi. Düşmən tərəf nə qədər qeyri-konstruktiv mövqe sərgiləsə də, dövlət başçısı İlham Əliyev səbrlə dözdü, zamanını gözlədi. Eyni zamanda, Onun mövqeyi dəyişməz qaldı: ”Azərbaycanın ərazisi müzakirə predmenti ola bilməz, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz”.
Azərbaycan Prezidenti İlham Əliyevin qəti, yenilməz və dəyişməz mövqeyi işağlçı Ermənistana xəbərdarlıq mahiyyəti daşıyırdı. Lakin düşmən nəticə çıxarmadı. Nəhayət, onların növbəti təxribatının qarşısı qətiyyətlə alındı. 44 günlük müharibədə əldə edilən qələbə nəticəsində müstəqilliyimiz də, ərazi bütövlüyümüz də təmin edildi. Qarabağın incisi Şuşa düşmən işğalından azad edildi. Status-kvo da, Dağlıq Qarabağın statusu məsələsi də birdəfəlik gündəmdən çıxdı. Hazırda regionda yeni bir situasiya yaranıb. Bu situasiyada diktə edən Azərbaycan tərəfidir və onun Prezidentidir.
İndi Qarabağda böyük tikinti, bərpa və abadlıq işlərinə başlanıb. Bu işləri müəyyənləşdirən və onlara birbaşa nəzarət edən də Prezident İlham Əliyevdir. Bir müddət keçəcək Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Təəssif ki, Azərbaycanımızın uğurlarına sevinməyən, Ali Baş Komandan İlham Əliyevin və ordumuzun möhtəşəm qələbəsinə kölgə salmağa çalışan, müxtəlif ölkələrdə özlərinə sığınacaq taparaq Azərbaycan əleyhinə əks-təbliğat aparan milli satqınlar, muzdlu nökərlər də var. Lakin onlar hər gün dəridən-qabıqdan çıxaraq öz çirkin təbliğatlarını aparsalar da, karvan öz yolunda, sarvan öz işindədir...
Bu yaz Qarabağda bir başqa yaz olacaq. Nəhayət, 30 il öz doğmalarına həsrət qalan “Xarı Bülbül” festivalı Cıdır düzündə şəhidlərimizin ruhları kimi boy verəcək. Şəhid qanından suvarılmış Qarabağ torpağında al lalələr bitəcək. Zaman keçəcək, bəstəkarlarımız bu qələbəyə həsr olunmuş və əsrlər boyu səslənəcək möhtəşəm qələbə mahnısını, ən gözəl əsərlərini bu qələbəyə həsr edəcəklər. 30 illik mübarizəni, danışıqlar prosesini, müharibə dəhşətlərini özündə əks etdirən ən möhtəşəm sənədli və bədii filmlər bu qəhrəmanlıqdan bəhs edəcək. Yazıçılarımız, şairlərimiz ən gözəl əsərlərini bu qələbəyə həsr olunacaq. Eyni zamanda, əminəm ki, işağldan azad edilən Ağdamda, Cəbrayılda, Füzulidə, Xocavənddə, Kəlbəcərdə, Qubadlıda, Laçında, Zəngilanda, nəhayət Şuşada müharibə səhnələrini əks etdirən sənət əsərləri və abidələr qurulacaq...
Və heç şübhəsiz ki, həmin əsərlərin Baş Qəhrəmanı bu zəfərin əldə edilməsi üçün 17 il fasiləsiz çalışmış və möhtəşəm qələbəmizin müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq.
Ramiz Göyüşov
YAP Binəqədi rayon təşkilatının sədri
- Oxunub: 2160 |
- Tarix: 19-02-2021 |
-
Çap et |