Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri daim əhəmiyyət daşıyan hadisələrlə əlamətdar olmuşdur. Bu dəfəki səfər də qanunauyğunluğu pozmadı və həyata keçirilmiş ilkin infrastruktur layihələrinin açılışının və təməlqoyma mərasimlərinin keçirilməsi ilə əlamətdar oldu. Bu mərasimləri Böyük Qayıdışın qətiyyətli adımları da adlandırmaq olar. Məlumat üçün bildirək ki, ölkə başçısı səfər zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu, Güləbird Su Elektrik Stansiyasının açılışını etdi və Bəsitçay Dövlət Təbiət Qoruğuna baş çəkdi. Cənab Prezident səfər zaman bildirdi ki, torpaqların bərpası prosesi artıq başlamışdır. Dağılmış bütün kəndlər bərpa ediləcək. Qarabağ cənnətə çevriləcək.
Səfər çərçivəsində ölkə başçısının ilk dayancağı Füzuli rayonu oldu. Burada dövlətimizin başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Əminliklə deyə bilərik ki, bu layihə olduqca əhəmiyyətli və vacibdir. Ən azından ona görə ki, bu nəqliyyat infrastrukturu Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasında əhəmiyyətli rol oynayacaq. Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyətdir. Məhz Azərbaycan Prezidentinin təkidi ilə əvvəllər sülh danışıqlarında nəzərdə tutulmayan Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq. Bununla da Naxçıvan həm blokadadan çıxarılacaq, həm də, yeni nəqliyyat damarı yaradılacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşəcək. Belə bir yeni nəqliyyat dəhlizinin yaradılması regionda mühüm hadisədir və region ölkələrinin əməkdaşlığını daha da gücləndirəcək. Bununla bağlı ölkə başçısı demişdir: “Bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır. ....... Bölgə ölkələri bu yolun tikintisinə də böyük maraqla yanaşırlar. Demək olar ki, bizim bölgəmizdə yerləşən ölkələr bu layihəyə öz müsbət qiymətini vermişlər”.
Prezident İlham Əliyev səfər çərçivəsində Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının da açılışında iştirak etdi. “Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyası inşa edilib. Ölkə başçısı çıxışı zamanı bildirmişdir ki, mənfur düşmən işğal dövründə bu stansiyalardan istifadə edib. Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində bütün bu su elektrik stansiyalarını darmadağın edib, avadanlığı buradan çıxarıb, stansiyaların binalarını dağıdıb. O cümlədən Güləbird Su Elektrik Stansiyasının da. Ancaq verilən tapşırıqlar nəticəsində qısa müddət ərzində Güləbird Su Elektrik Stansiyasının açılışı qeyd edilir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Qarabağın bərpası ilə bağlı böyük, möhtəşəm proqramlar haqqında məlumat verməklə bərabər, həm də düşmənə də xəbərdarlıq mesajları göndərdi. Sitat “...bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb”. Bəli, ermənilər Azərbaycanın “Dəmir Yumruğ”unun gücünü heç vaxt unutmamalıdır və bilməlidir ki, onların ikinci belə bir cəhdində “Dəmir Yumruq” bu dəfə daha sərt və qətiyyətli şəkildə onların belini qıracaq. Onlar daim xatırlamalıdırlar ki, biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik. Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa və Laçın, Kəlbəcər, Ağdam rayonlarını qaytarmağa məcbur oldu. Bu reallıqlar onların biabrçı tarixində daim xüsusi yerə malik olmalı və sonrakı nəsillər də bundan dərs çıxarılmalıdır.
Daha sonra dövlət başçımız Laçının işğal altına düşməsinin bizim üçün böyük faciə və strateji məğlubiyyət olduğunu bildirdi və əlavə etdi ki, Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Dövlət başçısı qətiyyətlə vurğuladı ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. Bəli, həmin dövrdə AXCP-Müsavat qruplaşmasının yarıtmaz fəaliyyəti ölkəmizi uçuruma apardı. Hakimiyyətdə olanlar yalnız öz mənafeləri üçün çalışdı. Ölkədə sabitlik pozuldu, vətəndaş müharibəsi başladı. Cəmi 1 il ərzində AXCP-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Azərbaycan xalqı bu tarixi, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır!. 1992-1993-cü illərdə AXC-Müsavat cütlüyünün satdığı torpaqları bugün biz döyüşürək azad etmişik.Torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi cənab İlham Əliyev bugün o torpaqları ziyarət edir, o torpaqlarda bayrağımızı qaldırır və infrastruktur layihələrinin əsasını qoyur. Buna görə də 44 günlük Vətən Müharibəsi bizim tarixi Qələbəmizdir. Bu qələbə ilə biz tarixi ədaləti bərpa etdik, öz haqlarımızı bərpa etdik, şəhidlərimizin qanını aldıq, düşməndən qisas aldıq və qayıtdıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
İşğal altında olan Qarabağdan fərqli olaraq bundan sonra görülən işlər nəticəsində Qarabağ Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında cənnət məkana çevriləcək!
Loğman Müslümov
Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müavini (dini qurumlarla işin təşkilatçısı)
- Oxunub: 3810 |
- Tarix: 18-02-2021 |
-
Çap et |