Azərbaycan Dağlıq Qarabağ münaqişəsini öz milli güc resursları, hərbi-siyasi qüdrəti ilə həll edərək tarix yazdı və tarixi ədalətin bərpasına müvəffəq oldu. Bu, heç şübhəsiz, dünya azərbaycanlılarının, Azərbaycansevərlərin və haqq-ədalət tərəfdarlarının böyük sevinc və qürurla qarşıladığı möhtəşəm nailiyyət - unudulmaz zəfərdir. Təbii ki, Azərbaycanın yaratdığı reallıqlar təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün mühüm dividendlər vəd edir, bölgədə qarşılıqlı faydalı əməkdaşlıq, rifah və tərəqqi üçün əlverişli zəmin yaradır. Belə olan halda, yeni situasiya beynəlxalq səviyyədə də müsbət qiymətləndirilir, ekspert və araşdırma mərkəzləri nikbin proqnozlar ifadə edirlər.
Əlbəttə, ermənipərəst dairələr, erməni lobbisi, revanşist düşüncələrlə alışıb-yananlar Ermənistanın sarsıdıcı məğlubiyyətindən, Azərbaycanın “dəmir yumruq” hesabına yaratdığı gerçəklikdən məmnun deyillər. Lakin tarixi ədalətin bərpasını həzm edə bilməyən başqa bir qruplaşma da var: bunlar ölkəmizdəki radikal müxalifət düşərgəsi, onların xaricdəki marginal uzantıları, bir sözlə, “beşinci kolon”dur. Ermənipərəst dairələrlə sinxron hərəkət edən bu fürsətbaz və siyasətbaz antimilli ünsürlər “müqəddəs missiya”larını yerinə yetirirlər: bu, davamlı olaraq sosial şəbəkələrdə qara piar kampaniyası aparmaqdır. Özü də, Azərbaycan xalqına və dövlətinə qarşı...
Məsələn, xaricdən maliyyələşən və ermənipərəst dairələrin ruporu olaraq çıxış edən “Osmanqızı TV”, “Azərbaycan saatı” kimi təxribatçı internet resursları sözügedən məsələlərlə bağlı yalan istehsalı ilə məşğuldurlar. “Qərəz bumu”nun yaşandığı bu kanallarda təşkil olunan “virtual teatr tamaşaları”nda “siyasi aktyorluq” edən “ekspert-fiqur”lar Azərbaycanın tarixi qələbəsinin üzərinə kölgə salmaq - reallıqları təhrif etmək üçün özlərinin də qətiyyən inanmadıqları 1001 yalan uydurmaqdan usanmırlar. Sosial şəbəkələrin erməni seqmentini xatırladan bu resurslarda bəhs olunan dezinformatorların faktsız-arqumentsiz təkrarladıqları əsas cəfəngiyyat Azərbaycanın qələbəsinin guya “natamam-yarımçıq” olmasıdır. Və ya özünü antimilli şuranın “siyasi ağsaqqal”ı obrazında ictimai rəyə təqdim edən Cəmil Həsənli “həftə səkkiz, mən doqquz” sosial şəbəkələrdə canlı yayımda erməni lobbisinin “danışan dili”nə çevrilərək sırf ölkəmizdəki milli həmrəyliyi hədəfə almağa çalışır. Yaxud adı ictimai rəydə xəyanət və satqınlıq ilə assosiasiya olunan, özünü “sosial medianın siyasi fenomeni” olaraq görən, “blogger-siyasətçi” qiyafəsinə bürünən Əli Kərimlinin erməni revanşistlərin tezislərini təkrarlamaqla “həyəcan təbili” çalmağa çalışması reallıqdır. Görünür, o dövlətin gücünün və xalqın birliyinin rəmzi olan “dəmir yumruğun” erməni faşizminin belini qırmasından - başını əzməsindən çox məyusdur...
Beləliklə, sadalanan antimilli ünsürlər anti-Azərbaycan dairələrin tezisləri əsasında sosial şəbəkələrdə informasiya təxribatı törətməyə, ictimai rəyi yanıltmağa çalışsalar da, nə onların bu cəhdi baş tutur, nə də reallıqlar dəyişir. Özləri və xidmət etdikləri dairələr də yaxşı bilirlər ki, möhtəşəm qələbə qazanan Azərbaycanın qarşısında yeni tərəqqi dövrü dayanır. İşğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi, regionda yeni əməkdaşlıq platformalarının yaradılması və digər amillər strateji əhəmiyyət daşıyır, Azərbaycanın milli qüdrətinin artmasına xidmət edir. Bu aşkar reallığın fonunda “beşinci kolon”un uğursuz qara piar kampaniyası isə çox cılız görünür.
- Oxunub: 3540 |
- Tarix: 19-02-2021 |
-
Çap et |