Yücel Karauz: Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi Çanaqqala savaşı kimi tarixə qızıl hərflərlə yazıldı
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi tarixi Zəfərimizlə başa çatdı. Məlum olduğu kimi, bu müharibə zamanı qardaş Türkiyə bir an belə öz siyasi və mənəvi dəstəyini ölkəmizdən əsirgəmədi. Başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş ölkənin dövlət və hökumət adamları, siyasi partiyalarının liderləri, o cümlədən ayrı-ayrı sahələrin təmsilçiləri yanımızda oldular. Həmin günlərdə verdiyi çoxsaylı müsahibə və açıqlamalarla Azərbaycan Ordusunun haqq savaşına dəstək verənlərdən biri də Türkiyə Cümhuriyyətinin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz idi. Xatırladaq ki, 2011-2013-cü illərdə Azərbaycanda hərbi attaşe kimi fəaliyyət göstərən, 2016-2018-ci illərdə Türkiyənin Milli Müdafiə Nazirliyində baş hərbi məsləhətçi olan Y.Karauz ötən illər ərzində hər zaman ölkəmizin yanında olub. Gələcəkdə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki şücaətindən bəhs edən kitab yazmaq fikrində olan Yücel bəy ötən həftə ölkəmizdə səfərdə olub. Onunla görüşüb istər bu səfərin məqsədi, istərsə də digər məsələlərlə bağlı suallara cavab aldıq.
Öncə ölkəmizə bu dəfəki səfərinin məqsədinə toxunan Yücel Karauz “Azərbaycana bu dəfəki səfərimdə məqsəd həm ADA Universitetində konfransa qatılmaq, həm də Bakı Dövlət Universitetindəki doktorantura işimlə bağlıdır. Doktorantura işimin mövzusu isə “Birinci dünya müharibəsi illərində Azərbaycandakı türk əsirlər”dir. ADA-dakı onlayn kofransda da bildirdiyim kimi, Azərbaycan-Türkiyə qardaşlığının bu günündən danışarkən keçmişi də dərindən araşdırmağımız lazımdır. Eyni zamanda, səfər zamanı bir sıra televiziyalarda qonaq oldum” deyib.
“Yeni Azərbaycan”a özəl müsahibəsində Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə bağlı fikirlərini də çatdıran Y.Karauz öncə “mənim fikrimcə, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi Çanaqqala savaşı kimi tarixə qızıl hərflərlə yazıldı” deyib.
Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbəsinə görə bir türk olaraq qürur duyuram
Onun sözlərinə görə, uzun illər yaşadığımız coğrafiyada istər Azərbaycana, istərsə də Türkiyəyə qarşı qanlı terror aktları törədən ermənilər bölgədə sülh və sabitliyə təhlükə yaradıblar. Eyni zamanda, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan otuz ilə yaxın müddətdə bu işğalçılıq siyasətindən əl çəkməyib: “Azərbaycan ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu siyasət apararaq ermənilərin, Ermənistanın bu cinayətkar əməlləri barədə dünya birliyini yetərincə məlumatlandırdı. Eyni zamanda, istər ötən il iyulun 12-dəki Tovuz təxribatının, istərsə də sentyabrın 27-də düşmənin yeni hücum cəhdlərinin Ermənistanın Azərbaycana qarşı çoxtərəfli təcavüzkar siyasətinin tərkib hissəsi olduğu barədə beynəlxalq aləmə lazımi bilgilər verildi. Bütün bunlarla yanaşı, Azərbaycan Ordusu düşmənə layiqli cavab vermək üçün sentyabrın 27-də əks-hücum əməliyyatlarına başladı. Tarixə Azərbaycanın Vətən müharibəsi kimi düşən bu savaş Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Ermənistanın acınacaqlı məğlubiyyəti ilə nəticələndi”.
“Bir hərbçi kimi Azərbaycan Ordusunun bu tarixi zəfərini necə dəyərləndirirsiniz” sualına gəlincə, Y.Karauz aşağıdakıları bildirib: “Azərbaycan Ordusunun bu Zəfəri heç də təsadüfi deyil. Bunun arxasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti dayanır. Ümumiyyətlə, bəlli olduğu kimi, ordu quruculuğu uzun zaman tələb edir. Amma Azərbaycan bu məsələdə də öz müsbət nümunəsi ilə fərqlənib. Belə ki, Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycan Ordusu texniki təchizat, təlim və tədris, şəxsi heyətin milli-mənəvi ruh yüksəkliyi baxımından qısa zamanda böyük inkişaf yolu keçib. 1990-cı illərin əvvəlində sıfır səviyyəsində olan Azərbaycan Ordusu məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, göstərilən diqqət nəticəsində bu gün mükəmməl Silahlı Qüvvələrə çevrilib və dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu nailiyyətlər həm 2016-cı ilin Aprel döyüşlərində, həm də ötən il Vətən müharibəsində özünü təsdiq etdi. Ön cəbhədə döyüşən general, zabit, gizir və əsgərlər əsl qəhrəmanlıq göstərdilər. Eyni zamanda, Vətən müharibəsi bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu texniki təchizatına, kadr potensialına və hərbçilərin ruh yüksəkliyinə görə böyük və dinamik inkişaf mərhələsi keçib. Azərbaycan Ordusunun bu gücə sahib olmasına, Vətən müharibəsindəki qələbəsinə görə bir türk olaraq qürur duyuram və belə bir müzəffər ordunun yaradılmasına görə Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı ifadə edirəm”.
Y.Karauz bildirib ki, Vətən müharibəsi, həmçinin Azərbaycanda xalq-ordu, xalq-Prezident birliyinin olduğunu bütün dünyaya nümayiş etdirdi: “Ümumiyyətlə, bu Zəfərin dörd mühüm səbəbi var. İlk növbədə, cənab Prezident İlham Əliyev fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin vəsiyyətlərinə uyğun qurmaqla böyük uğurlar qazana bilmişdi. Prezident İlham Əliyev yüksək intellekti, liderlik keyfiyyətləri ilə seçilən, beynəlxalq prosesləri düzgün dəyərləndirə bilən prinsipial və qətiyyətli dövlət başçısıdır. Cənab İlham Əliyev müharibə günlərində sübut etdi ki, O, yenilməz ordu yaratmağı bacardığı kimi, əks-hücum planlarının hazırlanması, döyüş prosesinin idarə olunması sahəsində də böyük biliyə və qətiyyətə sahibdir. Bütün bunlar Azərbaycan xalqında Ali Baş Komandana inamı daha da artırırdı ki, bu da şanlı Qələbənin qazanılmasında ən mühüm amillər sırasındadır. Onu da deyim ki, Vətən müharibəsində Azərbaycan Ordusunun taktiki baxımdan bir dəfə də olsun geri çəkilməməsi dünya hərb tarixində, xüsusilə XXI əsrdə savaş meydanında böyük yenilikdir.
Eyni zamanda, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, üçrəngli bayrağa tükənməz məhəbbət, torpağa və Vətənə bağlılıq birlik və həmrəyliyin təzahürü kimi önə çıxdı. Beləliklə, bəlli oldu ki, Azərbaycan üçrəngli bayrağı, Vətəni və torpağı, həmçinin milli-mənəvi dəyərləri üçün şəhidlik zirvəsinə ucalmağa hazır olan övladlara sahib yenilməz bir ölkədir. İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq”.
Artıq regionda şərtləri Azərbaycan diktə edir
Bu Zəfərin regionda hansı dəyişikliyə səbəb olduğuna gəlincə, Y.Karauz deyib ki, Ermənistanın işğalçılıq siyasətinə və hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsi, eyni zamanda, bölgədəki geosiyasi vəziyyəti də kökündən dəyişdi. Onun sözlərinə görə, bu müharibənin başa çatmasına dair ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat, həmçinin bu il yanvarın 11-də imzalanan Moskva bəyanatı bölgəyə yeni inkişaf vəd edir: “Ermənistanın təcavüzkar siyasəti ucbatından uzun illərdən bəri bölgədə qapalı qalan nəqliyyat dəhlizlərinin açılması tarixi hadisədir. Bölgədə altıtərəfli əməkdaşlıq, siyasi və diplomatik müstəvidə yeni münasibətlərə dair çağırışlar bütün Qafqaza sülh və inkişaf vəd edir. Həmçinin Azərbaycanın Naxçıvan bölgəsi ilə ölkənin əsas hissəsi arasında əlaqələrin qurulması bir tərəfdən 28 illik işğalın sonu deməkdirsə, digər tərəfdən isə böyük bir problemin həll olunmasıdır. Onu da deyim ki, bu, təkcə Azərbaycanla Naxçıvan arasında quru əlaqələrinin bərpası kimi deyil, eyni zamanda, Türkiyənin Türk dünyası, o cümlədən Londonun Pekinlə quru əlaqələrinin qurulması deməkdir”.
Müsahibimiz əlavə edib ki, noyabrın 10-da imzalanan Bəyanatın şərtlərinə əməl etmək Ermənistanın dövlət səviyyəsində üzərinə götürdüyü öhdəlikdir: “Bu öhdəlikdən boyun qaçırmaq, yaxud əldə olunan razılaşmanı bu və ya digər formada pozmaq cəhdi yolverilməzdir. Ümumiyyətlə, mənfi çağırışların və onun yaratdığı risklərin məsuliyyətini Ermənistan daşıyır. Yeri gəlmişkən, deyim ki, yeni fəaliyyətə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin funksiyası, sadəcə, bölgədəki prosesləri müşahidə etməklə yekunlaşmır. Əldə olunan informasiyalarda əksini tapan risklərin dərhal aradan qaldırılması da bu Mərkəzin fəaliyyətinin əsasını təşkil edir. Xüsusilə bölgədə mənfi hal yaradan fəaliyyətlər, terror cəhdləri, qanunsuz silahlı şəxslərin hərəkəti, Azərbaycanın suverenliyinə xələl gətirən bütün məqamlar yolverilməzdir. Bu cür xoşagəlməz hadisələrin baş verməməsi üçün qısa zamanda konkret addımlar atılacaq”.
“Bu gün Ermənistan tərəfi nəzərə almalıdır ki, Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər onun qurtuluşunun yeganə yoludur”, - deyən Y.Karauzun sözlərinə görə, artıq regionda şərtləri Azərbaycan diktə edir: “Azərbaycan artıq yerləşdiyi regionun lideridir və qlobal aktora çevrilmək yolunda inamlı addımlar atır. Türkiyə isə bu gün dünya güclərinin diktə etdiyi siyasəti həyata keçirən ölkə deyil, müstəqil siyasət yürüdən, qlobal güc olan ölkə kimi kosmosa insan göndərmək üçün proqram üzərində işləyir. Bir sözlə, gələcək bizimdir və həm Ermənistan, həm də dünya artıq başa düşdü ki, nə Azərbaycan otuz il öncəki Azərbaycan deyil, nə də Türkiyə”.
Müsahibəsində Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığa dair sualı da cavablandıran keçmiş attaşe “Əslində, mən deyərdim ki, iki qardaş ölkə arasında hərbi əməkdaşlığın əsası 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi ilə qoyulub. Eyni zamanda, Azərbaycan ikinci dəfə dövlət müstəqilliyi əldə etdikdən sonra Türkiyə qardaş Azərbaycana hərbi sahədə, yəni təlim-tədris və hərbi-texniki təchizat istiqamətində lazım olan bütün dəstəyi göstərib. 2013-cü ildən etibarən başlanan birgə hərbi təlimlər isə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da gücləndirilməsinə təkan verib. Fərəhləndirici haldır ki, atılan addımlar, Azərbaycan dövləti tərəfindən ordu quruculuğu istiqamətində görülən işlər öz bəhrəsini verdi və 44 günlük Vətən müharibəsində Azərbaycan öz dəmir yumruğu, Ordusunun gücü ilə tarixi Zəfər qazandı”.
Nadir AZƏRİ
- Oxunub: 4020 |
- Tarix: 17-02-2021 |
-
Çap et |