44 günlük Vətən müharibəsində qazanılan qələbə regionda yeni siyasi reallıqlar yaratmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını da şərtləndirdi. Vurğulamaq lazımdır ki, qələbədən ötən bir neçə ayda dövlətimiz işğaldan azad edilmiş torpaqlarımızda bərpa-yenidənqurma işlərinin sürətləndirilməsi, 30 ilə yaxındır ki, məcburi köçkün həyatı yaşayan vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması üçün yeni infrastrukturun qurulması yönündə mühüm addımlar atmaqdadır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sırasında işğaldan azad edilmiş torpaqlarımızın yenidən dirçəldilməsi, davamlı yaşayışın təmini və böyük qayıdışın yer alması isə bir daha Azərbaycan dövlətinin bu torpaqlarda təhlükəsizliyin təmin olunması və rayonlarımızın dirçəldilməsi yönündəki qətiyyətindən xəbər verir.
Amma deyəsən, Azərbaycan dövlətinin bərpa-quruculuq yönündə belə bir çoxşaxəli proqramla çıxış etməsi erməniləri və onlara havadarlıq edən bəzi xarici mərkəzləri narahat etməkdədir. Belə ki, min bir yalanla Azərbaycanın qələbəsinə kölgə salmağa çalışan, genişmiqyaslı yenidənqurma işlərini arxa plana keçirməyə cəhd göstərən xaricdəki ermənipərəst mərkəzlər və onların əlaltıları son günlər istər sosial şəbəkələrdə, istərsə də digər internet resurslarında “fəallıqlarını” artırırıblar. Təbii ki, hər zaman Azərbaycanın milli maraqlarına qarşı düşmən mövqeyi sərgiləyən, uğurlarımıza sevinməyən, əksinə ölkəmizə qarşı aparılan antimilli kampaniyaların “fəal təbliğatçısı” qismində çıxış edən radikal müxalifət düşərgəsi də ermənilərlə analoji mövqeyi paylaşmaqdadır. Bunun nəticəsidir ki, həm ölkə daxilindəki radikal müxalifət, həm də onların xaricdə şəbəkələşmiş uzantıları ermənipərəst tezislərinin təbliğatçısı rolunda çıxış edir.
Məsələn, AXCP sədri Əli Kərimli artıq bir neçə müddətdir ki, sosial şəbəkələrdə məhz Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınmasına xidmət göstərən fəaliyyət nümayiş etdirməkdədir. Son günlərdə antimilli fəaliyyətini daha da aktivləşdirən AXCP sədri sırf erməni yalanlarının təbliği ilə məşğuldur. Qısa müqayisə aparsaq, onun paylaşımlarının məğzi ilə ölkəmizə qarşı olan ermənipərəst mərkəzlərin tezisləri arasındakı eyniliyi görmək çətin olmaz. Bu isə onun ermənipərəst mərkəzlərdən yeni sifarişlər aldığını təsdiqləyir. Nəticə etibarilə isə, Vətən müharibəsinin dövründə özünü siyasi qüvvələrin milli həmrəyliyindən kənarda saxlayan, müharibənin başa çatmasının ardından isə mütəmadi olaraq ermənipərəst mərkəzlərin sifarişləri əsasında qələbəmizə qarşı qarayaxma kampaniyaları həyata keçirən Əli Kərimli bununla özünü ifşa etmiş oldu. Necə ola bilər ki, son günlər məhz ermənilərin sosial şəbəkələrdə yaymağa çalışdıqları yeni yalanlar Əli Kərimlinin “yeni tezisləri” ilə eynilik təşkil edir? Demək ki, göstəriş eyni ünvandan alınır. Bu isə xəyanətkar ünsürlərin antimilli fəaliyyətlərini davam etdirdiyindən xəbər verir.
Amma Əli Kərimli unutmamalıdır ki, istər qoltuğuna sığınmağa çalışdığı xarici antiazərbaycançı mərkəzlərin, istərsə də onların yerli “canişinliyini” həyata keçirən xəyanətkar şəbəkənin kimliyi Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. Xalqımız sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən Vətən müharibəsində bir daha hər kəsin əsl iç üzünü görmüş oldu. Belə çətin bir məqamda dövlətinin, millətinin yanında yer almayan radikal ünsürlərin xainliyi, fürsətçilliyi xalqımız tərəfindən heç bir zaman unudulmayacaq...
Pərviz SADAYOĞLU
- Oxunub: 3600 |
- Tarix: 19-02-2021 |
-
Çap et |