Prezident İlham Əliyev: Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik
Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazanaraq işğalçı Ermənistanı tam kapitulyasiyaya məruz qoydu. 44 günlük müharibədə Ordumuz düşməni diz çökdürdü, onun hərbi birləşmələrini və canlı qüvvəsini darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu şanlı qələbə dövlətimizin gücünü, qüdrətini, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi.
İndi isə qarşıda ölkəmizi, xalqımızı Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası, o yerlərə Böyük Qayıdış, məskunlaşma üçün zəruri şərait yaradılması kimi mühüm vəzifələr gözləyir. Düşmən üç onillik ərzində işğal altında saxladığı torpaqlarımızda ağlasığmaz vandalizm əməlləri törədərək bir vaxtlar çiçəklənən şəhər və kəndlərimizi dağıdıb, təbii sərvətlərimizi amansızcasına istismar edib. Azərbaycan isə işğaldan azad edilən torpaqlara əsl sahiblik hissi nümayiş etdirir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Yol boyunca işğaldan azad edilən yaşayış məntəqələrimiz barədə danışan Prezident İlham Əliyev bildirib ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Laçın rayonunun işğaldan azad olunan Güləbird kəndində Azərbaycan bayrağını qaldıran və çıxış edən dövlətimizin başçısı vurğulayıb: “Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz”.
Azərbaycanın işğaldan azad edilən ərazilərdə böyük bərpa planları var
Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad edilən ərazilərimizdə ilk bərpa layihələrinin icrasına başlanılıb. Reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Nəzərdə tutulan bütün işlər planlı şəkildə həyata keçiriləcək. İlkin mərhələdə ərazilərin minalardan təmizlənməsi istiqamətində intensiv iş aparılır. Məlum olduğu kimi, düşmən üç onillik ərzində öz nəzarəti altında saxladığı ərazilərdə çoxlu sayda mina basdırıb və minalanmış ərazilərin xəritəsini vermir. Hazırda minalardan təmizlənən ərazilərdə infrastruktur layihələri həyata keçirilir. İşğaldan azad olunan torpaqlarımızda bərpa işlərinə başlanılmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev “Bizim böyük planlarımız var. Biz bərpa işlərinə start verdik. Çalışacağıq ki, minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatsın, dəymiş ziyanın qiymətləndirilməsi aparılsın və bununla paralel olaraq, artıq infrastruktur layihələrinə start verildi”, - deyə vurğulayıb.
Hazırda Füzuli rayonundan Şuşaya yolun çəkilməsi davam etdirilir. Bəhs olunan yolun inşasında Vətən müharibəsində ölkəmizə yüksək mənəvi və siyasi dəstək verən qardaş Türkiyənin şirkətləri fəal iştirak edirlər. Qısa müddətdə Şuşaya içməli su çəkilib. Şəhərə alternativ mənbələrdən suyun çəkilməsi istiqamətində də işlər aparılır. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Şuşaya elektrik enerjisinin verilməsi təmin olunub. “Azərenerji” də şəhəri dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün yüksəkgərginlikli xətlər çəkir və elektrik yarımstansiyasının inşasını həyata keçirir. Prezident İlham Əliyev bir qədər bundan əvvəl işğaldan azad edilmiş ərazilərə növbəti səfəri çərçivəsində Füzulidə beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirak etmişdi. Hazırda bəhs olunan hava limanının inşası intensiv şəkildə davam etdirilir.
Onu da qeyd edək ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarını həyata keçirmək niyyətindədir. Birinci belə layihə Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılacaq. Dövlət başçısının iştirakı ilə layihənin icrasına start verilib. Kənddə layihənin icrası əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.
İşğaldan azad edilən ərazilərdə Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına da start verilib. Məlumat üçün bildirək ki, bəhs olunan qoruq 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Erməni qəsbkarlar işğal altında saxladıqları dövrdə digər ərazilərdə olduğu kimi, Bəsitçay qoruğunda da ekoloji terror törədiblər. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub. Bəhs olunan səfər çərçivəsində dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Əliyeva Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə gələrək burada çinar ağacları əkiblər. Sonra dövlətimizin başçısı, birinci xanım və qızları Bəsitçaya balıq buraxıblar.
Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə reallaşdırılacaq nəhəng infrastruktur layihələrindən biri də Horadiz-Ağbənd dəmir yolu xəttinin inşasıdır. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən inşa olunacaq bu dəmir yolunun uzunluğu təxminən 100 kilometrə bərabərdir. Bu dəmir yolu Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında bağlantı yaradacaq. Prezident İlham Əliyev bəhs olunan səfəri çərçivəsində, həmçinin Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Yolun strateji əhəmiyyətindən bəhs edən dövlətimizin başçısı deyib: “Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək”.
Bəhs olunan dəmir yolunun regional əməkdaşlıq baxımından da böyük əhəmiyyəti var. Belə ki, perspektivdə dəmir yolu infrastrukturu Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Xatırladaq ki, üç il yarım bundan əvvəl Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib. BTC-nin inşası ilə tarixdə ilk dəfə Azərbaycan və Türkiyə dəmir yolu xətti ilə birləşdi. Artıq iki qardaş ölkə arasında ikinci dəmir yolunun çəkilməsinin əsası qoyulub. Eyni zamanda, Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcəklər ki, bunun da sayəsində bölgədə müharibə riski azalacaq.
Azad edilmiş bütün torpaqlarda su, Günəş, külək enerjilərindən istifadə ediləcək
Vətən müharibəsində işğaldan azad edilən ərazilərimizdə təbii şərait, zəngin su ehtiyatları elektrik enerjisi istehsalı üçün geniş imkanlar açır. O cümlədən Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir və vaxtilə burada bir sıra stansiyalar fəaliyyət göstərib. Mənfur düşmən işğal dövründə bu stansiyalardan istifadə edib. Eyni zamanda, işğalçı Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində, demək olar ki, bütün bu su elektrik stansiyalarını dağıdıb, avadanlığı buradan çıxarıb, stansiyaların binalarına da ciddi ziyan vurub.
İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayan Azərbaycan, həmçinin düşmən tərəfindən dağıdılmış su elektrik stansiyalarını yenidən qurmaq niyyətindədir. Prezident İlham Əliyev bildirib ki, biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Qeyd edək ki, düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyasının yenidən qurulmasına ehtiyac var. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavatta çatacaq. Azərbaycan, həmçinin “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlib. Sonuncu iki stansiyanın inşası yaxın perspektivdə reallaşacaq. Bu stansiyaların fəaliyyətindən isə respublikamız daha 120 meqavatt generasiya gücü əldə edəcək. Beləliklə, Azərbaycan işğaldan azad olunan ərazilərin mövcud potensialından istifadə etməklə özünün enerji gücünü 240 meqavatt artıracaq ki, bu da kifayət qədər böyük həcmdir. Prezident İlham Əliyev bəhs olunan səfəri çərçivəsində Həkəri çayı üzərində yerləşən 8 meqavatt gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Diqqətçəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, işğaldan azad olunan ərazilərin bərpa olunan enerji potensialı da kifayət qədər böyükdür. Prezident İlham Əliyev bildirib ki, azad edilmiş bütün torpaqlarda su, Günəş, külək enerjilərindən istifadə edəcəyik. “Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı var. Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik”, - deyə dövlətimizin başçısı bildirib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə enerji güclərinin bərpasına dost ölkələrdən olan şirkətlər də cəlb olunacaqlar. Xatırladaq ki, bir qədər bundan əvvəl ölkəmizlə dost İtaliyanın “Ansaldo Energia” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək.
Mübariz ABDULLAYEV
- Oxunub: 3900 |
- Tarix: 17-02-2021 |
-
Çap et |