Prezident İlham Əliyev: Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə çalan, düşməni diz çökdürərək özünün ərazi bütövlüyünü və tarixi ədaləti təmin edən Azərbaycan işğaldan azad olunan torpaqlarda həyatı canlandırmağı, şəhər və kəndlərimizi dirçəltməyi strateji vəzifə kimi qarşıya qoyub. Şübhəsiz ki, bərpa işləri yeni yanaşmalar, “yaşıl enerji”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları tətbiq edilməklə planlı şəkildə və ən yüksək səviyyədə aparılacaq. Yeri gəlmişkən, müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərin bərpasına artıq start verilib. Belə ki, yerli və dost ölkələrdən cəlb olunan şirkətlər ayrı-ayrı ünvanlarda bir sıra infrastruktur layihələrinin icrasını uğurla davam etdirirlər. Prezident İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən daha bir neçə təməlqoyma və açılış mərasimlərinə qatılaraq çox mühüm fikirlər səsləndirib. Dövlətimizin başçısı həmin tədbirlərdə ölkəmizin işğaldan azad edilən ərazilərdə bərpa planlarının kifayət qədər böyük olduğunu bildirib. Bəhs olunan səfər çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə, həmçinin Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub. Əlbəttə, bu, həm ölkəmiz üçün, həm də region üçün bir sıra nöqteyi-nəzərdən strateji önəm daşıyan layihədir.
İşğaldan azad edilmiş ərazilərə gediş-gəliş və yüklərin daşınması asanlaşacaq, Naxçıvanın blokadasına son qoyulacaq
Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması regionda yeni reallıqlar yaradıb. Hazırda yeni regional konfiqurasiyanın formalaşmasında Azərbaycan həlledici söz sahibidir. Regionda nəqliyyat kommunikasiyalarının bərpasını və Naxçıvanla ölkəmizin əsas hissəsini birləşdirən dəmir yolu xəttinin inşasını da qalib Azərbaycan təkid edib. Bu məsələlər ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda təsbit olunub. Sözügedən sənədin 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Sənəddə o da qeyd olunub ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Eyni zamanda, cari il yanvarın 11-də Moskvada imzalanan yeni üçtərəfli Bəyanat tərəflərin noyabrın 10-da imzalanan sənədin müddəalarına sadiq qaldıqlarını bir daha təsdiqlədi. Moskvada imzalanmış sənəddə əksini tapmış ən mühüm məsələ 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısı və reallaşdırılması qrafikinin hazırlanmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin yaradılması, Naxçıvanın blokadadan çıxarılması, həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm əhəmiyyət daşıyan nəqliyyat-kommunikasiya imkanlarının reallığa çevrilməsi, yeni nəqliyyat platformasının yaradılması istiqamətində əhəmiyyətli addımdır. Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən dəhliz özündə dəmir yolu və avtomobil yolu kimi iki mühüm komponenti birləşdirir. Razılaşmaya əsasən, qarşıdan gələn iki il ərzində Horadiz-Ağbənd istiqamətində yeni dəmir yolunun çəkilməsi nəzərdə tutulub.
Məsuliyyətli dövlət olan Azərbaycan bəhs olunan sənədlərdə əksini tapan müddəaların ona aid olan öhdəliklərinin icrasına başlayıb. Dövlət başçımızın iştirakı ilə təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xətti, ilk növbədə, respublikamız üçün böyük strateji önəm daşıyır. Yeni nəqliyyat bağlantısı işğaldan azad edilmiş ərazilərə ölkənin digər bölgələrindən vətəndaşların gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda, bərpa və ondan sonrakı dövrdə bu ərazilərə yüklərin tez və ucuz çatdırılmasına yeni imkanlar yaranacaq.
Qeyd etdiyimiz kimi, Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında birbaşa bağlantı yaradılması baxımından da mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində qalmışdı. Təbii ki, kommunikasiyaların bərpası, o cümlədən Horadiz-Ağbənd dəmir yolunun inşası ilə muxtar respublikanın blokadasına son qoyulacaq. Laçın rayonunun işğaldan azad olunan Güləbird kəndində Azərbaycan bayrağını qaldıran və çıxış edən dövlətimizin başçısı yeni kommunikasiya xəttinin önəmli cəhətlərinə diqqət çəkərək vurğulayıb ki, bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. “Bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycanın tranzit imkanları daha da genişlənəcək
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycanın böyük həcmlərdə investisiyalar yönəldərək reallaşdırdığı kommunikasiya layihələri ölkəmizin tranzit imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yaradılan yeni dəmir yolu bağlantıları ölkəmizin geosiyasi əhəmiyyətini, iqtisadi gücünü artırır. Respublikamız perspektivdə etibarlı tranzit ölkəsi kimi bundan daha böyük maliyyə gəlirləri əldə edəcək.
Qeyd edək ki, indiyədək respublikamızın fəal təşəbbüsləri ilə bütövlükdə Avrasiya regionunun nəqliyyat xəritəsinin yenilənməsini hədəfləyən çoxsaylı layihələr reallaşdırılıb. Bu gün respublikamızın ərazisindən həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri keçir. Respublikamız son illərdə yol-nəqliyyat infrastrukturuna böyük həcmlərdə investisiyalar yönəltməklə hər iki nəqliyyat dəhlizinin funksionallığının artmasına sanballı töhfələr verib. Ölkəmiz, həmçinin liderlik keyfiyyəti nümayiş etdirərək Ələtdə Xəzər dənizində ən böyük limanın inşasına nail olub. Azərbaycan bu imkanları təqdim etməklə region dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Yuxarıda bəhs olunan sənədlərə uyğun olaraq regionda bütün kommunikasiyaların açılması ilə Azərbaycanın tranzit imkanları daha da genişlənəcək.
Horadiz-Ağbənd dəmir yolu xətti regionda sabitlik, etimad və əməkdaşlıq mühitinin yaranmasında mühüm rol oynayacaq
Bunlarla yanaşı, yeni əməkdaşlıq konfiqurasiyasının yaradılması və onun funksionallığının təmin edilməsi Cənubi Qafqazda sabitliyin mühüm şərtlərindən biridir. Azərbaycan da məhz bu mövqedən çıxış edir. Bu xüsusda fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: “Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.
Vurğulandığı kimi, perspektivdə bəhs olunan dəmir yolu infrastrukturu Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Xatırladaq ki, üç il yarım bundan əvvəl Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib. BTQ-nin inşası ilə tarixdə ilk dəfə Azərbaycan və Türkiyə dəmir yolu xətti ilə birləşdi. Artıq iki qardaş ölkə arasında ikinci dəmir yolunun çəkilməsinin əsası qoyulub. Beləliklə, Bakı-Tbilisi-Qars dəmir yolundan sonra bölgədə ikinci dəmir yolunun çəkilməsi çox mühüm strateji əhəmiyyətə malikdir. Dövlətimizin başçısının vurğuladığı kimi: “Bölgə ölkələri bu yolun tikintisinə də böyük maraqla yanaşırlar. Demək olar ki, bizim bölgəmizdə yerləşən ölkələr bu layihəyə öz müsbət qiymətini vermişlər”.
Digər tərəfdən, son üç onillik ərzində Ermənistanın işğalçılıq siyasəti bu ölkənin özünə heç bir fayda gətirməyib. Əksinə, işğalçı dövlət bütün regional enerji və nəqliyyat layihələrindən kənarda qalıb, dalan ölkəyə çevrilib və investisiya cəlbediciliyini tamam itirib. Ermənistan revanşist cəhdlərindən əl çəkməklə yeni nəqliyyat kommunikasiyasının üstünlüklərindən bəhrələnə və düşdüyü dalan vəziyyətindən çıxa bilər. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcəklər.
Mübariz ABDULLAYEV
- Oxunub: 4350 |
- Tarix: 18-02-2021 |
-
Çap et |