“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Qeyd edək ki, vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronoVAC” peyvəndindən istifadə olunur. Yeri gəlmişkən, nüfuzlu tibb jurnalı olan “The Lancet” Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” peyvəndi haqqında geniş məqalə yayaraq bu vaksinin effektiv olduğunu və heç bir təhlükəsinin olmadığını diqqətə çatdırıb.
Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Xatirə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, COVID-19 infeksiyasına yoluxmamaq üçün peyvənd vurdurmaq ən etibarlı vasitədir: “Sağlamlığımız naminə, həm özümüzü, həm də ətrafımızdakıları təhlükə ilə üz-üzə qoymamaq üçün peyvənd olunaq. Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” peyvəndi isə sınaqlardan uğurla keçmiş və effektivliyi yüksək olan vaksindir. Həkimlərin və tibb işçilərinin birincilər sırasında peyvənd olunmağının bir rəmzi mənası da var. Bu həm də şəxsi nümunə xarakteri daşıyır”.
Mütəxəssis vurğulayıb ki, digər tərəfdən, vaksin vurduranlar arxayınlaşmamalı, qoruyucu vasitələrdən, gigiyena qaydalarından imtina etməməlidirlər. Vaksinasiyadan kənarda qalanları nəzərə alaraq pandemiya bitənədək tibbi maska taxılmalı, gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə prinsipi gözlənilməlidir: “Qeyd etdiyim kimi, pandemiya elə bir təhlükədir ki, ondan xilas olmağın yeganə yolu budur. Ona görə də peyvənd olunmağın alternativi yoxdur. Əvvəla, bununla özümüzü, ilk növbədə, yoluxmaq təhlükəsindən qoruyuruq, yoluxacağımız təqdirdə isə, onun yüngül keçməsini təmin etmiş oluruq. Bir sözlə, heç bir tərəddüd etmədən peyvənd olunmaq lazımdır”.
MÜŞFİQƏ
- Oxunub: 3210 |
- Tarix: 18-02-2021 |
-
Çap et |